Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumlarıBu gün, 13:45 |
|
Xarici səfərlər, nümayəndə heyətlərinin gediş-gəlişi, memorandum mərasimləri, hədiyyələr, görüşlər, tədbirlər və təqdimatlar büdcə vəsaiti ilə maliyyələşdirilir. Amma ortada konkret nəticə yoxdur... Əsas məsələ nəticə əldə etmək deyil, mediada aktiv görünmək, pafoslu açıqlamalar vermək və “beynəlxalq əməkdaşlıq” görüntüsü formalaşdırmaqdır Bir sıra dövlət qurumlarının fəaliyyətində son illər ən çox diqqət çəkən problemlərdən biri də real nəticədən daha çox görüntüyə hesablanmış fəaliyyət modelidir. Bu tendensiya Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində, xüsusilə Özbəkistan istiqamətində apardığı fəaliyyətdə açıq şəkildə hiss olunur. Təxminən 3 ilə yaxındır ki, Agentlik və onun rəsmiləri ictimaiyyətə eyni vədi verir: Azərbaycan və Özbəkistan QHT-ləri üçün “yaxın günlərdə” birgə qrant müsabiqəsi elan olunacaq. Amma həmin “yaxın günlər” hələ də gəlib çatmayıb.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Özbəkistan istiqamətində ilk geniş təqdim olunan əməkdaşlıq addımlarından biri 2023-cü ilin noyabr ayında baş verdi. Həmin vaxt Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Özbəkistan Qeyri-Hökumət Qeyri-kommersiya Təşkilatları Milli Assosiasiyası arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalandı. Bununla paralel olaraq, Özbəkistan Respublikasının Ali Məclisi yanında Qeyri-hökumət qeyri-kommersiya təşkilatlarına və digər vətəndaş cəmiyyəti institutlarına dəstək üzrə İctimai Fondun vəsaitlərinin idarə olunması üzrə parlament komissiyası ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi arasında da əməkdaşlıq memorandumu bağlandı.
Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev də 2024-cü il dekabrın 5-də açıqlamasında bildirmişdi ki, Azərbaycan və Özbəkistanın QHT-lərlə işləyən müvafiq dövlət qurumlarının birgə qrant müsabiqələri elan etməsinin vaxtı çatıb.
Daha sonra isə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin mətbuat katibi Ülviyyə Qarayeva 2025-ci il sentyabrın 3-də yenidən mediaya açıqlama verərək “yaxın günlərdə” birgə qrant müsabiqəsinin elan olunacağını bildirdi.
Ən ciddi problem isə odur ki, bütün bu proseslər dövlət büdcəsi hesabına həyata keçirilir. Xarici səfərlər, nümayəndə heyətlərinin gediş-gəlişi, memorandum mərasimləri, hədiyyələr, görüşlər, tədbirlər və təqdimatlar büdcə vəsaiti ilə maliyyələşdirilir. Amma ortada konkret nəticə yoxdur. Bu vəziyyət biz cəmiyyət üzvlərində haqlı narazılıq yaradır. Çünki vergi ödəyicilərinin vəsaiti real fəaliyyətə deyil, görüntü yaratmağa xərclənir. Bir tərəfdən “strateji əməkdaşlıq”, “vətəndaş cəmiyyətinin gücləndirilməsi” kimi böyük ifadələr işlədilir, digər tərəfdən isə illərlə bir sadə qrant müsabiqəsini elan etmək mümkün olmur. Əgər bu əməkdaşlıq doğrudan da prioritetdirsə, niyə nəticə yoxdur? Əgər nəticə yoxdursa, niyə hər dəfə yeni memorandum imzalanır? Bütün bunlar onu göstərir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimi qurumlarda fəaliyyət anlayışı real nəticə ilə deyil, mediada necə görünməklə ölçülür. Yəni əsas məsələ nəticə əldə etmək deyil, mediada aktiv görünmək, pafoslu açıqlamalar vermək və “beynəlxalq əməkdaşlıq” görüntüsü formalaşdırmaqdır. Halbuki vətəndaş cəmiyyətinin inkişafı memorandum şəkilləri ilə yox, konkret layihələrlə, işləyən mexanizmlərlə və şəffaf proqramlarla mümkündür. 2-3 ildir eyni vədin təkrarlanması və nəticənin olmaması artıq gecikmə kimi yox, sistemli idarəetmə problemidir. Çünki normal halda Agentlik ya konkret tarix açıqlayar, ya prosesi tamamlayar, ya da gecikmənin səbəbini düzgün izah edər. Amma burada cəmiyyətə yalnız qeyri-müəyyən gələcək zaman təqdim olunur: “yaxın günlərdə olacaq”. İndi bizi düşündürən sual gülünc sual budur: bu “yaxın günlər” nə vaxt gələcək? Yenixeberorg.com Geri qayıt |