Əsas Səhifə > Manşet / Sosial > "Bağlarımız quruyur, heyvanları suvarmağa su tapa bilmirik"

"Bağlarımız quruyur, heyvanları suvarmağa su tapa bilmirik"


Bu gün, 09:19

Babək rayonunun bir neçə kəndinin sakinləri yayın ən isti günlərində həm əkin, həm də içməli su çatışmazlığından əziyyət çəkdiklərini bildirirlər. Onların sözlərinə görə, su anbarları dolu olsa da, kəndlərə su az və fasilələrlə verilir.
Sakinlər deyirlər ki, problemlər həm əkin suyunda, həm də içməli su təminatında özünü göstərir. Susuzluqdan ən çox Məzrə, Qaraqala, Kəlbəoruc və Məmmədrza Dizə kəndlərinin əziyyət çəkdiyi bildirilir.
“Gündəlik Naxçıvan”a danışan sakinlərin sözlərinə görə, su çatışmazlığı nəticəsində əkin sahələri quruyur, heyvanları suvarmaq üçün isə hər gün kilometrlərlə yol qət etməli olurlar.
Kənd sakinlərindən biri deyir ki, iki gündən bir verilən su kəndin ehtiyacını ödəmir:
“İki gündən bir gələn su ilə mən kəndli əkin sahəmi necə suvarım? 200 ev olan kənddə bu su heç kimə çatmır. Bağlarımız quruyur, heyvanları suvarmağa su tapa bilmirik. Səhər saat 6-da durub mal-qaranı 4 kilometr uzağa aparırıq. Gündə iki dəfə aparıb-gətirmək 16 kilometr yol edir. İndi hava 37 dərəcədir, günorta isə 43–47 dərəcəyə çatır. Belə istidə nə bağı, nə də heyvanı susuz saxlamaq olar. Bu, normal vəziyyət deyil”.
Şikayətçinin sözlərinə görə, problem su qıtlığı deyil, mövcud su ehtiyatlarının kəndlərə lazımi həcmdə verilməməsidir. O iddia edir ki, su anbarları dolu olsa da, kəndlərə kifayət qədər su buraxılmır:
“Bütün göllər və su anbarları doludur. Vayxır su anbarının nəzarət hissəsindən su axır. Su var, amma kəndlərə verilmir. İnsanları ələ salırlar, əhalinin qürurunu sındırırlar. Su arxlarını da sakinlər özləri təmizləyirlər. Babək rayonuna arxları və bəndləri təmizləmək üçün traktorlar verilib, amma işlətmirlər”.
Sakinlər yalnız əkin suyundan deyil, içməli su problemindən də şikayət edirlər. Onların sözlərinə görə, Babək Rayon İcra Hakimiyyətinin rəhbərliyi kəndlərdə keçirilən səyyar qəbullar zamanı artezian quyularının qazılacağına söz versə də, vədlər indiyədək yerinə yetirilməyib:
“Mart ayında kəndlərdə səyyar qəbul keçirdilər. Dedilər ki, aprel-may aylarında artezian quyuları vurulacaq. Xalxal, Məzrə, Vayxır, Məmmədrza Dizə, Kəlbəoruc və digər kəndlərə söz verildi. Mövsüm bitir, amma hələ də içməli su yoxdur. İnsanlara söz verirlər, sonra yerinə yetirmirlər. Babək rayonu ilə bağlı paylaşılanların çoxu görüntüdür. Nə iş görülür, nə də problem həll olunur”.
Sakinlər Babək Rayon İcra Hakimiyyətindən və aidiyyəti su təsərrüfatı qurumlarından kəndlərə verilən əkin və içməli suyun artırılmasını, artezian quyuları ilə bağlı verilən vədlərin yerinə yetirilməsini və su arxlarının təmizlənməsini tələb edirlər.

Geri qayıt