Əsas Səhifə > Ana xəbər / Güney Press > Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir
Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlirBu gün, 15:03 |
|
“KredAqro” BOKT MMC-də indiyədək vakanr olan direktor vəzifəsinə yeni şəxs təyin edib. Nailya Kerimova Dəmirovna şirkətin yeni direktoru təyin ediləcək. Sözügedən vəzifə indiyədək faktiki olaraq vakant olub. Banker.az xəbər verir ki, bununla bağlı Ümumi Yığıncaq qərar verib. Nailya Kerimova bundan əvvəl “Sun Finance Azerbaijan”da maliyyə direktoru, “AccessBank” QSC-də isə IFRS hesabatlılığı üzrə departament rəhbəri vəzifələrində çalışıb. O, 2022-2025-ci illərdə “AccessBank”da fəaliyyət göstərib. Daha əvvəl isə 11 ildən çox “Bank VTB (Azerbaijan)”da müxtəlif hesabatlıq vəzifələrində, həmçinin “DemirBank” və “Unibank”da çalışıb. Karyerasının ilk illərində Rusiyanın “Alfa-Bank”ında plastik kartlar və VIP müştərilərə xidmət istiqamətində fəaliyyət göstərib. “KredAqro”nun rəhbərliyində baş verən bu dəyişiklik BOKT-nin son bir ildə sürətlə böyüyərək mikromaliyyə bazarında mövqelərini yenidən gücləndirməsi fonunda baş verir. Şirkət 2025-ci ili 2.23 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki 2024-cü ildə BOKT 164 min manat zərər açıqlamışdı. Ötən il “KredAqro”nun faiz gəlirləri 4.2 dəfə artaraq 7.93 milyon manata, xalis faiz gəlirləri isə 373.4% artaraq 6.94 milyon manata yüksəlib. BOKT-nin aktivləri də il ərzində 5.2 dəfə artaraq 53.17 milyon manata çatıb. Bunun 37.45 milyon manatı müştərilərə verilmiş kreditlərin payına düşüb. Beləliklə, kredit portfeli bir il ərzində 5.7 dəfə böyüyərək aktivlərin 70.4%-ni təşkil edib. “KredAqro”nun sürətli genişlənməsinin arxasında əsasən səhmdar tərəfindən təmin edilən yeni kapital dayanır. Şirkətin nizamnamə kapitalı 2025-ci il ərzində 1 milyon manatdan 23.79 milyon manata yüksəlib. Kapital artımının 22.79 milyon manatlıq hissəsi səhmdar tərəfindən nağd vəsait şəklində yatırılıb. Eyni zamanda, BOKT əlaqəli tərəflərdən cəlb etdiyi borcları 765 min manatdan 21.98 milyon manata çatdırıb. Formalaşdırılan vəsaitlərin əhəmiyyətli hissəsi kreditləşmənin genişləndirilməsinə yönəldilib. Xatırladaq ki, “KredAqro” BOKT MMC mikromaliyyələşdirmə sahəsində fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 23.79 milyon manatdır. BOKT-nin səhmdarı Nikolay Smirnovdur. Şirkətin əvvəlki səhmdarı “AqroMost Finans” MMC olub. Geri qayıt |