Əsas Səhifə > Manşet / Hadisə > Tanınmış memardan SOS: BUNLAR VANDALDILAR!
Tanınmış memardan SOS: BUNLAR VANDALDILAR!Bu gün, 09:45 |
|
"Eşidirsinizmi, bunlar vandaldılar!" "DİA-AZ" xəbər verir ki, bu etiraz dolu müraciətin müəllifi tanınmış memar Elçin T. Əliyevdir.
Bakının göbəyində... Bayırşəhərdə müşahidə olunan qanunsuz sökhasökə etirazını ifadə edən tanınmış memar daha sonra fikrini belə davam etdirir: "Məgər Şamil Əzizbəyov küçəsi 38 ünvanında yerləşən binanı memarlıq tariximizə hörmətlə, iki əsr əvvəl fasad daşının üzərində sevgi ilə çalışan onlarla naməlum ustanın əməyinə ehtiramla sökmək mümkün deyildimi? Cəmiyyətə, hətta şəhərin gələcək inkişafı ilə bağlı mürəkkəb və birmənalı qarşılanmayan qərar qəbul etmiş rəhbərlərə hörmətlə yanaşmaq olmazdımı? Heç olmasa özünüzə hörmət edin – axı, ay vicdansızlar, bunun üçün sizə pul ödəyirlər!
Sanki ekskavatorla gəlib şəhərin mərkəzindəki tarixi tikilini talan edən, dağıdıb viran qoyan barbarlardır. Və oğurlayacaq heç nə qalmayanda oranı tərk ediblər.
Biz bununla razı olsaq da, olmasaq da, qərar qəbul olunub və şəhər məmurlarına bir vəzifə tapşırılıb: memarlıq abidəsi statusuna malik olmayan tarixi binaların sökülməsi. Elə isə bunu insan kimi edin!
Axı siz vəhşi deyilsiniz! Bahalı kostyumlar geyinirsiniz, insanların yanında burnunuzu qurdalamırsınız, yaxşı davranış qaydalarına maliksiniz, mədəniyyət, musiqi və memarlıq haqqında mülahizələr yürüdür, dövlət qurumlarını təmsil edirsiniz. Bəs onda niyə fəaliyyətinizin nəticəsi basqından sonrakı mənzərəni xatırladır?
Binaların sökülməsinə nəzarət etmək üçün işçi komissiyası yaradın. Ərazini hasarlayın. İşlərin məqsədini izah edən və yaranmış narahatlığa görə üzr istəyən məlumat lövhəsi yerləşdirin. İşlərə başlamazdan əvvəl binanın fotoqrafik sənədləşdirilməsini təşkil edin. İlk növbədə memarlıq detallarını gələcək muzey, arxiv və ya elmi fond üçün diqqətlə sökün və qoruyun. Bunlar sadəcə ən aşkar tədbirlərdir.
Əminəm ki, təsdiq üçün hazırlanmış söküntü smetasında və ayrılmış vəsaitdə hər şey nəzərə alınıb: hətta fəhlələr üçün xaricdən gətirilmiş toztutucu qurğular belə. Üstəlik, siz artıq şişirdilmiş smetalar yazmaq və gözəl albomlar hazırlamaq sahəsində tanınmış ustalarsınız axı!
Mədəniyyət Nazirliyinin rəhbərliyinə daha bir sualım var: məgər bina o qədərmi eybəcər idi ki, onu bərpa edərək qorumaq mümkün deyildi? Məgər onun üzərində memarlıq detalları az idi? Yoxsa hər bir binanın dövlət tərəfindən qorunan obyektlər siyahısına daxil edilməsi üçün sizi maraqlandıracaq ayrıca lobbiçisi olmalıdır?
«Düşünmək üçün beyin lazımdır, insan olmaq üçün isə daha çox» – memarlıq irsinə bu cür münasibət nümunələrinə baxarkən Stanislav Yeji Letsin bu sözlərini xatırlayıram..."
"DİA-AZ" xəbər verir ki, Bayırşəhərdə söküntü işlərinin aparılması üçün Bakı şəhər icra hakimiyyəti yanında xüsusi komissiya yaradılıb və bütün bu proseslərə də Zülfəli adlı şəxs (Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılov) rəhbərlik edir.
Sakinlər bildirir ki, Zülfəli müəllim bu dəfə tariximizi hədəfə alıb ki, aidiyyatı qurumlar buna laqeyd qala bilməz.
Geri qayıt |