Əsas Səhifə > Manşet / Gündəm > SOCAR-da peşəkarlara qarşı NÖVBƏTİ ZƏRBƏ...

SOCAR-da peşəkarlara qarşı NÖVBƏTİ ZƏRBƏ...


Bu gün, 06:39
"Müxtəlif yollarla sürücülük vəsiqəsi alanlar SOCAR "Azəriqaz" İstehsalat Birliyinə aid nəqliyyatı idarə edə biləcəklərmi?" "DİA-AZ" xəbər verir ki, özünün sosial şəbəkə hesabında bu sualı vurğulayan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı olduqca mühüm bir prosesin anonsunu verərək aidiyyatı qurum və şəxslərdən izahat tələb edir.
NHMT sədri bildirir: "Məlumata görə, yaxın aylarda SOCAR-ın Azəriqaz İstehsalat Birliyinin bütün struktur bölmələrində nəqliyyat təminatının yeni qaydada təşkili və hazırda xidmət göstərən sürücülərdən imtina edilməsi planlaşdırılır.
Qeyd edək ki, Azəriqaz İB-nin struktur bölmələrində fəaliyyət göstərən 800-dən artıq sürücü SOCAR Nəqliyyat İdarəsinin əməkdaşlarıdır və müqavilə əsasında Azəriqazın müxtəlif idarə və xidmət sahələrində çalışırlar. Həmin şəxslərin böyük əksəriyyəti 2009-cu ildə Azəriqazın SOCAR-ın tərkibinə daxil edilməsindən sonra bu sahədə fəaliyyətə başlayıb və uzun illər ərzində peşəkar sürücü kimi çalışıblar.
İddialara əsasən, Azəriqaz İB gələcəkdə nəqliyyat vasitələrini öz balansına qəbul etməyi və onların idarə olunmasını təmirçi-çilingər və digər texniki heyətə həvalə etməyi nəzərdə tutur.
Maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, 2025-ci ilin sentyabr-oktyabr aylarında aparılan struktur dəyişiklikləri zamanı sürücülük vəsiqəsi olmayan bir sıra çilingərlərin ixtisara salındığı bildirilir. Məlumatlara görə, iş yerlərini itirmək təhlükəsi ilə üzləşən bəzi əməkdaşlar sonradan müxtəlif yollarla sürücülük vəsiqəsi əldə edərək əmək fəaliyyətlərini davam etdirməyə nail olublar.
Bu vəziyyət bir daha göstərir ki, bəzi hallarda Azəriqaz və SOCAR strukturlarında işə qəbul və kadr seçimində namizədlərin peşə hazırlığı, praktiki bacarıqları və tutacaqları vəzifəyə uyğunluğu lazımi səviyyədə qiymətləndirilmir. Çünki nəqliyyat vasitəsini idarə etmək üçün təkcə sürücülük vəsiqəsinə sahib olmaq kifayət deyil. Peşəkar sürücülük uzun illərin təcrübəsi, yüksək məsuliyyət hissi və xüsusi bacarıqlar tələb edən bir peşədir.
Uzun illər bu sahədə çalışan təcrübəli sürücülərin əvəzində yalnız sürücülük vəsiqəsi əldə etmiş şəxslərin nəqliyyat vasitələrini idarə etməsinin planlaşdırılması isə təhlükəsizlik, işin keyfiyyəti və idarəetmənin səmərəliliyi baxımından ciddi suallar doğurur. Bu yanaşmanın gələcəkdə hansı nəticələr verəcəyi və mümkün risklərin necə idarə olunacağı isə açıq qalan əsas məsələlərdən biridir..."

Geri qayıt