REAL Partiyasının sədri, tanınmış iqtisadçı Natiq Cəfərli Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin sənədsiz evlərlə bağlı dediklərinə reaksiya verib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə sosial media hesabında yazıb.
N. Cəfərli xidmət rəisini bütün günahı vətəndaşa yükləməkdə ittiham edib.
“Hörmətli Mətin müəllim, vətəndaşların məsuliyyətini sadalamısınız, bütün günahı vətəndaşa yükləmisiniz. Yaxşı, ölkədə 500 minə yaxın sənədsiz ev varsa, bunun bütün günahı vətəndaşdadırmı?! Bu şəraitin yaranmasına görə hansı dövlət-hökumət qurumları, necə məsuliyyət daşımalıdırlar?! Əgər sənədsiz evə dövlət şirkətləri tərəfindən sayğac qoyub illərdir işıq-qaz-su satılıbsa, bu xidmət üçün dövlət şirkəti haqqını alıbsa, bu zaman vətəndaşın mülkiyyət hüququ yaranmırmı?! Yaxşı, qanunsuzdursa, niyə kommunal xidmət göstərib pulunu almısınız?! Vətəndaş illərlə kommunal xidmət ödəyibsa, bu ona hansısa üstünlüklər verirmi?!
Sistem, yanaşma birtərəfli ola, bütün məsuliyyət vətəndaşa yüklənə bilməz – vətəndaş evi tikəndə nəzarət etməli olan orqanlar hara baxıb? Niyə göz yumub? Bu sullara aydın, ədalətli cavablar olmalıdır, onillərdir yaranmış bu problemdə tək günahkar vətəndaş ola bilməz. Səlahiyyəti olanların məsuliyyəti də olmalıdır, məsələnin həlli yolu “əmlak amnistiyasından” keçir, bu “amnistiya” səlahiyyəti olanların məsuliyyət haqqı olmalıdır”, - iqtisadçı bildirib.
Qeyd edək ki, Mətin Eynullayev daha əvvəl sənədsiz evlərlə bağlı bunları deyib:
“Sənədsiz fərdi yaşayış evlərini iki əsas kateqoriyaya bölmək mümkündür. Birinci qrupa müəyyən sənədləri olan, lakin həmin sənədləri hüquqi baxımdan legitim hesab edilməyən evlər daxildir.
İkinci qrupa isə ümumiyyətlə heç bir hüquqmüəyyənedici sənədi olmayan və özbaşına inşa edilmiş tikililər aiddir. Tikilinin özbaşına hesab olunması üçün üç əsas meyar mövcuddur:
- tikinti üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa edilməsi;
- qanunvericiliklə tələb olunan icazələr alınmadan tikilməsi;
- tikinti norma və qaydalarının pozulması.
Bu meyarlardan hər hansı biri mövcud olduğu halda tikili özbaşına tikinti hesab olunur. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ yaranmır”.