Əsas Səhifə > Ana xəbər / Güney Press > Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?..
Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?..Bu gün, 08:56 |
|
Rusiya Ermənistan hakimiyyətinə qarşı maksimum sərt siyasət yürütmək qərarına gələ bilər. İrəvanın Qərbə inteqrasiya kursunu davam etdirmək niyyətində olduğu və Moskva ilə danışıqlarda əsas məqsədinin vaxt qazanmaq olduğu barədə Rusiyada narahatlıq yarandığı bildirilir.
Moderator.az erməni mediasına istinadla yazır ki, baş nazir N.Paşinyanla Rusiya prezidenti V.Putinin Moskvada gözlənilən görüşü ərəfəsində bu barədə “Past” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Bişkekdə keçirilən görüş Rusiyanın sadəcə diplomatik ifadələrdən daha konkret və sərt addımlara keçdiyini göstərib. Bildirilir ki, Moskva Ermənistan hakimiyyətinə qarşı daha sərt tonda çıxış edərək İrəvandan seçim etməsini tələb edir.
“Past” qəzetinin Kremlə yaxın mənbələrə istinadla yazdığına görə, Rusiya hakimiyyətinin qənaəti belədir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya bazarının Ermənistan üçün açılmasını istəyərək əslində yalnız vaxt qazanmağa çalışır.
İddiaya görə, məqsəd ən azı 2-3 il ərzində referendumdan yayınmaq, Ermənistanın Qərbə doğru getməkdə maraqlı olmadığını nümayiş etdirmək, bu müddət ərzində ixracı qismən şaxələndirmək və kənd təsərrüfatında fəaliyyət göstərən təsərrüfatların sayını azaltmaqdır. Bundan sonra isə Moskva ilə bütün əlaqələrin gözlənilmədən kəsilməsi planlaşdırılır.
Qəzet hesab edir ki, rəsmi Moskva Ermənistan hakimiyyətinin Qərbə doğru “irəliləyişini” maliyyələşdirmək niyyətində deyil. Nəşr bildirir ki, Rusiyanın ekspertləri və siyasətçiləri də artıq bu barədə açıq danışırlar.
“Past”ın məlumatına görə, Rusiya hakimiyyəti Ermənistanla bağlı “maksimum quru və sərt siyasət” yürütmək qərarına gəlib.
Bu siyasətin konkret hansı formada həyata keçiriləcəyi hələ məlum deyil. Lakin qəzet daha əvvəlki mənbələrinə istinadla bir sıra mümkün tədbirlərdən yazır.
Bunların sırasında Ermənistandan Rusiyaya ixraca məhdudiyyətlərin tətbiqi, Rusiyada yaşayan və işləyən çoxsaylı Ermənistan vətəndaşlarının deportasiyası, pul köçürmələrinin və bütün nəqliyyat əlaqələrinin məhdudlaşdırılması, enerji daşıyıcılarının, xüsusilə də təbii qazın qiymətinin artırılması kimi addımların ola biləcəyi qeyd edilir.
Nəşr bu tədbirlərin Ermənistan üçün son dərəcə ağır, hətta fəlakətli nəticələr doğura biləcəyini yazır.
Qəzetin fikrincə, belə siyasətdən ilk növbədə hazırkı hakimiyyət deyil, Ermənistan dövləti və erməni xalqı zərər çəkə bilər.
Qeyd edək ki, bütün bu məlumatlar “Past” qəzetinin Kremlə yaxın mənbələrinə istinadla irəli sürdüyü iddialardır. Rusiyanın rəsmi qurumlarının sözügedən planlarla bağlı açıqlaması barədə məlumat verilmir.
Geri qayıt |