Əsas Səhifə > Manşet / Gündəm > "Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..."

"Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..."


Bu gün, 09:06

"Otaqda oturub maaşı və paketləri artırılan işçilərə baxın, bir də sahədə can qoyan işçilərə. Hər gün sahə işçilərinin yükü artırılır, amma maaşı azaldılır. 580 manat maaş verib, işçini necə daha çox istismar etməyin yollarını axtarırsınız..." "DİA-AZ" xəbər verir ki, bu sözlər "Azəriqaz" işçisi Aydın Əliyevin Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında paylaşdığı müraciətdə yer alıb.
Müraciətdə daha sonra deyilir: "Bu gün Sayğac Əməliyyatları Xidmətinin çilingərləri çox ağır vəziyyətdədir. Hər bir çilingərə 850-dən çox abonent verilib, onların da böyük əksəriyyətinin sayğaclarının dövrü yoxlama müddəti bitib. Elə hədəf qoymusunuz ki, çilingər gündə ən azı 5 sayğac dəyişməlidir ki, sonda ona əlavə adı ilə dilənçi payı verilsin.
Amma heç düşünürsünüzmü o 5 sayğacı işçi necə daşıyır? Necə kilometrlərlə ərazi gəzir? Necə ağır yükü kürəyində daşıyıb abonentə çatdırır? Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır. Sahədəki əziyyəti isə görən yoxdur.
Biz SƏX-in çilingərləri ərazidə sizin simanızıq. Siz işçiyə hörmət qoymursunuzsa, abonent də sizə hörmət etməyəcək. İşçini ağır sayğaclarla küçələrdə piyada gəzdirirsiniz, sonra da xidmət keyfiyyəti gözləyirsiniz.
Ən azından sayğacların daşınması üçün əlavə ödəniş və ya nəqliyyat şəraiti yaradın. İşçi də sayğacı maşına yükləyib insan kimi işləsin. Sahədə çalışan insanın zəhmətinə dəyər verin..."

Geri qayıt