Əsas Səhifə > Ana xəbər / Güney Press > Güney Qafqaz YENİDƏN QARIŞIR?
Güney Qafqaz YENİDƏN QARIŞIR?Bu gün, 01:56 |
|
Rusiya–Ukrayna müharibəsi, Körfəzdə baş verən toqquşmalar və Çinin "Bir kəmər, bir yol" layihəsi Cənubi Qafqazın, eləcə də Xəzər hövzəsinin geostrateji əhəmiyyətini xüsusilə artırıb. Regionun "Orta Dəhliz" və "Şimal–Cənub" kimi qlobal nəqliyyat arteriyalarının ana qovşağına, əsas logistika mərkəzinə çevrilmə ehtimalı çox yüksəkdir. Dövlətlər, təbii ki, bu prosesdən maksimum qazanclı çıxmaq üçün addımlar atırlar. Ancaq bəzən strateji hədəflər deyil, dünyada sürətlə dəyişən konyunkturaya uyğun anlıq davranışlar sərgiləyirlər.
Hazırda kiçik dövlətlərin uzunmüddətli strateji hədəflər qoyması və buna çatmaq üçün iradə nümayiş etdirməsi real və effektiv sayıla bilməz. Səbəb çox sadədir: böyük dövlətlər əvvəlki kimi dözümlü və kiçik dövlətlərin nazı ilə oynayacaq səbrə malik deyillər. Hər kəs tortdan daha böyük pay götürmək üçün yarışır, savaşır.
Azərbaycan bu yarışda kifayət qədər əhəmiyyətli və üstün mövqeyə malikdir: bir tərəfdən Xəzər hövzəsi və Orta Asiya ölkələri ilə sıx inteqrasiya, digər tərəfdən isə İranla Rusiya arasında yerləşən unikal coğrafi məkan. Azərbaycan həm İran, həm də Rusiya ilə münasibətlərini sabit, mehriban qonşuluq müstəvisində saxlamalıdır. Bakı İrana Hind okeanına açılan qapı kimi, Rusiyaya isə böyük bazar kimi baxmalıdır. Azərbaycan özünü Şərqlə Qərb arasında körpü kimi görürsə, praktiki siyasətini də buna uyğun qurmalıdır. Bu o demək deyil ki, hansısa kənar təhdid qarşısında boyun əyməlidir; əksinə, yalnız öz milli maraqlarını qorumalı, yaranmış geopolitik fürsətlərdən maksimum istifadə etməlidir.
Yaranmış vəziyyətin region üçün təhlükələri də az deyil. Ermənistanın Zəngəzur koridoru üzərindəki nəzarəti və ya idarəçiliyi ABŞ-yə ötürmək cəhdləri region üçün ciddi risklər yaradır. ABŞ-nin İrana yönəlik həmlələri və hazırkı qlobal mənzərə göstərir ki, Vaşinqton nəinki müttəfiqlərinin, hətta öz strateji maraqlarını bile tam müdafiə etmək gücündə deyil. Rusiya–Ukrayna müharibəsi də sübut edir ki, Moskva Qərbin başçılıq etdiyi və 52 ölkənin dəstəklədiyi bu çətin müharibədə məğlub olmur. Bu iki real faktı nəzərə almadan həmin güclərdən birinə qarşı cəbhə açmaq və ya onlara qarşı açıq mövqe tutmaq böyük fəsadlar doğura bilər.
Qərb blokuna qarşı geoiqtisadi balans yaradan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısındakı təmaslar və oradan verilən mesajlar göstərdi ki, regional avantüralara qapılmaq dövlətlərin suverenliyini birbaşa təhdid altına ala bilər. Bizdə bir çoxları Paşinyanın Putinlə polemikasını böyük bir uğur kimi qiymətləndirir, bundan fərəhlənirlər. Ancaq Putinin mətbuat konfransındakı mesajları onu deməyə əsas verir ki, Moskva artıq İrəvanla bağlı daha kəsərli addımlar atmaq niyyətindədir. Putin açıq şəkildə bəyan etdi ki, hərbi bazaları da Ermənistandan çıxara bilərlər; hətta Ermənistan rahat şəkildə Avropa İttifaqına da inteqrasiya oluna bilər — sadəcə qərar versinlər və vaxt müəyyənləşdirsinlər. Hesab edirəm ki, bir dövlət başqa bir dövləti bundan daha açıq şəkildə təhdid edə bilməz.
Bəziləri iddia edə bilər ki, Rusiyanın başı Ukraynaya qarşı müharibəyə qarışıb və Ermənistana hərbi müdaxilə edə bilməz. Fərz edək ki, Rusiya Ermənistana təsir etmək istəyir; bunun üçün mütləq qurudan qoşun yeritməlidir? Xeyr. PUA-larla Polşa, Baltikyanı və Rumıniya kimi NATO ölkələrinin HHM sistemlərini test edən, dronlarla Ukraynanın Qara dəniz sahillərini blokadaya alan bir dövlət Ermənistana niyə qurudan qoşun yeritsin ki? Dron texnologiyaları varkən klassik qoşuna nə gərək var? Qaldı ki, Ermənistanın Ukraynadan fərqli olaraq heç bir coğrafi dərinliyi də yoxdur. Ermənistan hərb tarixində dronlarla təslimiyyət aktına imza atan ilk ölkə ola bilər. Və belə bir ssenarida Ermənistanı kim xilas edəcək? Heç kim.
BMT-nin təsir imkanlarını itirdiyi bir dövrdə ŞƏT kimi alternativ təşkilatlar genişlənməkdədir. Diqqət çəkən digər məqam Orta Asiya uğrunda gedən səssiz nüfuz savaşı və burada Hindistanın artan roludur. Azərbaycanın əsas strateji tərəfdaşlarından biri Pakistan, Ermənistanınki isə Hindistandır. Hindistanla Pakistan arasındakı fundamental fərq ondadır ki, Yeni Dehli sürətlə böyüyən iqtisadiyyatdır; müttəfiq olduğu ölkələrə və maraq zonasında olan regionlara böyük sərbəst kapital və investisiya yatırır. Pakistanın yanaşması isə daha çox passiv və resurs gözləyən dövlət modelini xatırladır. Faktiki olaraq muzdlu dövlət təsiri bağışlayır.
Hindistanın Orta Asiyaya, xüsusilə Özbəkistana böyük yatırımları var; hətta tərəflər arasında hərtərəfli müttəfiqlik sazişi imzalanıb. Hindistan Çinlə müqayisədə daha çevik və zərif siyasət yürüdür: Çin Orta Asiya ölkələrini kredit borcları ilə küncə sıxışdırdığı halda, Hindistan bərabərhüquqlu əməkdaşlıq xətti seçib. Hindistanın təhsil və insan kapitalına yatırım etməsi onun yanaşmasının nə qədər strateji olduğunu göstərir.
Hindistan Ermənistanla da eyni modeli tətbiq edir. Tərəflər arasında həm "Pinaka" yaylım atəşli raket sistemləri, "ATAGS" artilleriyası və HHM komplekslərinin tədarükü, həm də birgə hərbi sənaye istehsalına dair memorandum imzalanıb. Bu tərəfdaşlığın gələcək fəsadları ayrı bir yazının mövzusudur. Deməyim odur ki, böyük dövlətlərlə müttəfiqlik məhz bu formatda — qarşılıqlı dəyər yaratmaq üzərində qurulmalıdır. Nənəm demişkən: bizi tapan da deyir, "ver yeyim..."
Dünyadakı geopolitik gərginliyin hələ pik həddinə çatmadığını düşünürəm; əksinə, eskalasiya mərhələsi davam edir. Bu da o deməkdir ki, hərbi münaqişələrin coğrafiyası genişlənəcək və müharibəyə cəlb olunan ölkələrin sayı artacaq.
Cənubi Qafqazda sülhün və ya müharibənin taleyi nə Azərbaycandan, nə Ermənistandan, nə də Gürcüstandan asılıdır. Regionda maraqları toqquşan böyük güclər uzlaşacağı təqdirdə sülh bərqərar olacaq; əgər geopolitik sövdələşmə baş tutmasa, region yeni bir xaos dalğasına qərq olacaq.
Səxavət Məmməd - "DİA-AZ"
.
.
.
Yazıları DƏDƏ MALI kimi oğurlaya bilərsiniz...
Geri qayıt |