Əsas Səhifə > Manşet / Gündəm > "Bizi qul kimi işlətmək istəyirlər"

"Bizi qul kimi işlətmək istəyirlər"


Bu gün, 06:08

Naxçıvanda 100-ə yaxın qadın fəhlənin ağır iş şərtlərinə etiraz olaraq işi dayandırdığı bildirilir.
Onlar cəmi bir ay əvvəl açılışı “qadın məşğulluğuna dəstək” kimi təqdim olunan “GB GROUP” MMC-yə məxsus tekstil müəssisəsində çalışırlar.
İşçilər müqavilədə nəzərdə tutulan vaxtdan artıq işlədilməyə məcbur edildiklərini bildirərək kütləvi tətilə başlayıblar.
Adının çəkilməsini istəməyən işçilərdən biri “Gündəlik Naxçıvan”a deyir ki, müəssisə rəhbərliyi onlardan əlavə saatlarda işləməyi tələb edir:
“Bizi qul kimi işlətmək istəyirlər, amma buna boyun əyməyəcəyik. Müqavilədə göstərilən vaxtdan artıq işləməyə məcbur edirlər. Etiraz edəndə isə deyirlər ki, işləməsəniz, sizi işdən çıxarıb yerinizə başqalarını götürəcəyik”.
Fəhlələrin sözlərinə görə, əlavə iş saatlarının ödənişi ilə bağlı da şəffaflıq yoxdur. Onlar iddia edirlər ki, məqsəd işçiləri artıq saatlarda işlədib həmin saatlara görə ayrılan vəsaiti mənimsəməkdir:
“Məqsədləri odur ki, bizi artıq işlədib pul silsinlər. Bizə deyirlər ki, bu göstəriş yuxarıdan gəlib. Müəssisənin müdiri də bildirdi ki, tapşırığı rəhbərlik verib. Biz isə qanunsuz şəkildə artıq işləmək istəmirik”.
Məlumata görə, müəssisənin müdiri işçilərlə görüşərək əlavə iş tələbinin rəhbərliyin tapşırığı olduğunu deyib. Fəhlələr bildirirlər ki, bu göstərişin Naxçıvan rəhbərliyindən, konkret olaraq səlahiyyətli nümayəndədən gəldiyi onlara çatdırılıb.
İşçilər bununla razılaşmayaraq işi dayandırıblar. Onlar problem həll olunmayacağı təqdirdə Ali Məclisin qarşısında da etiraz aksiyası keçirəcəklərini deyirlər.
Rəsmi qurumlar iyunun 30-da həmin müəssisənin açılışını Naxçıvanda qadın məşğulluğunun artırılması, yeni iş yerlərinin yaradılması və özəl sektorun inkişafı kimi təqdim etmişdilər. Cəmi bir ay sonra isə həmin müəssisənin qadın işçilərinin ağır iş şərtlərinə görə tətilə başladığı bildirilir.

Geri qayıt