Əsas Səhifə > Manşet / Sosial > AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir?

AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir?


Bu gün, 12:39

Azərbaycanda yükdaşıma sektorunda fəaliyyət göstərən sürücülər və daşıyıcı şirkətlər son günlər ciddi problemlərlə üzləşdiklərini bildirirlər. Sosial şəbəkələrdə yayılan narazılıqlarda qeyd olunur ki, logistika sahəsində yaranan böhran yalnız xarici amillərlə bağlı deyil, ölkə daxilində tətbiq edilən qaydalar və prosedurlar da yerli daşıyıcıların fəaliyyətini çətinləşdirir.

KONKRET.az xəbər verir ki, nəqliyyat daşıyıcısı paylaşımında xüsusilə sərhəd-keçid məntəqələrində yaranan problemlərə diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycandan yüklənən nəqliyyat vasitələrinə beynəlxalq qaimədə göstərilən çəkidən əlavə 700-800 kiloqram artıq yüklə hərəkət etməyə icazə verilməsi sonradan sürücülər üçün ciddi çətinlik yaradır.

Daşıyıcı bildirir ki, avtomobilin texniki pasport göstəriciləri ilə real yanacaq və avadanlıq çəkisi arasında fərq nəzərə alınmır:

“Maşında 1450 litr yanacaq olur, bu isə təxminən 1220 kiloqram edir. Üstəlik şəxsi əşyalar, alətlər və digər avadanlıqlar da əlavə olunur. Nəticədə sərhəddə 50-100 kiloqram fərqə görə ya geri qaytarılırıq, ya gömrük baxışına yönləndirilirik, ya da yük boşaldılır”.

Onun sözlərinə görə, gömrük baxışlarının qiymətləri də fərqlidir. Astara gömrüyündə baxış üçün 118 manat, Qazax və Samur keçid məntəqələrində isə daha yüksək məbləğ tələb olunur. Bu isə həm vaxt itkisinə, həm də müştəri narazılığına gətirib çıxarır.

Daşıyıcı sürücülərin sertifikatlaşdırılması prosesinin də uzun çəkdiyini qeyd edir. Bildirir ki, Dövlət İmtahan Mərkəzində keçirilən imtahan üçün günlərlə gözləmək lazım gəlir. Bundan əlavə, taxeoqraf kartlarının alınması üçün sürücülər əvvəlcə kurs keçməli, daha sonra isə 2-3 ay kartın hazırlanmasını gözləməlidirlər. Bu müddətdə sürücülərin beynəlxalq daşımalar həyata keçirməsi mümkün olmur.
Narazılıq doğuran digər məsələ isə buraxılış kartlarının verilməsi ilə bağlıdır.

Daşıyıcının sözlərinə görə, AYNA tərəfindən tələb olunan bəzi şərtlər məntiqsizdir. Belə ki, buraxılış kartı nəqliyyat vasitəsinə aid olduğu halda sürücünün sertifikatı da tələb edilir.

Bundan başqa, icazə sənədlərinin yalnız iş günləri verilməsi də problemlər yaradır. Daşıyıcı qeyd edir ki, əgər nəqliyyat vasitəsi həftənin son iş günü Azərbaycana daxil olursa, şənbə və bazar günləri icazə sənədi almaq mümkün deyil. Müştəri haqlı olaraq soruşur ki, yük niyə iki gün Azərbaycanda saxlanılır? İcazə sənədləri Bakıdan deyil, sərhəd-keçid məntəqələrindən verilməlidir.
Qabaritli yüklərlə bağlı icazələrin gecikdirilməsi də logistika sektorunda əlavəsi problemlər yaradır. Daşıyıcının sözlərinə görə, Çindən gələn bir nəqliyyat vasitəsi artıq 10 gündür Ələt limanında gözləyir, çünki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən lazımi icazə alınmayıb. Bu müddətdə isə gündəlik terminal və parklanma xərcləri ödənilir.

Sürücü həmçinin xarici daşıyıcılara münasibətdə daha yumşaq yanaşmanın tətbiq olunduğunu bildirir. Onun fikrincə, yerli sürücülər taxeoqraf və sənəd qaydalarına görə cərimələndiyi halda, xarici daşıyıcılara eyni tələblər sərt şəkildə tətbiq edilmir.
Daşıyıcı hesab edir ki, bütün bu problemlər yerli logistika sektorunun fəaliyyətini zəiflədərək xarici daşıyıcılara üstünlük yaradır.
AYNA, Gömrük və digər qurumların yaratdığı çətinliklər Azərbaycan daşıyıcısının dayanmasına səbəb olur. Bu isə ölkə iqtisadiyyatı üçün ciddi zərərdir.


Geri qayıt