Əsas Səhifə > Manşet / Siyasət > "O qədər pulu bəs nəyə xərcləyiblər?.."

"O qədər pulu bəs nəyə xərcləyiblər?.."


Bu gün, 08:33

"2 aydan çoxdur ki, Elektron Məhkəmə Sistemi “təkmilləşdirilməsi” və buna çəkilmiş böyük xərclər nəticəsində tam işləmir (ilk həftələrdə heç işləmirdi)..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.

O daha sonra fikrini belə davam etdirir: "Məsələn, məhkəmə işləri üzrə bildirişlər gəlmir. Heç kəs də demir ki, o cümlədən biz vəkillərin “təkmilləşdirmə” müəlliflərinin hansı yenilik istəyinin qurbanıyıq. Sistemdə heç bir mütərəqqi yenilik yoxdur. Mütərəqqi yenilik nə ola bilərdi? Məsələn, Sistemə hansı tərəfin sənəd yükləməsinin müəyyənliyi təmin oluna bilərdi. Əvvəl də, indi də bu naməlumdur. Tutaq ki, mülki işdə bir neçə tərəf var: iddiaçı, iki cavabdeh və iki üçüncü şəxs. Bir də görürsən ki, Sistemə yeni sənəd yükləndi: məsələn, müqavilə. Bilmirsən ki, onu kim yüklədi. Bəzi hallarda təxmin etmək olar, bəzi hallarda isə yox. Bunu yalnız hakim görür, amma tərəflər, o cümlədən vəkillər görmür. Bu da məhkəmə icraatının aşkarlığı və tərəflərin bərabərliyi prinsiplərinə ziddir. Ən azı sənədin kimin yüklədiyini müəyyən etməyə əlavə vaxt sərf olunur. Tərəfin, o cümlədən vəkilin işi aparması strategiyası və taktikasına da mənfi təsir edir, növbəti iclasa hazırlıqlı olmağa mane olur və s. və i.a. Ən pis halda isə bu anonimlik sui-istifadə hallarına da apara bilər. Xaici təcrübədə elektron məhkəmə sistemində kimin sənəd yükləməsi dərhal görünür. Bəs bizdə bunu niyə təmin edə bilmirlər? Sistemi “təkmilləşdirəndə” heç olmasa bunu edərdilər də. O qədər pulu bəs nəyə xərcləyiblər?.."


Geri qayıt