Əsas Səhifə > Ana xəbər / Güney Press > Maxaçevin "Azərbaycan dosyesi": Zaqatala-Balakəndə muxtariyyət tələbi, separatizm və Moskva planı
Maxaçevin "Azərbaycan dosyesi": Zaqatala-Balakəndə muxtariyyət tələbi, separatizm və Moskva planıBu gün, 06:32 |
|
Musavat.com xəbər verir ki, apardığımız geniş araşdırma Maxaçevin Azərbaycanla bağlı fəaliyyətinin təkcə qonşu Dağıstan siyasətçisinin Azərbaycanda yaşayan avarlarla maraqlanmasından ibarət olmadığını göstərir. Onun rəhbərlik etdiyi və Rusiya tərəfindən idarə edilən separatçı hərəkatın Azərbaycanın inzibati-ərazi quruluşuna toxunan tələbləri, Zaqatala-Balakən bölgəsinə davamlı müdaxiləsi, Azərbaycan vətəndaşı olan avarları “bizim dağıstanlı həmyerlilərimiz” adlandırması, Qarabağdan didərgin salınmış azərbaycanlıların öz ölkələrinin şimalında və şimal-qərbində yerləşdirilməsinə qarşı çıxması və Qarabağ əsirləri ilə bağlı fəaliyyəti Maxaçevin Azərbaycan dosyesinin əsasını təşkil edir. Maxaçev kimdir?Hacı Nuhiyeviç Maxaçev 1951-ci ildə Xasavyurtda anadan olub. Avar əsilli Maxaçev Dağıstan Dövlət Universitetində iqtisadçı və hüquqşünas ixtisasları üzrə təhsil alıb. Onun siyasi və dövlət karyerası uzun illəri əhatə edib. 1988-ci ildə İmam Şamil adına Avar Xalq Cəbhəsinin yaradılmasında iştirak edib, 1991-ci ildə təşkilatın rəhbəri olub. 1992-ci ildə isə Avar Xalq Hərəkatının İcraiyyə Komitəsinin sədri olub. 1990-cı illərdə Maxaçev Dağıstan parlamentinin deputatı olub, eyni zamanda neft sektorunda yüksək vəzifələr tutaraq “Daqneft”ə rəhbərlik edib. Daha sonra III və IV çağırış Rusiya Dövlət Dumasının deputatı seçilib. 2007-ci ildə Maxaçev Dağıstan Respublikası hökuməti sədrinin müavini – baş nazirin müavini təyin edilib. 2010-cu ildən isə Dağıstan Respublikasının Rusiya Federasiyası Prezidenti yanında daimi nümayəndəsi vəzifəsində çalışıb. Yəni Azərbaycandakı proseslərə müdaxilə edən Maxaçev sıradan ictimai fəal deyildi. O, Rusiya vətəndaşı, Rusiya Dövlət Dumasının deputatı və Dağıstanın ən yüksək vəzifəli siyasətçilərindən biri idi. Məhz buna görə onun başqa suveren dövlətin daxilində etnik-siyasi proseslərə müdaxiləsi xüsusilə ciddi məna daşıyırdı. Ancaq onun siyasi yüksəlişinin başlanğıcında məhz avar milli hərəkatı dayanırdı. Maxaçev 1988-ci ildə İmam Şamil adına Avar Xalq Cəbhəsini təşkil etmiş, 1991-ci ildə onun rəhbərinə çevrilmişdi. 1992-ci ildə isə Avar Xalq Hərəkatının İcraiyyə Komitəsinin sədri olmuşdu. Rusiyanın “Kommersant” qəzeti Maxaçevi sonradan birbaşa “Dağıstandakı ən böyük avar hərəkatının lideri” kimi təqdim edirdi. Qəzet 1990-cı illərin əvvəllərində onun rəhbərlik etdiyi hərəkatın tərəfdarlarının silahlandığını da yazırdı. Azərbaycanda “muxtariyyət” tələbiMaxaçevin rəhbərlik etdiyi və Rusiya tərəfindən idarə edilən avar milli hərəkatının Azərbaycan istiqamətindəki siyasi tələbləri xüsusilə diqqətçəkəndir. Söhbət yalnız avar dilində məktəb, qəzet və televiziya verilişlərindən getmirdi. Hərəkatın qurultayında Azərbaycanın mövcud inzibati-ərazi quruluşuna birbaşa toxunan tələblər də irəli sürülmüşdü. Azərbaycan qarşısında Qarabağdan didərgin düşmüş azərbaycanlıların Zaqatala-Balakən bölgəsində və ölkənin şimal rayonlarında yerləşdirilməsinin dayandırılması, avar gənclərin Azərbaycan Ordusuna çağırılaraq Qarabağ döyüşlərinə göndərilməməsi və ən əsası, keçmiş Zaqatala-Balakən bölgəsi daxilində Azərbaycan Respublikasının tərkibində avar muxtar dövlət qurumunun yaradılması tələbi qoyulurdu. Bu, Rusiya tərəfindən Azərbaycanın daxilində etnik prinsip əsasında ayrıca siyasi qurum yaradılması tələbi idi. Başqa sözlə, Maxaçevin rəhbərlik etdiyi milli hərəkat Azərbaycan dövlətinin mövcud inzibati-ərazi quruluşunun dəyişdirilməsini istəyirdi. Bu tələblər mahiyyət etibarilə Azərbaycanın şimal-qərbində etnik məsələni ərazi-siyasi məsələyə çevirmək və separatçı siyasi gündəm yaratmaq demək idi. Burada mühüm bir məqam da var: bu tələblərin arxasında dayanan Maxaçev başqa dövlətin – Rusiyanın vətəndaşı və sonradan həmin ölkənin ali qanunverici orqanının deputatı idi. Rusiya Dövlət Dumasının deputatı olan bir şəxsin Azərbaycan ərazisində hansı etnik qrupun harada yaşamalı olduğuna, Azərbaycanın öz məcburi köçkünlərini öz ərazisinin hansı rayonlarında yerləşdirməli olduğuna və hətta ölkə daxilində hansı muxtar qurumun yaradılmalı olduğuna müdaxilə etməsi artıq adi ictimai fəaliyyət çərçivəsindən kənara çıxırdı. Buradan təbii siyasi sual yaranır: Rusiya dövlətinin yüksək siyasi vəzifələrinə qədər yüksələn bir şəxsin qonşu Azərbaycanın ərazi-siyasi quruluşuna toxunan bu fəaliyyətini Moskva necə görməyə bilərdi? Azərbaycan avarlarını “bizim dağıstanlı həmyerlilərimiz” adlandırırdıMaxaçev bu xətti yalnız rəhbərlik etdiyi təşkilatın sənədlərində saxlamırdı. 2001-ci ildə Rusiyanın “Nezavisimaya qazeta” qəzetinə müsahibəsində Azərbaycanın Zaqatala və Balakən rayonlarında yaşayan milliyyətcə avar Azərbaycan vətəndaşlarını “bizim dağıstanlı həmyerlilərimiz – avarlar” adlandırırdı. Bu ifadə Maxaçevin həmin insanlara hansı siyasi prizmadan yanaşdığını göstərirdi. Söhbət Azərbaycan Respublikasının ərazisində yaşayan Azərbaycan vətəndaşlarından gedirdi. Maxaçev isə onları başqa dövlətin – Rusiyanın tərkibindəki Dağıstanın “həmyerliləri” kimi təqdim edir və onların problemlərini Dağıstanın siyasi məsələsinə çevirirdi. Zaqatala və Balakəndə baş verən prosesləri də Azərbaycanın sırf daxili məsələsi kimi qəbul etmir, onları Dağıstan və Rusiyanın təhlükəsizliyinə aid məsələ kimi Rusiya ictimai-siyasi gündəminə çıxarırdı. Azərbaycana gəlib bu icmalarla işləyirdiMaxaçev özü Azərbaycandakı avarlarla münasibətlərinin yalnız uzaqdan verilən bəyanatlardan ibarət olmadığını etiraf edib. 2002-ci ildə yenə “Nezavisimaya qazeta”ya danışarkən Azərbaycan sərhədinin o biri tərəfində yaşayan avar və ləzgilərdən söz açaraq, mən onların yanına tez-tez gəlirəm, deyirdi. Beləliklə, Rusiya vətəndaşı və yüksək vəzifəli Dağıstan siyasətçisi Azərbaycanın şimal-qərbində yaşayan etnik icmalarla müntəzəm əlaqələr saxladığını özü açıq şəkildə təsdiqləyirdi. Onun bu fəaliyyətini yalnız “mədəni əlaqələr” kimi qiymətləndirmək çətindir. Çünki Maxaçevin rəhbərlik etdiyi hərəkat eyni zamanda həmin ərazilərdə avar muxtariyyəti tələb edirdi və Azərbaycanın daxili demoqrafik siyasətinə müdaxilə edirdi. Azərbaycanın öz məcburi köçkünlərini öz ərazisində yerləşdirməsinə qarşı çıxırdıMaxaçevin mövqeyinin ən kəskin nümunələrindən biri Qarabağdan didərgin düşmüş azərbaycanlılarla bağlıdır. Ermənistanın işğalı nəticəsində yüz minlərlə Azərbaycan vətəndaşı doğma rayonlarından qovulmuş və Azərbaycan dövləti onları ölkənin müxtəlif bölgələrində yerləşdirmişdi. Maxaçev isə Azərbaycan dövlətinin öz vətəndaşlarını öz ərazisində – Zaqatala-Balakən və ölkənin şimal rayonlarında yerləşdirməsinə Rusiya vasitəsilə açıq şəkildə qarşı çıxırdı. “Nezavisimaya qazeta”ya müsahibəsində o, Azərbaycanda yaşayan avar və digər Dağıstan xalqlarının nümayəndələrinin guya ona şikayət etdiklərini söyləyərək həmin ərazilərin azərbaycanlı qaçqınlarla məskunlaşdırıldığını bildirirdi. Hətta məcburi köçkünlərin sayının bölgədə əvvəldən yaşayan dağıstanlıların sayından artıq olduğunu xüsusi vurğulayırdı. Burada vəziyyət xüsusilə diqqətçəkəndir: Rusiya vətəndaşı və Rusiya Dövlət Dumasının deputatı Azərbaycan dövlətinin Ermənistan işğalından qaçmış öz vətəndaşlarını Azərbaycan ərazisinin hansı hissəsində yerləşdirməsinə müdaxilə edirdi. Bu, artıq başqa dövlətin humanitar və daxili idarəetmə məsələsinə münasibət bildirməkdən daha irəli gedən Rusiya planı idi. Maxaçev bununla da kifayətlənmirdi. O, Rusiyanın tapşırığı ilə Azərbaycan iqtidarını avarların milli mənsubiyyətini pasportlarda göstərməsinə, öz məktəblərinin, qəzetlərinin, kitablarının və televiziya proqramlarının olmasına “mane olmaqda” ittiham edirdi. Azərbaycan dövlətinin siyasətini isə dağıstanlıların guya Azərbaycan ərazisindən sıxışdırılıb çıxarılmasının yumşaq, amma dəqiq forması adlandırırdı. Beləliklə, Azərbaycanın öz vətəndaşları ilə bağlı daxili siyasəti Rusiyanın yüksək vəzifəli siyasətçisi tərəfindən xarici siyasi müdaxiləyə çevrilirdi. Maxaçev Zaqatala və Balakəni mütəmadi şəkildə Rusiya mətbuatının gündəminə gətirirdi. Azərbaycanın şimal-qərbində yaşayan avarların vəziyyətini Dağıstanın “problemi” kimi təqdim edir, Azərbaycan hakimiyyətinin bölgədə həyata keçirdiyi siyasəti tənqid edir və həmin ərazilərdəki etnik münasibətləri Rusiya üçün "təhlükəsizlik məsələsi"nə çevirirdi. Bütün bunlar onun rəhbərlik etdiyi və Kreml tərəfindən idarə olunan “avar hərəkatının” Azərbaycan daxilində avar muxtariyyəti yaradılması tələbi ilə birlikdə qiymətləndirildikdə daha aydın siyasi mənzərə ortaya çıxır. Maxaçev Azərbaycan daxilində yaşayan etnik qrupu xarici siyasi mərkəzə bağlayır, həmin qrupun yaşadığı ərazi üzrə qondarma muxtariyyət ideyasını gündəmə gətirən hərəkatın başında dayanır və Azərbaycan dövlətinin həmin ərazilərdə həyata keçirdiyi daxili siyasətə Rusiyanın tapşırığı ilə müdaxilə edirdi. Üstəlik, bunu sonradan Rusiya Dövlət Dumasının deputatı, Dağıstan hökumətinin baş nazir müavini və Dağıstanın Rusiya Prezidenti yanında daimi nümayəndəsi kimi yüksək vəzifələr tutmuş bir siyasətçi edirdi. Buna görə Maxaçevin fəaliyyəti “avarların hüquqlarının müdafiəsi” adı altında aparılan adi etnik-mədəni fəaliyyət kimi təqdim edilə bilməzdi. Faktiki olaraq söhbət Azərbaycanın daxilində etnik məsələni siyasiləşdirən, muxtariyyət tələbini ortaya atan və əsrlərdir birgə yaşayan xalqlar arasında qarşıdurma üçün zəmin yarada biləcək separatçı siyasi xəttdən gedirdi. Həmin dövrdə postsovet məkanında etnik və ərazi münaqişələrinin Moskvanın təsir imkanlarından birinə çevrildiyi, Rusiya siyasi sistemində yüksək mövqelərə yüksəlmiş Maxaçevin maşa olaraq Azərbaycan daxilində apardığı bu fəaliyyətin Moskva tərəfindən birbaşa həyata keçirildiyi gün kimi aydın idi. Bu xətt Azərbaycan dövlətçiliyi baxımından açıq şəkildə separatçı siyasi təhlükə yaradırdı. Lakin Azərbaycanda əsrlərdir birgə yaşayan xalqları separatizmə çəkmək və bir-birinə qarşı qoymaq cəhdləri nəticə vermədi. Bunun ən güclü cavabı Qarabağ uğrunda aparılan müharibələrdə göründü: Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri öz ölkələrinin ərazi bütövlüyü uğrunda birgə döyüşdülər, şəhid və qazi oldular. Xüsusilə 44 günlük Vətən müharibəsində nümayiş etdirilən birlik Azərbaycan cəmiyyətini etnik zəmində parçalamaq istəyən qüvvələrə sərt siyasi sillə oldu. Maxaçevin Azərbaycanla bağlı fəaliyyəti bununla da bitmir. Musavat.com-un növbəti sayında Hacı Maxaçevin Qarabağdakı qondarma işğalçı separatçı rejimlə qurduğu əlaqələr, 1994-cü ildə Bakı metrosunda 13 nəfərin ölümü ilə nəticələnən terror aktını törətməkdə sonradan təqsirli bilinmiş keçmiş azərbaycanlı əsir Azər Aslanovla bağlı izi, onun erməni əsirliyindən Maxaçevin köməyi ilə necə azad edilməsi və daha sonra Dağıstana getməsi barədə geniş araşdırmanı təqdim edəcəyik. Geri qayıt |