Əsas Səhifə > Manşet / Cəmiyyət > Qubanın korrupsiya bazarı: Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır?

Qubanın korrupsiya bazarı: Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır?


Dünən, 12:07

Yerli idarəetmə orqanlarının əsas vəzifəsi vətəndaşın rifahını təmin etmək, rayonda sosial-iqtisadi inkişafa təkan vermək olduğu halda, Qubada tamamilə fərqli və acınacaqlı bir mənzərə hökm sürür

Poliqon sosial şəbəkələrdə yayılan məlumatlara əsasən xəbər verir ki, rayon sakinlərinin şikayətləri Quba Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişaf və proqnozlaşdırılması şöbəsinin müdiri Şahin İsrafilovun öz vəzifə səlahiyyətlərini şəxsi maraqlarına tabe etdirdiyini göstərir. Əslən Xaçmazdan olan bu məmurun Qubada yaratdığı dözülməz bürokratik maneələr və qeyri-qanuni tələblər artıq narazılığı pik həddə çatdırıb.

Qeyd edilir ki, Şahin İsrafilovun rəhbərlik etdiyi şöbə kağız üzərində "inkişaf və proqnozlaşdırma" ilə məşğul olsa da, reallıqda o, rayonun "qara kassası" funksiyasını yerinə yetirir. Tikinti sektorunu tamamilə nəzarətə götürən şöbə müdiri, rəsmi dövlət portallarını və qanunları heçə sayaraq öz şəxsi "tarif və rüsumlarını" tətbiq edir. Məlumatlara görə, rayonda baş qaldıran qanunsuzluqların miqyası belədir:

Fərdi yaşayış evləri: İddia olunur ki, sadə vətəndaşın öz torpağında başını soxmağa bir daxma tikməsi və layihənin təsdiqi üçün 2000 manat "haqq" tələb olunur.

Kommersiya obyektləri: İddiaya görə, sahibkarlığın inkişafına dəstək vermək əvəzinə, hər yeni tikilən obyektdən 10 000 manat rüşvət yığılır.

Rəqəmsal korrupsiya: Hətta dövlətin şəffaflıq üçün yaratdığı Şəhərsalma və Tikinti Portalı sisteminə daxil edilən layihələr belə bu məmurun maliyyə süzgəcindən keçməsə, təsdiqini tapa bilmir.

Bildirilir ki, korrupsiya şəbəkəsi təkcə fərdi tikintilərlə bitmir. Rayonun abadlaşdırılması və sosial layihələr üçün ayrılan dövlət vəsaitləri də bu talançılıqdan payını alır. İddialara görə, Qubada udulan tenderlərin düz 20%-i hələ işə başlanılmamışdan öncə birbaşa Şahin İsrafilova çatmalıdır. Bu isə o deməkdir ki, rayonda görülən işlərin keyfiyyəti kökündən kəsilir, dövlət büdcəsi talan edilir.

Maraqlıdır ki, İcra Hakimiyyətinin memarı Murad Qədirov bu iyerarxiyada sadəcə bir "imza funksiyası" yerinə yetirir. Şahin İsrafilovun "yaşıl işıq" yandırmadığı, "haqqı" ödənilməyən heç bir memarlıq layihəsi Murad Qədirov tərəfindən təsdiq edilə bilməz. Baş memar öz peşə prinsiplərini və qanunun tələblərini deyil, şöbə müdirinin korrupsioner tapşırıqlarını icra etməklə məşğuldur.

Məlumatda qeyd edilir ki, Şahin İsrafilovun bu qədər rahat və cəzasız hərəkət etməsinin arxasında rayon rəhbərliyinin ona olan sonsuz etibarı dayanır. Lakin gələn xəbərlər göstərir ki, İsrafilov bu güvəndən sui-istifadə edərək təkcə xalqı yox, öz rəhbərliyini də aldatmağı bacarır. Özünə yaxın və güvəndiyi şəxslər vasitəsilə topladığı külli miqdarda qeyri-qanuni vəsaitləri gizlətməklə, o, əslində rəhbərlikdən də oğurluq edir, özünə gizli maliyyə imperiyası qurur.

Poliqon.info


Geri qayıt