Əsas Səhifə > Manşet / Ölkə > Naxçıvanda sakinləri RƏSMƏN QARƏT EDİRLƏR...
Naxçıvanda sakinləri RƏSMƏN QARƏT EDİRLƏR...Bu gün, 10:39 |
|
Naxçıvanda sakinlər kommunal ödənişlərdə fırıldaqla üzləşdiklərini bildirirlər. Onlar qaz və işıq kartlarına yüklədikləri pulun bir hissəsinin xəbərdarlıq edilmədən silindiyini deyirlər.
Bundan əlavə, “sabit tarif”, xidmət haqqı və digər adlarla əhalidən ayda 1 manat deyil, bəzən 2 manat və daha artıq vəsait tutulduğu bildirilir. Şikayətçilərin sözlərinə görə, smart sayğaclara yüklənən məbləğ balansda tam görünmür, mexaniki sayğaclarda isə bəzən ayda bir neçə dəfə qəbz yazılır.
Sakinlərdən Şakir Rüstəmov deyir ki, qaz kartına yüklədiyi məbləğin böyük hissəsi balansda görünməyib:
“Qaz kartına 10 manat yüklədim. Sayğacda əvvəldən 80 qəpik vardı. Normalda balans 10 manat 80 qəpik olmalı idi. Amma 5 manat 70 qəpik göstərdi. Heç bir xəbərdarlıq etmədən 5 manatdan çox pul çıxıblar. Şikayət edəndə də ‘sabit tarifə’ çıxıldığı deyilir. Onlara heç nəyi sübut etmək olmur. Beləcə cibimizdən ruhumuz belə incimədən pulumuzu oğurlayırlar.”
Başqa bir sakin Nurlan Tağıyev də həm qaz, həm də işıq ödənişlərində əlavə tutulmalardan şikayətlənir. Onun sözlərinə görə, maddi vəziyyəti ağır olan ailələr smart karta az-az pul yüklədikcə hər dəfə əlavə məbləğ çıxılır:
“Kommunalların qiyməti onsuz da baha, əhalinin sosial vəziyyəti isə həddindən artıq ağırdır. Sabit tarif hər dəfə ödəniş edəndə çıxılır. Maddi vəziyyətimiz pis olduğu üçün həm işığın, həm də qazın smart kartına gücümüz çatan qədər pul yükləyirik. Ayda 2 dəfə, elə vaxt olur ki, 3 dəfə. Hər dəfəsində müəyyən məbləğ çıxılır. Beləcə insanları aldadırlar.”
Tağıyev bildirir ki, oxşar problem mexaniki sayğaclarda da yaşanır:
“Mexaniki sayğaclar da belədir. Bir neçə dəfə gətirib qəbz qoyurlar. Hər dəfəsində də ‘sabit tarif’ və digər adlarla pul ödəməyə məcbur oluruq. Sistemi elə qurublar ki, abonentlərin çoxu ya bunu fərq etmir, ya da şikayət etməyin əhəmiyyətsiz olduğunu bilib susurlar. Bir az da dərinə gedəndə limiti aşmısınız deyə daha çox yazır, bəhanəsini gətirirlər.”
Sakinlər tutulmaların şəffaf şəkildə izah edilməsini və sistemdəki anlaşılmazlıqlara aydınlıq gətirilməsini tələb edirlər.
"Gündəlik Naxçıvan"
Geri qayıt |