Əsas Səhifə > Manşet / Gündəm > NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB...

NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB...


Bu gün, 10:38

Naxçıvan Dövlət Universitetinin bir qrup tələbəsi əvvəlcədən verdikləri rüşvətin “yeyildiyini”, qiymət almaq üçün onlardan yenidən pul tələb olunduğunu bildirir.
Onların sözlərinə görə, pul verməyən tələbələr imtahandan kəsilir və “alt qrupa” göndərilməklə hədələnirlər.
Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin təhlükəsizlik səbəbi ilə adının çəkilməsini istəməyən tələbəsi deyir ki, ondan da ikinci dəfə rüşvət istəyiblər:
“İl ərzində bütün qiymətləri yazdırmaq üçün təxminən 2 min manat rüşvət tələb edirlər. Rüşvət vermədən qiymət almaq demək olar ki, mümkünsüzdür. Mən də pulumu əvvəlcədən vermişdim. İndi deyirlər ki, o sayılmır, yenidən gətir. Pulum yoxdur dedim. Dekan müavini Abbas Əhmədov dedi ki, get, işlə gətir, bizə dəxli yoxdur, yoxsa alt qrupa göndəriləcəksən.”
Memarlıq və mühəndislik fakültəsinin tələbələri də eyni problemlə üzləşdiklərini deyirlər:
“Gözləri rüşvətdən doymur. Ya onların sözünə baxan gözəl qız olmalısan, ya da rüşvət verməlisən. Biz eyni qiymət üçün niyə ikinci dəfə rüşvət verməliyik? Dekan Cavanşir müəllim rüşvətsiz heç bir oğlana qiymət yazmır. Demək olar ki, hamımız kasıb ailələrin uşaqlarıyıq. Bu qədər pulu haradan tapaq? Onsuz da indiyə kimi illik iki min manatdan artıq rüşvət verirdik.”
Tələbələr deyirlər ki, problemlə bağlı şikayətlərini eşidən yoxdur:
“Bizi rektorla görüşməyə qoymurlar. Özünə yazırıq, cavab vermir. Təbii ki, dekanlar, müəllimlər rüşvəti özbaşına almırlar, rektorun da payı çatdırılır. Ona görə də bu məsələyə biganə yanaşılır.”
Naxçıvan Dövlət Universitetindən tələbələrin rüşvət iddiaları ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.
"Gündəlik Naxçıvan"

Geri qayıt