Əsas Səhifə > Ana xəbər / Güney Press > “Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər”

“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər”


Bu gün, 14:33

“Qızım Mədinə Əsədli 2024-cü ildə Bakı Pedaqoji Universitetini əla qiymətlərlə bitirib. Hər il müəllimlərin işə qəbulu imtahanından yaxsı nəticə göstərsə də, hələ də işlə təmin olunmur”.

Bu iddialarla “Qafqazinfo”ya Bərdə rayon Çələbilər kənd sakini Elman Əsədov müraciət edib.

Müharibə əlili olduğunu deyən şikayətçinin sözlərinə görə, qızı bu il də MİQ imtahanında yaxşi nəticə göstərib: “Öz yaşadığımız Çələbilər kəndində Azərbaycan dili və ədəbiyyat fənni üzrə boş vakant yerdə çalışmaq üçün müraciət edib. Lakin Qarabağ Regional Təhsil İdarəsi onunla eyni balı toplamış və uzaq məsafədə yaşayan birini həmin yerə təyin edib. Hər yerə müraciət etmişəm, xeyri olmayıb. Mən istəyirəm bu məsələ obyektiv araşdırılsın və qızım öz kəndimizdə işlə təmin edilsin”.

Müraciətlə bağlı Qarabağ Regional Təhsil İdarəsinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, işə müsabiqədə ən yüksək nəticə göstərən namizəd qəbul olunub: “Bərdə rayon Çələbilər kənd tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyat fənni üzrə 16 saat dərs yükü vakant olub və həmin vakant yer müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə elan edilib.

Müsabiqədə iştirak edən namizədlər arasında ən yüksək nəticəni 65 bal toplayan namizəd göstərib və vakant yer müəllimlərin işə qəbulu qaydalarına uyğun olaraq həmin namizəd tərəfindən tutulub.

Müraciət edən Əsədli Mədinə Elman qızı isə müəllimlərin işə qəbulu müsabiqəsində 64,75 bal toplayıb. Müvafiq qaydalara əsasən, namizədin seçim etdiyi vakant yer üzrə ən yüksək bal toplayan namizəd tərəfindən tutulub”.

Qeyd edək ki, sözügedən imtahanda maksimum bal 100-dür.


Geri qayıt