Əsas Səhifə > Manşet / Ölkə > BU BİNA ELƏ BİL BOŞDUR: Rayonun nə yiyəsi var, nə də nəzarət edəni...

BU BİNA ELƏ BİL BOŞDUR: Rayonun nə yiyəsi var, nə də nəzarət edəni...


Bu gün, 10:31

Bakı şəhərinin küçələrində hər gün yeni bir Şəhərsalma "şah əsəri" ilə qarşılaşmağa öyrəşmişik. Amma Nizami rayonu, Şirin Mirzəyev 151 ünvanında, tam oluraq Nizami telefon qovşağı ilə üzbəüz aparılan növbəti özbaşınalıq bütün rekordları qırmağı bacarıb. Sözügedən məkanda ucalan bu tikinti obyekti ölkədə mövcud olan bütün tikinti, təhlükəsizlik və əmək normalarına açıq-aşkar meydan oxuyur. Görəsən, Şirin Mirzəyev küçəsindəki bu mənzərəni görməli olan dövlət qurumları hansı dərin yuxudadırlar? Tikinti sahəsində quraşdırılan nəhəng betonpaylayan maşın Şirin Mirzəyev küçəsindəki iki zolaqlı ictimai avtomobil yolunu və piyada səkilərini tamamilə bağlayıb, hərəkəti iflic edib. Mediatvaz.com xəbər verir ki, bu özbaşınalığa baxanda adamın ağlına ilk olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi gəlir. Hörmətli Komitə rəsmiləri, Nizami telefon qovşağı ilə üzbəüz ucalan bu binaya tikinti icazəsi verərkən, layihənin yerləşdiyi magistral yolun ortasından keçəcəyini planlaşdırmışdınız? Yoxsa şəhərin ortasında nəqliyyatın hərəkətini tamamilə kəsmək sizin yeni şəhərsalma konsepsiyanızın bir hissəsidir?
Digər tərəfdən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəxsi minik avtomobillərinin hər fürsətdə şəklini çəkib, sürücülərə dərhal cərimə göndərməkdə mahirdir. Maşını "əyri saxladın", "yarım metr geridə durdun", "20 santimetr qabağa durdun" və sair kimi gülünc bəhanələrlə sıravi vətəndaşın cibinə girən AYNA, nədənsə Nizami rayonundakı bu dayanacağın düz qarşısında bütöv bir yolun aşkar zəbt edilməsinə göz yumur. Şəxsi maşına milimetrlə cərimə yazan gözlər, yolun ortasını kəsən tonajlı texnikaya gələndə tamamilə qapanır və bir nəfər də olsun çıxıb "gözün üstə qaşın var" demir.Tikinti obyektində texniki təhlükəsizlik qaydaları deyilən bir anlayış ümumiyyətlə yoxdur. Binanın fasadında tikinti tullantılarının piyadaların, yoldan keçən maşınların üzərinə tökülməsinin qarşısını alacaq bir dənə də olsun qoruyucu yaşıl tor quraşdırılmayıb. Bəs bura nəzarət etməli olan Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi hara baxır? FHN-in müfəttişləri Şirin Mirzəyev 151 ünvanındakı bu obyekti görmək üçün yəqin ki, xüsusi optik cihazlar axtarırlar, çünki adi gözlə baxanda bura fəlakət anonsudur! Daha dəhşətlisi isə binanın yuxarı mərtəbələrində heç bir fərdi mühafizə vasitəsi – nə kaska, nə də təhlükəsizlik kəməri olmadan hündürlükdə canını tapşırmağa hazır vəziyyətdə işləyən fəhlələrdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yəqin ki, əmək hüquqlarını və işçilərin təhlükəsizliyini yalnız kağız üzərində qoruyur. İnsan həyatının bu qədər ucuzlaşdırıldığı bir tikinti meydançasına baxıb susmaq, bu qanunsuzluq dalğasına şərik olmaq deməkdir. Və nəhayət, bu tikintinin düz yanından keçən yüksək gərginlikli elektrik xətləri və dayaqları! Tikilən obyekt faktiki olaraq bu xətlərin mühafizə zonasına daxil olub. Bütün bu xaosun yaşandığı ərazinin birbaşa sahibi olan Nizami Rayon İcra Hakimiyyəti isə rayonda hər şeyin "mükəmməl" olduğu görüntüsünü yaratmaqla məşğuldur. Sakinlərin şikayətlərinə, piyadaların gediş-gəlişinin məhdudlaşdırılmasına qarşı icra hakimiyyətinin nümayiş etdirdiyi bu dərin sükut, qanunsuzluğa verilən gizli bir xeyir-duadan başqa bir şey deyil. Məsul qurumların bu laqeydliyi və "görmədim, eşitmədim, bilmirəm" taktikası Bakını tikinti poliqonuna və təhlükə mənbəyinə çevirir. Aidiyyəti olan hər bir dövlət qurumu tərəfindən bu qanunsuzluğa son qoyulacağına və dərhal tədbir görüləcəyinə ümid edirik!


Geri qayıt