Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan Putinin adamıdır, Köçəryanın həbsi oyundur
Paşinyan Putinin adamıdır, Köçəryanın həbsi oyundurBu gün, 10:00 |
|
Müxalifətyönümlü “Novaya qazeta” yayımladığı son müsahibədə Ermənistan hakimiyyətinin Moskva ilə münasibətləri və Robert Köçəryanın təqibi ilə bağlı sərt ittihamlar səsləndirilib. Musavat.com “Novaya qazeta”ya istinadən xəbər verir ki, Qərbyönümlü siyasətçi Andreas Qukasyan müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanın siyasəti ilə bağlı diqqətçəkən ittihamlar səsləndirilib. Müsahibədə irəli sürülən əsas tezis budur ki, Paşinyanın Rusiyadan uzaqlaşdığı və Avropaya inteqrasiyaya yönəldiyi barədə bəyanatlarına baxmayaraq, onun real siyasəti çox zaman Moskvanın maraqları ilə üst-üstə düşür. Hətta bu siyasətin arxasında Kremlin maraqlarının dayandığı və Paşinyanın müəyyən mənada Vladimir Putinin “sifarişlərini yerinə yetirdiyi” iddia olunur. Sitata diqqət edək: "Hazırda ortaya çıxan materiallar seçkilərdən əvvəl ittiham irəli sürmək üçün kifayət edirdisə, o zaman sual yaranır: niyə həmin materiallardan əvvəl istifadə edilmədi? Niyə bu “kart” məhz indi ortaya çıxarılır? Mümkündürmü ki, seçkilərin nəticəsində formalaşan parlament tərkibi Paşinyanı qane edir? Bu halda indiki cinayət təqibi Qərbdəki tərəfdaşlara göstərmək cəhdi kimi qiymətləndirilə bilər ki, guya Paşinyan seçki prosesində prorusiya qüvvələrinə kömək etməyib və onların parlamentə düşməsinə şərait yaratmayıb. Halbuki hazırda həmin qüvvələr parlamentdə səslərin təxminən 40 faizinə nəzarət edir və bu, konstitusion çoxluq tələb edən məsələlər üzrə qərarların qəbulunu mümkünsüzləşdirir. Məsələn, müəyyən məsələlərin referendum üçün parlamentə çıxarılması üçün konstitusion çoxluq tələb olunur. Hesab edirəm ki, bu, Rusiya Federasiyasından bir sifariş idi və yerinə yetirildi”. Müsahibədə Paşinyanın KTMT ilə bağlı mövqeyindəki ziddiyyətlər də xüsusi vurğulanır. Paşinyan Ermənistanın KTMT-dən çıxarılmasının onu məyus etməyəcəyini bildirsə də, Ermənistan 2024-cü ildə təşkilatda iştirakını daha beş il müddətinə uzadıb. Eyni zamanda İrəvan üzvlük haqlarını ödəməməklə təşkilatdan uzaqlaşdığını nümayiş etdirir. Bu isə müsahibəyə görə, açıq və ardıcıl xarici siyasətdən daha çox, həm Moskva, həm də Qərblə münasibətlərdə ikili oyun təsiri yaradır. Qukasyanın müsahibəsindən çıxan əsas nəticə olduqca sərtdir: Paşinyanın Moskva ilə qarşıdurma görüntüsü yaratmasına baxmayaraq, onun siyasəti Kremlin maraqlarına xidmət edə bilər. Bu baxımdan Köçəryanın həbsi də sadəcə korrupsiya ilə mübarizə deyil, Ermənistanın daxili siyasi səhnəsində daha böyük geosiyasi oyunun bir hissəsi kimi təqdim olunur. Yəni İrəvan Moskvadan uzaqlaşmır, Paşinyan Putinlə razılaşdırılmış daha mürəkkəb siyasi oyun oynayır... Musavat.com Geri qayıt |