Əsas Səhifə > Manşet / Cəmiyyət > Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA...

Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA...


Bu gün, 11:06

Sədərək gömrüyündə şəxsi təsərrüfat üçün gətirilən əkinçilik məhsullarına qadağa qoyulduğu bildirilir. Bu qadağaya həyətyanı sahələr üçün müxtəlif toxumlar, heyvanlar üçün qurd dərmanları və digər məhsullar daxildir.
Bu barədə “Gündəlik Naxçıvan”a məlumat verən bir qrup yerli sakinin iddiasına görə, bu prosesin arxasında monopolist maraqlar dayanır.
Məqsəd isə onları Türkiyədən gətirilən həmin məhsulları monopolistlərdən 2-3 qat baha qiymətə almağa məcbur etməkdir.
Ordubad rayon sakini Damət Seyidov deyir ki, üstəlik, onların gətirdikləri məhsullar müsadirə olunaraq sonradan bazarlarda satışa çıxarılır:
“Təsərrüfatımız üçün gətiririk, əlimizdən alıb vururlar anbara və sonra onu müsadirə edib bizə geri də vermirlər. Sonra da monopolistlərin əli ilə öz malımızı 2-3 qat bahasına özümüzə satırlar.
Arı təsərrüfatı üçün gətirdiyim dərmanları əlimdən aldılar. Məcbur qalıb gedib od bahasına bazardan aldım.
Biz şəxsi istifadəmiz üçün məhsul keçirmək istəyəndə min bir bəhanə gətirirlər, amma hansısa monopolist həmin kənd təsərrüfatı məhsullarını gətirib Naxçıvanda baha qiymətə satır. Biz təsərrüfatçıların da imkanı çatmır alaq. Sonda bizim təsərrüfatımız məhv olur. Bu vəziyyət davam etsə, məcbur qalıb təsərrüfatla məşğul olmayacağıq.”
Şahbuz rayon sakini Maqsud Rzayev isə bildirir ki, onun aldığı 4 kiloqram toxumluq qarğıdalı və 3 kiloqram qurd dərmanı müsadirə olunub:
“Hər şey məmurların monopoliyasında olduğu kimi, bu sahə də elədir. Ağızdolusu kənd təsərrüfatının inkişafından danışırlar. Əməldə isə bunun əksidir. Şəxsi təsərrüfat üçün gətirdiyimiz məhsullar niyə əlimizdən alınmalıdır?
Naxçıvanda Sədərək gömrük postu insanlara zülm edir. Yaz fəslidir, qarğıdalı toxumu gətiririk, əlimizdən alıb vururlar anbara. Mal-heyvan üçün qurd dərmanı gətiririk, onu da qoymurlar.
Bu sahəni özləri monopoliya edir, vətəndaşlar şəxsi təsərrüfatları üçün heç nə gətirə bilmir. Özləri Türkiyədən mallarını gətirib Naxçıvanda baha qiymətə satırlar, biz də onları həmin qiymətə almağa güc tapa bilmirik. Beləliklə, təsərrüfatımız məhv olur.”

Geri qayıt