Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu, Azərbaycan və Ermənistan şirkətləri arasındakı ilk kommersiya sövdələşməsi deyil...
Bu, Azərbaycan və Ermənistan şirkətləri arasındakı ilk kommersiya sövdələşməsi deyil...Bu gün, 07:46 |
Paşinyan müqavilənin bağlandığını təsdiqlədi, lakin şirkətlərin adları, məhsulun növü və həcmi hələ gizli saxlanılır; ilkin məlumatlar sənaye xammalını önə çıxarırAzərbaycan-Ermənistan münasibətlərində daha bir tarixi hədd keçilir. Bu dəfə söhbət siyasi bəyanatdan, niyyət protokolundan və ya gələcək üçün verilmiş vəddən getmir. Azərbaycan şirkəti ilə Ermənistan şirkəti arasında konkret kommersiya müqaviləsi bağlanıb. Ermənistan istehsalı olan məhsulun Azərbaycana satışı üzrə ilk birbaşa əqd artıq mövcuddur. Musavat.com xəbər verir ki, bunu sentyabrın 3-də Ermənistan hökumətinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran baş nazir Nikol Paşinyan təsdiqləyib. Paşinyan “ilk əqdin artıq baş tutduğunu” bildirib, lakin əməliyyatın bütün daxili və logistik prosedurlarının sona çatmasını gözləməyə üstünlük verdiyini deyib. Onun sözlərinə görə, məhsul, həcm və tərəflərlə bağlı məlumatı hökumət deyil, sövdələşmədə iştirak edən şirkətlər açıqlamalıdır. Baş nazir eyni zamanda hazırda konkret müqavilənin və kommersiya əqdinin mövcud olduğunu vurğulayıb. Ermənistan mediasının yaydığı açıqlamada da məhz bu fərq qoyulur: müqavilə bağlanıb, proses başlayıb, amma malın Azərbaycana çatdırılması və gömrük rəsmiləşdirilməsinin tamamlanması hələ ictimai şəkildə təsdiqlənməyib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bundan bir neçə gün əvvəl ölkəsinin İctimai Televiziyasına müsahibəsində Azərbaycan şirkətlərinin Ermənistan şirkətlərindən məhsul aldığını demişdi. Mirzoyanın sözlərinə görə, bununla iki ölkə arasında indiyədək əsasən bir istiqamətdə gedən ticarət qarşılıqlı xarakter alacaq: Ermənistan yalnız Azərbaycandan almayacaq, Azərbaycana da satacaq. Nazir yaxın günlərdə şirkətlərin özlərinin məlumat verəcəyini açıqlamışdı. Bu, həqiqətən ilk əqddirmi? Burada mühüm bir dəqiqləşdirməyə ehtiyac var. Bu, ümumiyyətlə Azərbaycan və Ermənistan şirkətləri arasındakı ilk kommersiya sövdələşməsi deyil. İlk birbaşa satış əks istiqamətdə – Azərbaycandan Ermənistana həyata keçirilib. 2025-ci il dekabrın 19-da Azərbaycan istehsalı olan 1218 ton Aİ-95 markalı benzin 22 vaqonla Gürcüstan üzərindən Ermənistana göndərilib. Yanacağı Ermənistanın iki özəl şirkəti alıb. Bundan sonra benzin və dizel tədarükü davam etdirilib. Azərbaycan həmçinin Rusiya və Qazaxıstandan Ermənistana göndərilən taxıl və digər yüklərin öz ərazisindən tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan Ermənistana 17 milyon 372 min dollar dəyərində məhsul ixrac edib. Bu ixracın əsas hissəsini benzin və dizel yanacağı təşkil edib. Həmin dövrdə Azərbaycanın Ermənistandan idxalı statistikada cəmi 960 dollar göstərilib. Lakin Dövlət Gömrük Komitəsi sonradan açıqlayıb ki, söhbət Niderlanddan gətirilən Ermənistan mənşəli qızılgüllərdən gedib. Məhsul birbaşa Ermənistan şirkətindən alınmadığı üçün bunu Azərbaycan-Ermənistan şirkətləri arasında ikitərəfli ticarət saymaq mümkün deyildi. DGK-nın izahına görə, məhsul mənşə ölkəsinə görə gömrük statistikasında Ermənistanın adına yazılmışdı. Deməli, Paşinyanın açıqladığı yeni müqavilə Ermənistan şirkətinin öz məhsulunu birbaşa Azərbaycan şirkətinə satdığı ilk real kommersiya əqdidir. Başqa sözlə, ticarət artıq yalnız Bakıdan İrəvana deyil, İrəvandan Bakıya doğru da başlayır. Ermənistandan ilk nə alacağıq? Hazırda bu sualın təsdiqlənmiş cavabı yoxdur. Nə Paşinyan, nə Mirzoyan, nə də Ermənistanın İqtisadiyyat Nazirliyi məhsulun adını açıqlayıb. Azərbaycan tərəfi də sövdələşmə ilə bağlı hələ rəsmi məlumat yaymayıb. Lakin iki ölkənin ilin əvvəlindən müzakirə etdiyi məhsulların siyahısı məlumdur. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan yanvar ayında Bakı ilə İrəvan arasında potensial ticarət mallarının siyahılarının mübadilə edildiyini bildirmişdi. Ermənistan tərəfindən təklif olunan mallar arasında bunlar göstərilirdi: * alüminium və alüminium folqa; Azərbaycan tərəfinin hansı məhsullara maraq göstərdiyi barədə də ilkin müzakirələr aparılmış, mümkün həcmlər və qiymətlər Ermənistan tərəfinə təqdim edilmişdi. Mövcud məlumatları müqayisə etdikdə ilk partiyanın hazır istehlak məhsulundan daha çox sənaye xammalı və ya yarımfabrikat olması ehtimalı güclənir. Xüsusilə alüminium folqa, molibden və ferromolibden ön plana çıxır. Bu məhsulların sanitar və baytarlıq sertifikatlaşdırılması tələb olunmur, onların alınması ictimai istehlak bazarına çıxarılan ərzaq və içkilərlə müqayisədə daha sadədir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili də bildirib ki, ilkin mərhələdə hazır istehlak mallarından daha çox Azərbaycanda emal edilə bilən xammal və sənaye yarımfabrikatları maraq doğura bilər. Deputat molibden, ferromolibden, mis konsentratı, əlvan metallurgiya və tikinti xammalını mümkün istiqamətlər sırasında göstərib. Bununla belə, alüminium folqa və ya ferromolibden ehtimalı hələ rəsmi fakt deyil. Dəqiq cavab yalnız şirkətlərin açıqlamasından, yük sənədlərindən və gömrük rəsmiləşdirilməsindən sonra məlum olacaq. “Birbaşa ticarət” sərhədin açılması demək deyil Əqdin “birbaşa” adlandırılması malın mütləq şəkildə Azərbaycan-Ermənistan sərhədindən keçirilməsi anlamına gəlmir. Buradakı “birbaşa” ifadəsi Azərbaycan şirkətinin Ermənistan şirkəti ilə üçüncü ölkədəki vasitəçi olmadan müqavilə bağlamasını göstərir. Hazırkı mərhələdə yükün Gürcüstan üzərindən daşınması daha real görünür. İki ölkə arasında yeni quru nəqliyyat kommunikasiyaları hələ tam istifadəyə verilməyib. Buna görə də müqavilə birbaşa olsa da, fiziki daşınma marşrutu üçüncü ölkədən keçə bilər. Əliyevin Bişkekdə elan etdiyi proses başladı Yeni ticarət əqdi Prezident İlham Əliyevin Bişkekdə səsləndirdiyi tezisin dərhal ardınca təsdiqlənib. Prezident sentyabrın 1-də “ŞƏT plyus” toplantısındakı çıxışında Azərbaycanın artıq Ermənistana neft məhsulları göndərdiyini, üçüncü ölkələrdən gələn yüklərin tranzitini təmin etdiyini bildirib. Dövlət başçısı Bakı ilə İrəvanın qarşılıqlı ticarətin həcmini artırmaq, məhsul çeşidini genişləndirmək və yeni yerüstü nəqliyyat kommunikasiyaları yaratmaq üzərində birlikdə çalışdığını vurğulayıb. İlham Əliyev bu prosesi Cənubi Qafqazın münaqişə zonasından sülh zonasına çevrilməsinin nəticəsi kimi təqdim edib. Prezidentin Bişkek çıxışında ticarət artıq siyasi normallaşmanın əsas praktiki istiqamətlərindən biri kimi göstərilib. Bişkekdə İlham Əliyevlə Nikol Paşinyanın görüşünün rəsmi məlumatında da Azərbaycan neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkə yüklərinin Azərbaycan ərazisindən tranziti və iki ölkə arasında ticarət münasibətlərinin qurulması “sülh dividendlərinin praktiki təzahürü” adlandırılmışdı. Liderlər biznes dairələri arasındakı təmasları alqışlamış və iqtisadi, ticari və enerji əməkdaşlığının genişləndirilməsini müzakirə etmişdilər. Ermənistan baş nazirinin ofisinin yaydığı məlumat da bunu təsdiqləyir. Paşinyanın cəmi iki gün sonra ilk ixrac müqaviləsinin bağlandığını elan etməsi göstərir ki, Bişkekdə danışılanlar ümumi diplomatik ifadələr olmayıb. Siyasi razılaşmanın arxasınca özəl şirkətlər hərəkətə keçib. Bu əqdin iqtisadi həcmi böyük olmaya bilər. İlk partiya hətta sınaq xarakteri də daşıya bilər. Lakin onun siyasi və psixoloji çəkisi rəqəmlərdən qat-qat böyükdür. Dünən bir-birinə atəş açan iki dövlətin şirkətləri bu gün qiymət, keyfiyyət, ödəniş və çatdırılma şərtlərini müzakirə edirlər. Sülhün ən möhkəm təminatı yalnız imzalanmış siyasi sənədlər deyil. Sülhün arxasında yük qatarları, bank köçürmələri, müqavilələr və qarşılıqlı iqtisadi maraqlar dayananda geri dönüşün qiyməti də ağırlaşır. İndi əsas sual budur: İrəvandan Bakıya gələcək ilk yük nə olacaq? Alüminium folqa, ferromolibden, tekstil, yoxsa kənd təsərrüfatı məhsulu? Cavab yaxın günlərdə məlum olacaq. Ancaq tarixi fakt artıq ortadadır: Azərbaycan şirkəti Ermənistan şirkətindən məhsul almaq üçün ilk birbaşa müqaviləni bağlayıb. Sülh diplomatik mətnlərdən çıxaraq kommersiya müqaviləsinə çevrilməyə başlayıb. Geri qayıt |