Əsas Səhifə > Ana xəbər / Güney Press > Deputatın professor olan qudası ittihamları qəbul etmir
Deputatın professor olan qudası ittihamları qəbul etmirBu gün, 08:34 |
|
Ali Məhkəmədə Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədr müavini professor Raya Nəcəfovanın barəsindəki qərardan verilən kassasiya şikayətinin bəzi detalları məlum olub. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi çıxış edib. Kassasiya şikayətində qeyd olunub ki, iş üzrə zərərçəkmiş şəxslərin əksəriyyəti Raya Nəcəfovanı əvvəlcədən tanımayıb və onunla birbaşa əlaqə saxlamayıb. Həmin şəxslər pul vəsaitlərini birbaşa Nəcəfovaya deyil, zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) veriblər. Müdafiə tərəfinin mövqeyinə görə, həmin vəsaitlərin sonradan Raya Nəcəfovaya çatdırılması barədə nəticə əsasən zərərçəkmiş şəxsin ifadələrinə əsaslanıb. Şikayətdə vurğulanıb ki, S.S.-in ifadələri digər sübutlarla tam uzlaşmır. Həmçinin ayrı-ayrı epizodlarda zərərçəkmiş şəxslərin bildirdikləri məbləğlərlə Raya Nəcəfovaya çatdırıldığı iddia olunan pul vəsaitləri arasında fərqlər mövcuddur. Müdafiə tərəfi bu ziddiyyətlərin xüsusilə digər zərərçəkmiş şəxslər bağlı epizodlarda özünü göstərdiyini bildirib. Kassasiya şikayətində həmçinin qeyd olunub ki, Raya Nəcəfova ayrı-ayrı şəxslərdən pul alarkən məqsədi özgənin əmlakını ələ keçirmək olmayıb. Təqsirləndirilən şəxs həmin şəxslərin işə düzəlməsinə kömək etmək niyyəti ilə hərəkət edib, lakin sonradan onların işə düzəldilməsi mümkün olmayıb. Müdafiəçi vurğulayıb ki, verilmiş vədin sonradan yerinə yetirilməməsi özlüyündə pul vəsaitinin alındığı anda dələduzluq niyyətinin mövcudluğunu təsdiq etmir. Bu səbəbdən müdafiə tərəfi məhkəmələrin Raya Nəcəfovanın özgənin əmlakını əvvəlcədən cinayət yolu ilə ələ keçirmək niyyətində olması barədə nəticəsinin mötəbər sübutlarla təsdiqlənmədiyini bildirib. Kassasiya şikayətində təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinməsi də əsassız hesab edilib. Müdafiə tərəfi zərərçəkmiş şəxslə bağlı epizod üzrə Raya Nəcəfovanın özünü Ekologiya və Təbii Sərvətlər Nazirliyində müavin işləmiş Firdovsi müəllimin köməkçisi kimi təqdim etməsinin vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi kimi qiymətləndirilməsinə etiraz edib. Şikayətdə qeyd olunub ki, Raya Nəcəfova faktiki olaraq hər hansı vəzifəli şəxsin səlahiyyətlərini həyata keçirməyib, hüquqi əhəmiyyətli nəticə doğuran konkret səlahiyyət icra etməyib. Bu baxımdan müdafiə tərəfi CM-nin 310-cu maddəsi ilə irəli sürülmüş ittihamın da mötəbər sübutlarla təsdiq olunmadığını deyib. Müdafiəçi bir sıra zərərçəkmiş şəxslərə dəymiş ziyanın sonradan ödənildiyini və həmin şəxslərin Raya Nəcəfovaya qarşı hər hansı şikayət və tələblərinin olmadığını da qeyd edib. Bundan əlavə, bəzi zərərçəkmiş şəxslərin Raya Nəcəfova tərəfindən onların işə düzəldilməsi barədə hər hansı vəd verildiyini təsdiqləmədikləri bildirilib. Müdafiə tərəfi hesab edib ki, bu hallar da məhkəmələr tərəfindən lazımi qaydada nəzərə alınmayıb. Raya Nəcəfova müdafiəçisi kassasiya şikayətində göstərilən dəlillərə əsasən Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunmasını xahiş edib. İttihama görə, R.Nəcəfova dələduzluqda və vəzifəli şəxsin səlahiyyətini mənimsəməkdə ittiham olunur. O, zərərçəkmişləri Mədəniyyət Nazirliyi, Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və digər qurumlara işə düzəltmək adı ilə aldadıb, onların pullarını ələ keçirib. İş üzrə 11 nəfər - Niftəliyeva Aynur, Allahverdiyeva Natəvan, Fəttahova Arzu, Hacıməmmədov Əmin, İsayeva Ceyran, Yusifov Tural, Musayeva Gülər, Qayıbova Sevinc, Nəcəfova Pərvanə, Qurbanova Lətafət, Səfərov Vəli zərərçəkmiş qismində tanınıb. Məlumat üçün deyək ki, 1960-cı il təvəllüdlü R.Nəcəfova həm də Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçi olub. İttihamda deyilir ki, R.Nəcəfova zərərçəkmişlərdən bəziləri ilə ekologiya və təbii sərvətlər nazirinin sabiq müavini Firdovsi Əliyevin adından danışıb. Söhbət zamanı özünü onun köməkçisi kimi təqdim edib. Xanım müttəhim özü isə ittihamları qəbul etmir, təqsirsiz olduğunu deyir. O, ifadəsində bildirib ki, zərərçəkmiş Sevinc Qayıbovanın aldadılmasında onun deyil, Xanlar Nəsirovun günahı var. Onun sözlərinə görə, əvvəllər Azərbaycan Beynəlxalq Universitetinin prorektoru olmuş X.Nəsirov tanışları vasitəsilə S.Qayıbovanı nazirliklərdən birinə işə düzəldəcəyini deyib. Ondan alınmış pul da Nəsirova çatıb. X.Nəsirov özü isə R.Nəcəfovanın yalan danışdığını bildirib. R.Nəcəfova qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3 (qulluq mövqeyindən istifadə etməkdə təkrar dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilib, barəsində məhkəmə istintaqı dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Həmin qərardan R.Nəcəfova kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək qadın məhkəməyə yazılı ərizə təqdim edərək kassasiya şikayətini geri götürdüyünü bildirib. Sonradan Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib. Qeyd: Raya Nəcəfova Azərbaycan Karate Federasiyasının prezidenti, deputat Ülvi Quliyevin qudasıdır. O, əvvəllər Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının direktoru olub. Geri qayıt |