Əsas Səhifə > Manşet / Sosial > Əgər bu tikinti qanunidirsə, məlumat lövhəsi HANI?..

Əgər bu tikinti qanunidirsə, məlumat lövhəsi HANI?..


Bu gün, 09:32

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vidadi küçəsi 22 ünvanında, Biləcəri bələdiyyəsinin yaxınlığında baş verənlər ciddi suallar doğurur. Ərazidə mövcud olan köhnə tikili sökülüb, sahə tamamilə hamarlanıb və artıq yeni tikintiyə hazırlıq işlərinin aparıldığı müşahidə olunur. Lakin araşdırmalar zamanı maraqlı məqam ortaya çıxıb.

Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tikintilərlə bağlı məlumatların yerləşdirildiyi rəsmi informasiya bazasında sözügedən ünvanda hər hansı tikinti layihəsinə və ya icazəyə dair məlumat aşkar edilməyib. Bu isə tikinti işlərinin qanuniliyinə dair ciddi şübhələr yaradır. Mediatvaz.com-un redaksiyasına daxil olan məlumata görə, ərazidə çalışan fəhlələrin xüsusi geyim formaları yoxdur və onlarla əmək müqaviləsi bağlanmayıb.Burada həm əmək qanunvericiliyinin, həm də tikinti təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulmasından söhbət gedə bilər.Məlumatlarda daha bir diqqətçəkən iddia yer alır. Bildirilir ki, tikinti işləri Bələdiyyə üzvlərindən biri tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevlə qeyri-rəsmi şəkildə razılaşdırılıb.

Bəs bu proseslər fonunda Fövqəladə Hallar Nazirliyi haradadır? Dövlət Şəhərsalma və Arxitektura Komitəsi niyə susur? Daşınmaz Əmlakın Dövlət Xidməti bu ərazi ilə bağlı hansı məlumatlara malikdir? Əgər tikinti qanunidirsə, niyə ictimaiyyətə açıq məlumat bazalarında görünmür? Yox əgər qanunsuzdursa, niyə qarşısı alınmır?
Son illər paytaxtın müxtəlif ərazilərində qanunsuz tikinti faktları ilə bağlı çoxsaylı müzakirələr aparılıb. Görünür, bəzi şəxslər hələ də aidiyyatı qurumların nəzarətinin zəifliyindən istifadə edərək istədikləri ərazidə tikinti aparmağa çalışırlar. 


Geri qayıt