|
Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlama aparılır.
Bu barədə Musavat.com-a Xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudov məlumat verib.
O bildirib ki, yoxlamalar nəticəsində bir sıra qanun pozuntuları aşkarlanıb və araşdırmanın yekunları barədə ictimaiyyətə məlumat veriləcək:
“Əvvəlcə Hesablama Palatası yoxlamalar apardı. İndi isə işi Baş İdarə davam etdirir. Çoxlu qanun pozuntusu tapıblar. İndi axırının necə olacağı bəlli deyil. Mərhum Rasim Balayevin rəhbər olduğu dövrdən əvvəlki müddəti də yoxlayırlar. Qoy aydınlıq gətirilsin ki, indiyədək kim nə ilə məşğul olub. İctimaiyyət də, dövlət də bilsin.
Kino pis gündədir, can üstündədir. Biz kino uğrunda bir-birimizi qırırıq, amma arxada belə qanun pozuntuları baş verib. Nəticədə kinomuzun adına arzuolunmaz fikir yarandı. Hər kəs düşündü ki, kino adamları bir-birini qırır. Bunun da əsas səbəbi həmin insanların düz yolda olmaması idi. İndi, çox təəssüf ki, belə yoxlamalarla iş nəticələndi”.
Şeyx Əbdül Mahmudov Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə namizədliyinin irəli sürülməsini də ədalətli qərar hesab etdiyini bildirib:
“İdarə Heyətinin iclasında hər kəs Şəfiqə Məmmədovanı dəstəklədi. Bütün bu əhvalatlara hörmətli Əli İsa Cabbarov qardaşım gətirib çıxardı. O, öz ambisiyası uğrunda bunları etdi. Ancaq nəticədə özü istefa verdi”.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin səlahiyyətləri müvəqqəti olaraq İttifaqın İdarə Heyətinin üzvü, Xalq artisti Şəfiqə Məmmədovaya həvalə edilib.
İttifaqın İdarə Heyətinin iclasında İdarə Heyətinin üzvü, eyni zamanda icraçı katib Əli İsa Cabbarovun istefa ərizəsinə də baxılıb. Ərizə İdarə Heyəti tərəfindən qəbul edilib.
İclasda digər mühüm qərar isə Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiqlənməsi olub. Bu qərar da İdarə Heyəti tərəfindən yekdilliklə qəbul edilib.
Geri qayıt
|