Əsas Səhifə > Manşet / Cəmiyyət > Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR...

Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR...


Bu gün, 10:47

Naxçıvanda orta məktəbdə faktiki təhsil almayan şəxslərə rüşvət müqabilində attestat verildiyi iddia olunur. Şikayətçilərin sözlərinə görə, məktəbə davamiyyət göstərməyən, Rusiya və Türkiyədə yaşayan bəzi şəxslərə 9 və 11 illik attestatlar 1000 manata satılır.
Bu haqda “Gündəlik Naxçıvan”a məlumat verən sakinlər bildirirlər ki, məktəbi yarımçıq qoyan və ya Türkiyədə təhsil alıb qayıdan şəxslərin eksternat yolu ilə attestat alması da bəzi hallarda rüşvətə bağlanır.
Onların sözlərinə görə, ödəniş etməyənlərin imtahandan keçirilməsi və attestat alması müxtəlif bəhanələrlə çətinləşdirilir.
Attestat satışı ilə bağlı iddialarda daha çox Şərur və Ordubad rayon təhsil şöbələrinin adı hallanır. Sakinlərin sözlərinə görə, attestat satışı bəzi hallarda sürücülər və məktəb direktorları vasitəsilə həyata keçirilir.
İşsizlik səbəbindən uzun illərdir Türkiyəyə köçən Şərur rayon sakini B. Əlizadə deyir ki, oğlu İstanbuldakı Azərbaycan məktəbində təhsil alıb. Onun sözlərinə görə, oğlunun 11-ci sinfi Şərurda davam etdirməsi və attestat alması üçün ondan rüşvət istəyiblər:
“Bunlar üçün təhsil yox, pul önəmlidir. Təhsil Nazirliyinin qərarına görə, Türkiyədə Azərbaycan dilində təhsil alan şagirdlər son sinfi Naxçıvanda oxuyub attestat ala bilərlər. Lakin yerli nazirlik buna min bəhanə ilə əngəl törədir. Bir tərəfdən də attestat verilməsini açıq bazara çeviriblər.
Şərur Rayon Təhsil Şöbəsinin müdiri isə bu işi sürücüsünə həvalə edib. Deyib ki, adam tap. Övladım Türkiyədə təhsil alıb. 11-ci sinfi Şərurda oxumasını istədim. İmkan vermədilər, bəhanə etdilər ki, yaşı böyükdür. Sonra öyrəndim ki, açıq bazardır. Qohumlardan biri vasitəsilə 1000 manat verdim. Attestatı aldım”.
Adının çəkilməsini istəməyən Ordubad rayon təhsil şöbəsinin əməkdaşı isə deyir ki, rayonda attestatlar əsasən Rusiyada və Türkiyədə yaşayan şəxslərə verilir:
“Təhsil şöbəsində rüşvət hamını boğaza yığıb. Samir Zeynalov xaricdə yaşayan və heç məktəbə gəlməyən uşaqlara attestat verir. Direktorları da bu işə məcbur edir. Söhbət həm 9 illik, həm də 11 illik attestatlardan gedir.
Bu uşaqlar heç məktəbə gəlməyiblər. Sadəcə adları yazılır, guya məktəbdə oxuyublar. Halbuki Rusiya Federasiyasında və Türkiyədə olan uşaqlardır. Onlar attestatı pulla alıb sonra Rusiyada, Türkiyədə ali təhsil alırlar. Bəziləri polisə, hərbiyə işə düzəlirlər. Bu isə bizim üçün faciədir”.
Şikayətçilər aidiyyəti qurumlardan bu iddiaların araşdırılmasını, attestat verilməsi ilə bağlı qanunsuzluqların və rüşvət hallarının qarşısının alınmasını tələb edirlər.

Geri qayıt