Əsas Səhifə > Ana xəbər / Güney Press > "Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?"
"Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?"Bu gün, 08:44 |
|
Aqrar Subsidiya Şurasının qərarı ilə yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq. İstifadəsində azı 100 ha örüş və ya otlaq sahəsi olan 500 baş və ya daha artıq xırdabuynuzlu heyvan olan təsərrüfatlarda qeydiyyatda olan heyvana görə 4 manat subsidiya veriləcək. Subsidiyanın verilməsində əsas şərt təsərrüfatlara istifadə üçün verilmiş örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır. Ölkədə hansı kiçik-orta sahibkarın, fermerin 100 hektar torpağı, 500 və daha artıq baş qoyun-keçisi var? Bu subsidiyaları kim alacaq? Məsələ ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, sualın özündə ciddi bir məqam var və yeni mexanizmin şərtlərinə baxanda söhbətin adi kiçik fermerdən getmədiyini görmək olur: “Qərara əsasən subsidiya yalnız istifadəsində ən azı 100 hektar örüş və ya otlaq sahəsi olan və ən azı 500 baş xırdabuynuzlu heyvan saxlayan təsərrüfatlara şamil ediləcək. Üstəlik, subsidiya sadəcə heyvan sayına görə verilməyəcək, həmin örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılması da tələb olunur. Bu baxımdan “bu subsidiyanı kim alacaq?” sualı tamamilə haqlıdır. 100 hektar torpaq və 500-dən çox qoyun-keçiyə malik təsərrüfat artıq ailə fermer təsərrüfatından daha çox iri kommersiya təsərrüfatı kateqoriyasına yaxındır. Ona görə bu mexanizmi “xırdabuynuzlu heyvandarlığın inkişafı üçün fermerə verilən subsidiya” kimi təqdim etmək müəyyən qədər yanıltıcıdır. Əslində məqsəd daha çox iri örüş təsərrüfatlarının istifadə etdiyi torpaqların vəziyyətini yaxşılaşdırmaqdır. Dövlət bir növ deyir ki, böyük örüş sahəsindən istifadə edirsənsə, həmin torpağı tükəndirmə, onun münbitliyini və biomüxtəlifliyini qoru və bunun müqabilində hər heyvana görə müəyyən ödəniş al. Burada müsbət tərəf də var. Əgər böyük təsərrüfatlar həqiqətən örüşlərin həddindən artıq otarılmasının qarşısını alacaq, otlaq sahələrini bərpa edəcək, yem bazasını yaxşılaşdıracaqsa, bunun ümumi heyvandarlığa faydası ola bilər. EKTİS-in (“Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”) Torpaqdan istifadə altsistemi və süni intellekt vasitəsilə monitorinqin nəzərdə tutulması da müsbət addımdır. Amma əsas problem əhatə dairəsidir. Kiçik və orta fermerlərin böyük hissəsi 100 hektar örüş sahəsinə və 500 baş heyvana malik deyil. Deməli, onlar heyvandarlıqla məşğul olsalar da, bu konkret subsidiya mexanizmindən yararlana bilməyəcəklər. Əgər məqsəd kənd yerlərində xırdabuynuzlu heyvandarlığın geniş inkişafıdırsa, yalnız iri təsərrüfatları əhatə edən model kifayət deyil”. Onun sözlərinə görə, daha düzgün yanaşma subsidiya sistemini təsərrüfatın ölçüsünə görə pilləli qurmaq olardı: “Məsələn, 100–500 baş, 500–1000 baş və daha böyük təsərrüfatlar üçün fərqli şərtlər müəyyən edilə bilərdi. Kiçik fermerdən 100 hektar tələb etmək əvəzinə, bir neçə fermerin kooperativ şəkildə istifadə etdiyi ümumi örüş sahəsinə də imkan verilə bilərdi. Beləliklə, həm kiçik fermerlər sistemə daxil olar, həm də örüşlərin kollektiv idarə olunması mümkünləşərdi. Bir məsələ də dəqiq araşdırılmalıdır ki, bu 100 hektar və 500 baş həddi hansı real təsərrüfat strukturuna əsasən müəyyənləşdirilib? Əgər ölkədə belə meyarlara cavab verən təsərrüfatların sayı azdırsa, dövlətin ayırdığı vəsaitdən çox məhdud sayda sahibkar yararlanacaq. Bu halda subsidiya geniş fermer dəstəyi yox, müəyyən sayda iri təsərrüfat üçün hədəfli ekoloji-heyvandarlıq dəstəyi olacaq. Fikrimcə, bu qərarın özü yanlış deyil, amma onun adı və təqdimatı daha dəqiq olmalıdır. Bu, bütün xırdabuynuzlu heyvandarlara verilən subsidiya deyil. Daha çox böyük örüş sahələrindən istifadə edən iri təsərrüfatları torpaqları qorumağa və yem bazasını yaxşılaşdırmağa həvəsləndirən mexanizmdir. Kiçik və orta fermerlər üçün isə ayrıca, daha əlçatan subsidiya modeli yaradılmasa, qərarın kənd yerlərində yaşayan əksər heyvandarlıq təsərrüfatlarına təsiri çox məhdud qalacaq. Daha dəqiq desək, heyvandarlıqla məşğul olan məmurların istifadəsində olan torpaqlara xidmət etdiklərinə görə, məqsəd onlara vəsait verməkdir. Bu, bütün kənd təsərrüfatına aid deyil, qərar yalnız oliqarxlara aiddir”. Geri qayıt |