|
Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 5 ünvanında yerləşən “Möcüzə” marketin ətrafında yaranmış vəziyyət ciddi narahatlıq doğurur. Redaksiyamıza daxil olan məlumata görə, vətəndaşların rahat gediş-gəlişi üçün nəzərdə tutulmuş səki ərazisi zəbt edilərək faktiki olaraq şəxsi istifadəyə verilib. Nəticədə piyadalar yolun hərəkət hissəsinə çıxmağa məcbur qalır ki, bu da həm təhlükəsizlik, həm də şəhərsalma qaydalarının kobud şəkildə pozulması deməkdir.İddialara görə, zəbt edilmiş ərazidə meyvə-tərəvəz satışı həyata keçirilir və satış prosesində şəffaflıqla bağlı ciddi suallar mövcuddur. Vətəndaşların bildirdiyinə görə, təqdim olunan çeklər formal xarakter daşıyır.Bu artıq təkcə səki zəbtindən deyil, həm də vergidən yayınma ehtimalından xəbər verir.Daha maraqlı və düşündürücü məqam isə market əməkdaşlarının müxtəlif söhbətlər zamanı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin adını hallandırmalarıdır. Əgər doğrudan da hansısa məmurun adı bu proseslərdə çəkilirsə, həmin şəxsin özü və aidiyyəti qurumlar məsələyə dərhal aydınlıq gətirməlidir. Çünki dövlət məmurunun adından istifadə edilməsi ya ciddi qanun pozuntusunun gizlədilməsi cəhdi, ya da vətəndaşların və nəzarət orqanlarının susdurulmasına hesablanmış vasitə kimi qiymətləndirilə bilər.Ən vacib sual isə budur: vətəndaşların istifadəsində olan səki necə və hansı əsasla zəbt olunub? Bu ərazi kim tərəfindən və hansı sənədlə "özəlləşdirilib"? Əgər hər hansı qanuni sənəd mövcuddursa, ictimaiyyətə təqdim edilsin. Əks halda, dövlət torpağının və ya ümumi istifadədə olan ərazinin mənimsənilməsi ilə bağlı tədbirlər görülməlidir.Vergi xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar bu iddialara münasibət bildirməlidirlər. Çünki qanun hamı üçün eynidir. Sadə vətəndaş bir metr torpaqda qanunsuz tikinti aparanda dərhal tədbir görülürsə, bəs niyə insanların gündəlik istifadə etdiyi səkinin zəbt olunmasına göz yumulur?Cəmiyyət haqlı olaraq soruşur: səkinin zəbtinə, mümkün vergi pozuntularına və məmur adlarından istifadə edilməsinə kim himayədarlıq edir? Yoxsa qanun yalnız imkansızlar üçün işləyir?Qeyd olunan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Aidiyyəti qurumların və adı çəkilən şəxslərin cavab hüququnu tanıyır və onların rəsmi açıqlamalarını işıqlandırmağa hazır olduğumuzu bildiririk.
Nyus.Az
Geri qayıt
|