Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > NİYƏ SƏFƏRBƏR OLA BİLMİRİK... AXI NİYƏ...

NİYƏ SƏFƏRBƏR OLA BİLMİRİK... AXI NİYƏ...


Bu gün, 16:49

"3-5 il əvvələ qədər üzləşdiyin hansısa problemi, özbaşınalığı ictimailəşdirəndə düşünürdün ki, bəlkə utanan, məsuliyyət hiss edən oldu, düzəldi.
Bu mərhələ arxada qalanı çox oldu..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış iqtisadçı-ekspert Rövşən Ağayev yazıb.
O daha sonra başına gələnləri belə nəql edir: "İndi də düşünürsən ki, bəlkə bu yazılanlar gələcək nəsillərin qulağına çata, dədə-babalarının vətən deyib yaşadıqları məmləkətdə necə zülm altında yaşadıqlarından xəbər tutub özlərinə daha yaxşı bir həyat quralar.
Deməli, hərbi çağırışçıların tibbi müayinəsinin1-ci mərhələsində - təxminən 1 ay əvvəl Beyləqan xəstəxanasında üzləşdiyimiz məşəqqətli, təxminən 1 bütöv gün çəkən prosedur barədə yazmışdım.
Bu gün 2-ci mərhələni "Respublika" xəstəxanası kimi tanınan mərkəzdə keçməli olduq. Rayondakından daha dəhşətli fəlakət. İxtisaslaşmış müayinə tələbə edən bəzi xəstəliklər üçün insanlar burdan keçməlidirlər.
Təsəvvür edin, bütün ölkə burda, iynə atsan insan əlindən yerə düşməz. Bu gün növbə tutanların xeyli hissəsi sabaha qalmalı olurlar.
Düşünün ki, ucqar rayondan gələn valideyn və övladının burda qalacağı bir dost-tanış-qohumu, mehmanxanaya da verməyə pulu yoxdur.
Ölkə nə gündədir ki, hər rayonda olmasa da, ən azından regional olaraq çağırışçılar üçün ixtisaslaşmış müayinəni təmin edəcək şərait yoxdur. Əslində bu vəziyyət əyalətlərdə səhiyyənin hansı vəziyyətdə olduğunu göstərir.
Bunları da keçdim, daha utancverici başqa bir məsələyə çatdım: KT (Kompüter Tomoqrafiyası) aparatından keçmək üçün çağırışçılardan tibbi sığorta ödənişinin 20%-i qədər vəsait tələb olunur - təxminən 12 manat. Hərbi çağırış məqsədli tibbi prosedurlar nədən 100% icbari sığorta hesabına olmamalıdır? Kimsə desə pulum yoxdur, geri qayıtmalı, onu mütləq hardansa tapmalıdır.
Ən pisi, sizdən tələb edirlər ki, pul mütləq kartla ödənməlidir. İlk baxışdan şəffafllığa xidmət üçün bunu yaxşı addım sayanlar tapıla bilər. Amma bu ödənişdən xəbərsiz, ucqar kənddən gəlmiş bir insannın cibində kart yoxdursa nə etməlidir?
Orda təklif edirlər ki, çıxın bayıra mütləq xahiş-minnətlə kart olan birini tapın, siz ona nağd ödəyin, o da sizin əvəzinizə köçürmə eləsin.
Bizdə idarəetmə bütün anlayışları tərsinə anladığı üçün, görünür TƏBİB-in də şəffaflıq anlayışı bu qədərdir.
Utanmaq müqəddəs hissdir, idarəçilər üçün isə ikiqat utanmaq hissinin olması şərtdir...
Qarşıda isə bizi müayinənin 3-cü mərhələsi (Sosial-Ekspert Komissiyası) gözləyir. Görək orda hansı hoqqalar olacaq..."

Geri qayıt