Əsas Səhifə > Ana xəbər / Güney Press > Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib?

Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib?


Bu gün, 07:52

Sovet dönəmində kəndlərin inkişafı sovxoz və kolxozlar üzərindən qurulmuşdu. Sovxoz və kolxozların emal müəssisələri, şərab və konserv zavodları, elmi laboratoriyaları, fabrikləri, texnika parkları, kitabxanaları və s. var idi. Kənddə ali təhsil alan hər kəs üçün — texnoloq, şərabçı, mühəndis, aqronom, baytar, iqtisadçı, hüquqşünas, kitabxanaçı və başqaları üçün iş yerləri mövcud idi. Hər hansı bir kənddə fəaliyyət göstərən müəssisələr 10–15 müttəfiq respublikaya məhsul sata bilirdi.
​Sovetlər dağıldı, sovxoz və kolxozlar ləğv edildi, torpaq islahatı həyata keçirildi. Amma müstəqil Azərbaycanın kənd-inkişaf konsepsiyası işlənib hazırlanmadı.
​Azərbaycanda aqrar sahədə köklü dəyişikliklərə səbəb olan Torpaq İslahatının hüquqi əsası Azərbaycan Respublikasının Prezidenti, mərhum Heydər Əliyev tərəfindən 16 iyul 1996-cı ildə imzalanmış "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qoyuldu.
​Torpaqlar dövlət, bələdiyyə və xüsusi mülkiyyətə bölündü.
​ Sovet dövründən qalma kolxoz və sovxozlar ləğv edildi, onların istifadəsində olan əkin torpaqları kənd sakinlərinə pay torpağı (xüsusi mülkiyyət) kimi paylandı.
​Torpaq payı alan hər bir ailəyə mülkiyyət hüququnu təsdiq edən xüsusi dövlət aktları (çıxarışlar) təqdim olundu.
​Amma bu kimi islahatlar həyata keçirilsə də, paralel olaraq müstəqil Azərbaycanın kənd-inkişaf konsepsiyası işlənib hazırlanmadı. Bu günə kimi yalnız uğursuz eksperimentlər aparmaqla məşğuluq.
​Hökumət islahat adı altında növbəti addımı atmağa hazırlaşır. İndi də kəndlilərin özəl mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı pay torpaqlarının "parçalanmış vəziyyətdə qalmasının qarşısının alınması və onların daha səmərəli istifadəsi üçün" torpaqların konsolidasiyası ilə bağlı yeni hüquqi mexanizm yaradılır.
"​Yeni hüquqi mexanizm çərçivəsində torpaq sahələrinin birləşdirilməsi, bölünməsi, sərhədlərinin dəyişdirilməsi mümkün olacaq."
​"Məqsəd kənd təsərrüfatı üçün istifadə olunan torpaqların həddindən artıq xırdalanmasının qarşısını almaq və istehsal üçün daha əlverişli sahələr yaratmaqdır."
​Bura qədər hər şey əla...
​Azərbaycanın ümumi torpaq fondunun (8.65 milyon hektar) təxminən 4.78 milyon hektarı kənd təsərrüfatına yararlı torpaqlardır. Bunun içərisində bilavasitə şumlanan və bitkiçilikdə istifadə olunan aktiv əkin sahələri 1.8–2.1 milyon hektar civarındadır (qalan hissəni çoxillik əkmələr, örüş-otlaq sahələri və dincə qoyulmuş torpaqlar təşkil edir).
​1996-cı il torpaq islahatı çərçivəsində kənd əhalisinə xüsusi mülkiyyət kimi paylanan torpaqların ümumi sahəsi təxminən 1.3–1.4 milyon hektar idi. Özəl mülkiyyətdə olan bu pay torpaqları ölkənin ümumi aktiv əkinəyararlı torpaq fondunun təxminən 70–75%-ni təşkil edirdi. Amma bu torpaqların çox böyük əksəriyyətini kasıblaşdırılan kənd adamları çoxdan qəpik-quruşa satıblar. Bu gün ən yaxşı halda kəndlilərin əlində qalan faydalı pay torpaqları 15–20%-dən çox ola bilməz.
​Son illər yeni iqtisadi komandanın kiçik ailə təsərrüfatlarını yox sayması, onlara qarşı yürüdülən yanlış siyasət məhdud imkanları da tükəndirdi. Hərçənd ki, ölkənin ərzaq təhlükəsizliyində, daxili təminatda kiçik ailə təsərrüfatlarının kifayət qədər payı var idi. Ərzaq üzrə idxaldan asılılığımızın hər il daha da artmasının ən böyük səbəbini də məhz bu təsərrüfatların sıradan çıxarılmasında axtarmalıyıq.
​Dövlətin ayırdığı böyük vəsaitlər və xüsusi subsidiyalar hesabına yaradılan iri təsərrüfatların, 51–52 Aqroparkın yaratdığı dəyər, əldə etdiyi nəticələr açıqlansın, görək aldıqları ilə verdikləri üst-üstə düşürmü? Yenə də uğursuzluqlarının günahını kəndlinin əlində qalan bir parça torpağın üstünə atırlar.
​Əslində, torpaq islahatları ilə yanaşı, müstəqil Azərbaycanın kənd-inkişaf konsepsiyası da yaradılmalı idi. Sovetin qurduğu aqrar-sənaye sistemini dağıdıb keçən əsrin əvvəllərindəki ibtidai aqrar ölkəyə dönmək uğursuzluğun başlanğıcı idi. Kəndlərdə 50–70 illik ənənəsi, iş təcrübəsi olan aqrar-sənayeni, şərab və konserv zavodlarını, texnika parklarını, mədəniyyət ocaqlarını, təhsil sistemini dağıtmaq fəlakət idi. Bu islahatların altyapısı hazırlanmalı, maarifləndirmə aparılmalı; səhmdar cəmiyyətlər, kooperativ birliklər, kiçik ailə təsərrüfatlarından böyük təsərrüfatlara doğru bir-birini dəstəkləyən piramidalar qurulmalı idi. Bu gündə ən böyük hədəf məhz bunlar olmalıdır.
​Kərbəlayı İsmayılın sözü olmasın, kəndlinin əlində qalan son torpaq parçasını da əlindən almaq üçün indi də "konsolidasiya" oyununu ortaya atıblar.
​Dövlət reyestrində çoxlu sayda kiçik-kiçik pay torpaqları görünə bilər, amma o torpaqların çoxu artıq tək-tək əllərdə cəmləşib. Bu günə kimi Əmlak Komitəsi alqı-satqı zamanı hər pay torpağına çıxarış verəndə rüsum və xidmət haqqı almaq xətrinə torpaqların vahid bir çıxarışda birləşməsinə imkan vermirdi. İnsanlar var ki, bir kənddən 300–500 hektar pay torpağını alıb birləşdirərək özünə təsərrüfat yaratsa da, mülkiyyətinə vahid çıxarış ala bilməyib.
​"Bəzənirəm xanım döyür, bəzənmirəm ağam..." "Babam bicdir kündəni sayır, nənəm bicdir kündədən kəsir..."
​Nə qədər ki, Prezident islahatla bağlı hər hansı qərar verməmişdən öncə aidiyyəti məmurlar kəndlidən, fermerdən, iş adamından qabaq bu işdən necə pul qazanacağını düşünəcəklər, heç bir uğurlu nəticə əldə edə bilməyəcəyik.
​Çernomırdinin dediyi kimi: "İstəyəcəyik ki, yaxşı olsun, amma əvvəlkindən də pis alınacaq."
Şahin Nəcəfov - "DİA-AZ"

Geri qayıt