Əsas Səhifə > Manşet / Sosial > Naxçıvan Maliyyə Nazirliyi NƏYƏ NAİL OLMAQ İSTƏYİR?

Naxçıvan Maliyyə Nazirliyi NƏYƏ NAİL OLMAQ İSTƏYİR?


Bu gün, 09:12

Keçən günlərdə məlumat verərək bildirdik ki, Naxçıvan Nazirlər Kabinetinin əməkdaşlarının iki aydan çoxdur maaş ala bilmədiyi bildirilir. Məlumata görə, maaş problemi nazirlərdən tutmuş texniki işçilərə qədər müxtəlif kateqoriyadan olan əməkdaşları əhatə edir.

"DİA-AZ" xatırladır ki, maaşların verilməməsinə səbəb kimi büdcədə vəsait çatışmazlığı göstərilir. Əməkdaşlar isə problemin arxasında vəsait çatışmazlığından çox, şəxsi intriqaların dayandığını iddia edirdilər:
“Bu problemin əsas səbəbkarı yerli Maliyyə Nazirliyidir. Maliyyə naziri də Cabbar Musayev kimi baş nazir postuna namizəd hesab olunurdu. Lakin son nəticədə seçim Cabbar Musayevin üzərində dayandı. İndi isə Maliyyə Nazirliyi müxtəlif yollarla Nazirlər Kabinetinə təzyiq göstərməyə çalışır. Maaşların gecikdirilməsində məqsəd də kabinet daxilində narazılıq yaratmaqdır.
İki yüksək vəzifəli məmur arasındakı intriqanın əziyyətini isə biz - sıravi və texniki işçilər çəkirik. Nazirlər və müavinlər üçün maaşın gecikməsi bəlkə də böyük problem deyil, çünki onların başqa gəlir imkanları var. Amma sürücülər, xadimələr və digər texniki işçilər maaşla dolanır. Hamımızın krediti, borcu, ailə xərcləri var. İki aydan çoxdur maaş ala bilmirik və nə edəcəyimizi bilmirik”.
Qeyd edək ki, məsələ ilə bağlı MR Maliyyə Nazirliyinin sosial şəbəkə hesabına etdiyimiz müraciətə qurum tərəfindən əslində şablon mahiyyətli bir cavab verilib: "Dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikası büdcəsindən maliyyələşən təşkilatlarda bütün xərclərin, xüsusilə də əməkhaqqı və əməyin ödənişi ilə bağlı digər xərclərin icrası büdcə ayırmaları həddində vaxtında və operativ həyata keçirilir...."
Yəni güllük-firavanlıqdır. Lakin "DİA-AZ"ın əldə etdiyi bilgilərdən aydın olur ki, məhz bu xəbər ictimailəşəndən sonra Naxçıvan NK işçiəlirnin maaşlarının verilməsinə başlanılıb, amma hələ də tam olaraq yox...
Bu bir yana... elə bizə Naxçıvan MR Maliyyə Nazirliyi tərəfindən sosial şəbəkə hesabında verilən cavabın özünə belə MR-da çalışan işçilər tərəfindən birmənalı reaksiya verilməyib. Məsələn rəyini yazan Cosqun Eliyev adlı şəxs Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə belə sual edir: "Bəs o zaman (yəni əməkhaqqılar vaxtında verilirsə...) bir müəllim olaraq 11 gün keçməsinə baxmayaraq biz nə üçün məzuniyyət pulumuzu ala bilmirik. Ağzımızı açıb məzuniyyət pulu deyəndə deyirlər ki, biz vermişik... maliyyə nazirliyi vermir pulu..."
Bir sözlə, Naxçıvanda maliyyə nazirliyi ilə bağlı yetərincə narazılıqlar var. Bunun arxasında isə səbəb kimi hansısa maraqlar dayananda...
Məsələ diqqətimizdədir...

Geri qayıt