Əsas Səhifə > Manşet / Gündəm > "Mənim diplomum Kürdəmirdə işləyir, Göyçayda yox?"
"Mənim diplomum Kürdəmirdə işləyir, Göyçayda yox?"Bu gün, 07:25 |
|
"SOCAR və "Azəriqaz"da yeni bir dövr başlayıb. Bu dövrün adı “Etika və Uyğunluq” dövrüdür. Hər yerdə ədalətdən, şəffaflıqdan və bərabər münasibətdən danışılır. Əmrlər verilir, prosedurlar təsdiqlənir, işçilər məlumatlandırılır..." "DİA-AZ" xəbər verir ki, bunu sözügedən qurumun işçisi Daşqın Abbasov öz etiraz dolu müraciətində qeyd edib
O daha sonra müraciətini belə davam etdirir: "Mən də həmin işçilərdən biriyəm. Müharibə veteranıyam. Kürdəmirdə Sayğac Əməliyyatları Xidmətində 11-ci dərəcəli böyük mühəndis vəzifəsində işləyirəm.
Ali təhsilim var. Mühəndis-iqtisadiyyatı və idarəetmə fakültəsini, “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə bitirmişəm. Üstəlik, SOCAR Təlim-Tədris Mərkəzində Sayğac Əməliyyatları Xidməti üzrə mühəndis kursunu da uğurla başa vurmuşam.
İllərdir işləyirəm. Təcrübəm var. Sertifikatım var. Vəzifəm var.
Amma bir problem var.
Mənim diplomum Kürdəmirdə işləyir, Göyçayda isə işləmir.
Göyçay rayonunda hazırda tutduğum vəzifənin eynisi vakantdır. Mən də yaşadığım rayonda işləmək üçün dəfələrlə müraciət etmişəm.
SOCAR-a yazmışam.
Azəriqaza yazmışam.
Rəhbərliyə müraciət etmişəm.
Cavab isə dəyişməyib:
— Təhsil istiqamətiniz vakansiyanın tələblərinə uyğun deyil.
Mən də maraqlanmışam:
— Bəs mən hazırda hansı vəzifədə işləyirəm?
— Böyük mühəndis.
— Neçə ildir?
— Uzun illərdir.
— Bu vəzifəyə uyğunam?
— Bəli.
— Bəs Göyçaydakı eyni vəzifəyə?
— Xeyr.
— Niyə?
— Çünki uyğun deyilsiniz.
Məsələ bununla da bitmir.
Bir müddət əvvəl mənə Ucar rayonu üzrə Sayğac Əməliyyatları Xidmətinin 11-ci dərəcəli böyük mühəndisi vəzifəsi təklif edilmişdi.
Onda vəziyyət daha da maraqlı oldu.
Deməli:
Kürdəmirdə uyğunam.
Ucarda uyğunam.
Amma Göyçayda uyğun deyiləm.
Belə çıxır ki, mənim diplomumun xüsusi GPS sistemi var.
Diplom xəritəyə baxır, rayonu müəyyən edir və qərar verir:
— Ucara gedə bilərsən.
— Kürdəmirdə işləyə bilərsən.
— Amma Göyçaya giriş qadağandır.
Yəqin ki, gələcəkdə xəritələrdə belə qeyd olunacaq:
“Diqqət! Bu ərazidən sonra bəzi diplomların hüquqi qüvvəsi zəifləyir.”
Mən uzun müddət düşünürdüm ki, Azərbaycanda yalnız qazın təzyiqi tənzimlənir.
Məlum oldu ki, diplomların da rayonlar üzrə təzyiq göstəriciləri var.
Göyçaya yaxınlaşdıqca uyğunluq səviyyəsi aşağı düşür.
Ən maraqlısı isə odur ki, həmin vaxtlarda etik davranış, şəffaflıq, bərabər imkanlar və qisas tədbirlərinə qarşı təminatlar haqqında əmrlər dərc edilir.
İşçilərə tapşırılır ki, bu sənədlərlə tanış olsunlar.
Mən də tanış oluram.
Hətta onları dəfələrlə oxumuşam.
Sadəcə, orada bir suala cavab tapa bilmirəm:
Necə olur ki, eyni şəxs eyni diplomla, eyni təcrübə ilə və eyni vəzifədə işləyə-işləyə başqa rayonda həmin vəzifəyə uyğun hesab olunmur?
Bu sualın cavabı yəqin ki, hələ korporativ elmin açılmamış sirlərindən biridir.
Bəzən düşünürəm ki, bəlkə mən vakansiyaya yox, Nobel mükafatına namizədliyimi vermişəm.
Çünki adi bir iş yerinin dəyişdirilməsi üçün elə mürəkkəb meyarlar tətbiq olunur ki, sanki insanı kosmik proqramın rəhbəri təyin edirlər.
Amma yenə də nikbinəm.
Çünki Etika və Uyğunluq üzrə yeni prosedur qəbul olunub.
Deməli, yaxın gələcəkdə mənə izah ediləcək ki, necə olur insan eyni vaxtda həm böyük mühəndis vəzifəsinə uyğun olur, həm də həmin böyük mühəndis vəzifəsinə uyğun olmur.
Bu sualın cavabı tapılan gün yəqin ki, fizika, fəlsəfə, məntiq və idarəetmə elmlərində yeni bir dövr başlayacaq.
Həmin günə qədər isə mən müraciət etməyə davam edirəm.
Onlar isə cavab verməyə davam edirlər.
Beləcə, hər iki tərəf öz vəzifəsini vicdanla yerinə yetirir.
Ədalət isə hələ də ezamiyyətdədir.
Yəqin ki, Göyçay istiqamətində..."
Geri qayıt |