Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > "1900 manat ödəmişəm, aylardır dişsizəm"

"1900 manat ödəmişəm, aylardır dişsizəm"


Bu gün, 17:07

Keçmiş “Well Dent”, hazırkı adı ilə “Atilla Dent” klinikasında fəaliyyət göstərən stomatoloq Mehmet Əliyevdən şikayət var.

Manset.az-a müraciət edən şikayətçi Əkbər Əliyev bildirir ki, bu ilin fevral ayında dişlərinin düzəldilməsi üçün Mehmet Əliyevə müraciət edib. Onun sözlərinə görə, ilkin mərhələdə müalicə prosesi həkimin qardaşı tərəfindən həyata keçirilib. Lakin sonrakı mərhələdə dişlərin hazırlanması və yerinə qoyulması müxtəlif bəhanələrlə aylarla gecikdirilib.

Şikayətçinin iddiasına əsasən, Mehmet Əliyev müalicə prosesi başa çatmamış ondan ödənişin böyük hissəsini alıb. Əkbər Əliyev bildirir ki, həkimə ayrı-ayrı vaxtlarda 500, 800 və 600 manat olmaqla ümumilikdə 1900 manat ödəyib. Onun sözlərinə görə, bu vəsait müxtəlif səbəblərlə tələb olunub və o da həkimin verdiyi vədlərə inanaraq ödənişləri əvvəlcədən edib.

Şikayətçi deyir ki, Mehmet Əliyev hələ də dişlərini düzəldəcəyini vəd etsə də, artıq bu vədlərə inanmadığı üçün ödədiyi 1900 manatın geri qaytarılmasını tələb edir.

Əkbər Əliyev iddia edir ki, eyni həkim onunla yanaşı, daha bir neçə pasiyenti də oxşar üsulla zərərə salıb.

Məsələ ilə bağlı stomatoloq Mehmet Əliyevin mövqeyini öyrənmək üçün onunla əlaqə saxlamağa çalışdıq. Lakin telefon zənglərimiz cavabsız qaldı.


Geri qayıt