Əsas Səhifə > Ana xəbər / Güney Press > “Atam əməliyyata öz ayaqları ilə getdi, indi yeriyə bilmir”
“Atam əməliyyata öz ayaqları ilə getdi, indi yeriyə bilmir”Bu gün, 16:22 |
|
“Atam xəstəxanaya öz ayaqları ilə getdi, amma əməliyyatdan sonra yeriyə bilmir”. Bu şikayətlə “Qafqazinfo”ya 73 yaşlı İsmayıl Əliyevin qızı Firəngiz Muxtarova müraciət edib. Onun iddialarına görə, atasının vəziyyəti əməliyyatdan sonra kəskin pisləşib və artıq 5 aydır ki, həkim bununla bağlı heç nə etmir: “Atam aprelin 8-də sidik kisəsində və böyrək axarında olan daşla bağlı “Olimp” xəstəxanasında uroloq Fərhad Cavadov tərəfindən əməliyyat olunub. Əməliyyatdan sonra bir gün xəstəxanada saxlanılıb və daha sonra evə buraxılıb. Amma drenaj qoyulmadan evə göndərildi. Aprelin 11-də vəziyyəti kəskin pisləşdi və onu Cavadzadə adına Uroloji Xəstəxanaya apardıq. Orada KT müayinəsi edildi və həkim təcili şəkildə bizi yenidən “Olimp” xəstəxanasına göndərdi”. Qadının sözlərinə əsasən, həmin gün İsmayıl Əliyev ikinci dəfə əməliyyat olunub. Ailəyə əməliyyat zamanı bağırsağın deşildiyi bildirilib. Xəstə ikinci əməliyyatdan sonra təxminən 10 gün xəstəxanada saxlanılıb: “Bir insan kimi, həkim olaraq ən azından gəlib xəstənin vəziyyəti ilə maraqlanmalı idi. Mən ondan nə maddi yardım, nə də başqa bir şey istəmişəm. Heç nə tələb etməmişəm. Sadəcə istəyirdim ki, xəstəsinin vəziyyətini soruşsun, mənimlə əlaqə saxlasın. Məndən xəstəxanada pul istənilib və həkimə 1000 manat pul vermişəm. Həkim deyir ki, guya orada heç nə etməyib. Əgər heç nə etməmişdisə, xəstə niyə 10 gün orada saxlanılıb? Özü deyir ki, xəstəyə 10 min manat xərc çəkilib. Əgər onun heç bir məsuliyyəti və iştirakı olmayıbsa, bu xərc niyə yaranıb? Atam əvvəldən insult keçirmiş xəstə idi və gəzməsində müəyyən məhdudiyyətlər var idi. Amma özü hərəkət edirdi. Bu gün isə vəziyyəti tamamilə başqadır. İndi onu xərəkdə gəzdiririk, tibbi yardım çağırırıq, müayinələrə uzanıqlı vəziyyətdə aparırıq. Əməliyyatdan sonra iflic vəziyyətinə düşüb və demək olar ki, heç bir hərəkəti yoxdur. İkinci əməliyyatda Zahid adlı cərrah da orada olub. Bizə bağırsağın deşildiyini dedilər. Amma atam 37 il əvvəl Moskvada onkoloji xəstəliklə bağlı əməliyyat olunub. O zaman bağırsağı çölə çıxarılmışdı. Lakin həmin əməliyyatdan sonra 37 il normal həyat yaşayıb. İndi isə sual yaranır: sidik kisəsi və böyrəklə bağlı əməliyyat zamanı bağırsaqda problem necə yaranıb? Əgər əsas əməliyyat sidik kisəsi ilə bağlı idisə, bağırsağa müdaxilənin səbəbi nə olub? İkinci əməliyyat zamanı bağırsaqda hansı müdaxilələr aparılıb? Biz bütün bunların araşdırılmasını istəyirik”. Şikayətçi deyir ki, böyrəyə qoyulan stent də hələ çıxarılmayıb. O, hazırda atasının vəziyyətinin son dərəcə ağır olduğunu bildirir: “Danışa bilmir, huşu aydın deyil, məni, öz övladını belə tanımır. Üç gündür nə yemək yeyir, nə də su içir. Şiddətli ağrıları və halsızlığı olub. Hazırda heç bir hərəkəti yoxdur, nə otura, nə də gəzə bilir. Çəkisi 40-41 kiloqrama düşüb. Demək olar ki, bir dəri, bir sümük qalıb. Həkimlər vəziyyətinin ağır olduğunu və 3-4 gün vaxtının qala biləcəyini bildiriblər. Atam sağ olduğu müddətdə bu məsələnin araşdırılmasını istəyirəm. Əgər lazım gələrsə, bütün tibbi sənədlərin, əməliyyatların və baş verənlərin ekspertiza olunmasını tələb edəcəyəm. Mən istəyirəm ki, həqiqət ortaya çıxsın”. Şikayətçi məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət etdiyini əlavə edib: “Bakı Baş Prokurorluğuna müraciət etmişik, 102-yə zəng etmişəm, Səhiyyə Nazirliyinə müraciət etmişəm. Bizə deyirlər ki, məsələ ekspertizadadır, ekspertizanın cavabı verilməlidir”. Firəngiz Muxtarova baş verənlərə görə Uroloq Fərhad Cavadovu günahkar görür. O, atasının sağlamlığına ciddi zərər dəydiyini və hadisənin tibbi səhlənkarlıq olub-olmadığının araşdırılmasını tələb edir. Məsələ ilə bağlı Uroloq Fərhad Cavadovla əlaqə saxladıq. Həkim məsələyə belə münasibət bildirib: “Bu xəstə illər əvvəl Rusiyada onkoloji xəstəliklər səbəbindən bağırsaq əməliyyatı keçirib və bağırsağı stoma ilə çölə çıxarılıb. 10 ildən artıqdır ki, bu stoma ilə yaşayırdı. Bundan əlavə, 2 dəfə insult keçirib, yataq xəstəsidir. Yəni mənim yanıma gələndə araba ilə gətirmişdilər. Üstəlik, ağır qrup şəkər xəstəsidir. Bu xəstənin sol böyrək kanalında və sidik kisəsində çoxsaylı daşları var idi. Normal əməliyyat keçirib, daşları tam təmizlənib və 1 gün sonra kateterlə evə yazılıb. Sadəcə, xəstənin əvvəl keçirdiyi və qarnında olan dərin çapıqlara bağlı və xəstənin aktiv xəstə olmaması səbəbindən sidik kisəsi ətrafında maye sovrulmayıb. Xəstə təkrar əməliyyata alınıb, maye aspire edilib. Xəstəxanada 10 gün qalıb, nə lazımdırsa, təmənnasız olunub. Lakin şəkər xəstəsi olduğundan yara sağalması ikincili olub. Xəstə tam sağlamdır, evindədir. Sadəcə, adamlarının istəyi budur ki, doktor ömür boyu bu xəstə ilə maraqlansın, bütün ehtiyacları təmin etsin. Qızı da məndən tələb edir ki, əgər onların tələbini yerinə yetirməsəm, mediada işıqlandıracağam. Hətta müəyyən məbləğdə pul tələb olunub”. Geri qayıt |