Əsas Səhifə > Ana xəbər / Güney Press > Keçmiş polis rəisi Çevikin döyülməsinə belə REAKSİYA VERDİ
Keçmiş polis rəisi Çevikin döyülməsinə belə REAKSİYA VERDİBu gün, 06:28 |
|
"Sifarişin haradan və kimdən olmasına baxmayaraq, Çevikə (Məqsəd Bağırov) qarşı törədilən zorakılıq ciddi narahatlıq doğurur və pislənməlidir. Hadisəyə hüquqi qiymət vermək və cinayətin motivlərini müəyyənləşdirmək hüquq-mühafizə orqanlarının işidir. Heç bir dini, ideoloji və ya şəxsi fikir ayrılığı insana qarşı zorakılığa haqq qazandıra bilməz..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında tanınmış hüquqşünas, sabiq polis rəisi Əlövsət Əliyev qeyd edib.
O daha sonra açıqlamasında bildirir: "Mən bu hadisənin arxasında həqiqi dini biliyə və mənəvi dəyərlərə sahib insanların dayandığına inanmıram. Dini bilən insan fərqli düşünən şəxsi döyməklə “cəzalandırmağın” nə dinə, nə də insanlığa sığmadığını bilməlidir. Bu, dinin müdafiəsi yox, əksinə, dini nüfuzdan salan fanatizmdir.
Eyni zamanda, insanların dini inanclarına qarşı açıq təhqir və təxribat da qəbuledilməzdir. Fikir azadlığı başqasının inancını alçaltmaq, cəmiyyətdə qarşıdurma yaratmaq və narazılıqları dərinləşdirmək hüququ demək deyil.
Azərbaycanın böyük maarifçiləri — Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə və başqaları — xurafat və cəhalətlə zorakılıqla deyil, söz, elm, təhsil və maarifçiliklə mübarizə aparıblar.
Bu gün də xurafata və dini fanatizmə qarşı mübarizə aparılmalıdır. Amma bu mübarizə ardıcıl, güclü və dövlət siyasəti səviyyəsində olmalıdır. Ən güclü silahımız zor deyil — elm, təhsil və sağlam düşüncədir.
Digər tərəfdən, bu hadisənin həqiqi motivi də tam araşdırılmalıdır. Bu, fərdi münaqişədir, dini fanatizmin nəticəsidir, yoxsa cəmiyyətdə qarşıdurma yaratmaq istəyən hansısa qüvvələrin marağına xidmət edir?
Cavabı istintaq orqanları mütləq verməlidir.
Nə din adına zorakılığa, nə də azad fikir adı ilə təhqirə yol verilməlidir. Cəmiyyətimizi qoruyan əsas dəyərlər qanun, maarifçilik, qarşılıqlı hörmət və sağlam düşüncədir..."
Geri qayıt |