Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU...
Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU...Bu gün, 10:56 |
|
Naxçıvan İqtisadiyyat Nazirliyinin 300 min manatlıq maaşı verməmək üçün saxtakarlığa əl atdığı iddia olunur. Söhbət nazirliyin yanında fəaliyyət göstərən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ləğvi prosesindən gedir.
İşçilər iddia edirlər ki, onlar faktiki olaraq işə davam etdikləri halda sonradan qurumun guya bir ay əvvəl ləğv edildiyini öyrəniblər.
Keçmiş əməkdaşların “Gündəlik Naxçıvan”a bildirdiklərinə görə, ləğv qərarının keçmiş tarixlə rəsmiləşdirilməsi maaş borcunu adi əməkhaqqı kimi deyil, ləğvetmə prosesində həll olunacaq məsələ kimi göstərmək məqsədi daşıyıb.
Onlar hesab edirlər ki, bununla həm ödənişlərin gecikdirilməsinə, həm də kompensasiya və digər qanuni tələblərdən yayınmağa çalışılıb:
“Ötən il bizi iclasa yığıb dedilər ki, qurum ləğv olunacaq, gedin özünüzə iş tapın. Amma bundan sonra aylarla rəsmi heç nə edilmədi, 2026-cı il üçün smeta ayrılmadı, yanvar, fevral və mart aylarının maaşları isə ödənilmədi. Maaşlarımızı tələb edəndə yenə eyni cavabı verirdilər: gedin özünüzə iş tapın, maaş da verilmir.
Prezidentə, Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə və digər qurumlara şikayət göndərəndən sonra öyrəndik ki, guya xidmət artıq bir ay əvvəl ləğv olunub. Halbuki biz həmin dövrdə faktiki olaraq işə davam edirdik və maaşlarımızı tələb edirdik. Biz hesab edirik ki, bu, maaş və kompensasiya ödənişlərindən yayınmaq üçün qurulmuş oyundur. 70 nəfərdən çox işçi çalışıb. Bütün 3 aylıq alacaqlar bir yerdə təxminən 300 min manat edir”.
Keçmiş əməkdaşların sözlərinə görə, problem təkcə maaşların ödənilməməsi ilə məhdudlaşmayıb. Onlar bildirirlər ki, ləğv prosesi boyunca işçilərə hüquqlarına uyğun təminat verilməyib, əksinə, onları aşağı maaşlı və ixtisaslarına uyğun olmayan işlərə razı salmağa çalışıblar.
İşçilər bunu real işlə təminat yox, kompensasiya və digər öhdəliklərdən yayınmaq üçün təzyiq vasitəsi hesab edirlər:
“Ləğv prosesi normal aparılsaydı, işçilərin maaşı, kompensasiyası və gələcək iş yeri əvvəlcədən aydınlaşdırılardı. Amma bizə əvvəlki vəzifəmizə, maaşımıza və ixtisasımıza uyğun olmayan işlər təklif etdilər. 1200–1400 manat maaş alan dövlət qulluqçularına 700 manatlıq, qısamüddətli işlər göstərib bunu ‘işlə təminat’ kimi təqdim etmək istəyirdilər.
Əslində məqsəd bizi elə vəziyyətə salmaq idi ki, ya aşağı maaşlı işi qəbul edək, ya da imtina ərizəsi yazıb bütün məsuliyyəti öz üzərimizə götürək. Bu, şəffaf ləğv prosesi deyil, işçiləri hüquqlarından imtinaya məcbur etməkdir”.
Açıq mənbələrə görə, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2026-cı il martın 6-da imzalanmış fərmanla ləğv edilib. Lakin aprelin 29-da Naxçıvan Nazirlər Kabinetinin qərarında həmin qurumun adı əvvəlki sənədlərdən çıxarılıb, onunla bağlı texniki-hüquqi dəyişikliklər edilib.
Bu isə göstərir ki, qurumun ləğvi təkcə bir fərmanla bitməyib, sonradan rəsmi sənədlərdə də uyğunlaşdırma aparılıb.
Keçmiş əməkdaşlar isə sual edirlər: əgər ləğv prosesi qanuni və şəffaf aparılırdısa, onların maaş, kompensasiya və işlə təminat məsələsi niyə əvvəlcədən açıq şəkildə həll olunmayıb?
Geri qayıt |