Əsas Səhifə > Manşet / Hadisə > SOCAR işçisi Rövşən Nəcəfdən NƏ İSTƏDİ?
SOCAR işçisi Rövşən Nəcəfdən NƏ İSTƏDİ?Bu gün, 13:20 |
|
"İllərlə ölkənin enerji sektorunda ağır şəraitdə çalışan insanların səsini bəzən kabinetlərdən eşitmək çətin olur. Məhz buna görə də ictimai və publik müraciətlərin daha sürətli reaksiya doğurduğunu nəzərə alaraq, buradan hörmətli SOCAR prezidenti cənab Rövşən Nəcəfə açıq müraciət edirəm. Aşağıda Neft Daşlarında çalışan əməkdaşların yaşayış şəraiti ilə bağlı reallığı olduğu kimi diqqətinizə çatdırıram..." "DİA-AZ" xəbər verir ki, bu sözlər SOCAR işçisi Anar Bədəlovun SOCAR prezidenti Rövşən Nəcəfə ünvanladığı müraciətdə yer alıb.
Müraciətdə daha sonra deyilir: "Hörmətli Rövşən müəllim,
Hazırda Neft Daşları ərazisində yerləşən 9 mərtəbəli yataqxana binasında yaşayırıq. Mövcud binanın istismar üçün təhlükəli və qəzalı hesab edilməsi səbəbindən əməkdaşların yeni yataqxanaya köçürülməsi nəzərdə tutulub. Lakin təəssüf hissi ilə bildiririk ki, bizə təqdim olunan yeni yataqxananın şəraiti yaşayış üçün olduqca yararsız və acınacaqlı vəziyyətdədir.
Uzun illər ərzində hazırda qaldığımız otaqlar ideal vəziyyətdə olmasa da, heç olmasa minimal yaşayış şəraiti yaratmağa çalışmışıq. Məişət avadanlıqlarının — kondisioner, televizor, soyuducu, elektrik çaydanı, mebel və sanitar-gigiyenik otaqlardakı avadanlıqların istismar müddəti dəfələrlə başa çatsa da, bunları öz şəxsi vəsaitimiz hesabına təmir etdirərək və saxlayaraq yaşayış üçün uyğunlaşdırmağa çalışmışıq.
Hazırda isə iki nəfərlik otaqların 8 nəfərlik otaqlarla əvəz olunması nəzərdə tutulur. Bu vəziyyət həm məişət şəraiti, həm şəxsi gigiyena, həm də insan ləyaqəti baxımından qəbuledilməzdir. Səkkiz nəfər üçün məhdud şəraitin yaradılması işçilərin elementar yaşayış hüquqlarının belə nəzərə alınmadığını göstərir.
İllərdir səbrlə gözləyirdik ki, nəhayət təmir olunmuş və normal yaşayış şəraitinə malik otaqlara köçürüləcəyik. Lakin qarşılaşdığımız mənzərə gözləntilərimizin tam əksidir. El arasında deyilən “yağışdan çıxıb yağmura düşmək” ifadəsi hazırkı vəziyyəti tam şəkildə əks etdirir.
Halbuki yeni təmirdən çıxmış yataqxanada kifayət qədər boş otaqlar mövcuddur. Təəssüf doğuran əsas məqam isə həmin otaqların işçi və fəhlə heyətinə təqdim edilməməsi, qapılarının bağlı saxlanılmasıdır.
Bu münasibət illərlə ağır və çətin şəraitdə çalışan işçilərə verilən dəyərin göstəricisi kimi qəbul olunur. Halbuki SOCAR podratçı şirkətlərlə əməkdaşlıq zamanı onların təminat və təchizat məsələlərinə yüksək səviyyədə yanaşır. Şirkətin öz əməkdaşlarının yaşayış şəraitinə bu qədər laqeyd münasibət göstərilməsi isə ciddi narahatlıq və narazılıq doğurur.
Şairin aşağıdakı misralarında təsvir olunan Azərbaycan inkişafın, rifahın və yüksəlişin rəmzi kimi təqdim olunur:
“Yer üzünə nur çiləyən sərvətinlə,
Günü-gündən zirvələnən şöhrətinlə,
Çiçəkləndin hər ötən gün zəhmətinlə,
Növrağınla nə gözəlsən, Azərbaycan.”
Təəssüf hissi ilə qeyd etməliyik ki, bu misralarda vəsf olunan rifah və dəyəri SOCAR daxilində çalışan sadə əməkdaşların gündəlik yaşayış şəraitində görmək mümkün olmur.
Mövcud vəziyyət artıq dözülməz həddə çatıb. Sizdən xahiş edirik ki, məsələyə təcili qaydada baxılsın, Neft Daşlarında çalışan işçilərin normal və insan ləyaqətinə uyğun yaşayış şəraiti ilə təmin olunması istiqamətində konkret tədbirlər görülsün.
Qeyd edim ki, yataqxana otaqlarının mövcud vəziyyətini əks etdirən fotoşəkilləri və digər materialları tələb olunduğu təqdirdə aidiyyəti üzrə təqdim etməyə hazıram..."
Geri qayıt |