Əsas Səhifə > Ana xəbər / Güney Press > Quşencənin içməli su böhranı ETİRAF OLUNDU

Quşencənin içməli su böhranı ETİRAF OLUNDU


Bu gün, 14:59

İsamyıllı rayonu Quşencə kəndinin su problemi Sherg.az vasitəsiylə ictimailəşdirildikdən sonra İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi mövcud vəziyyətlə bağlı açıqlama yayıb. Xatırladaq ki, Quşencə kəndinin uzun illərdir su qıtlığı yaşadığı, sakinlərin içməli suyu hələ də su daşıyan maşınlardan ödənişlə aldıqları barədə kənd əhalisi Sherg.az-a məlumat verərək əlaqədar qurumlardan problemin həll olunmasını xahiş edirdilər.

İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi məlumatında bildirir ki, Quşencə kəndinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 3 ədəd subartezian quyusundan qidalanan 1 ədəd nasos stansiyası inşa edilmiş, magistral su xətti və daxili su şəbəkəsi çəkilmiş, 4 ədəd 50 m³-lik su çəni və 30 ədəd küçə bulağı quraşdırılmışdır. Layihə 2019-cu ildə tamamlanaraq istismara verilmiş və kənd əhalisinin küçə bulaqları vasitəsilə içməli su ilə təmin olunması həyata keçirilmişdir. Məlumatda həmçinin qeyd olunur ki, Quşencə kəndinə su qrafikə uyğun olaraq verilir, kənd qəbiristanlığının ərazisinin böyük olması nəzərə alınaraq iki yerdə su kranı quraşdırılıb və həmin kranlara da su qrafik əsasında verilir.

Bununla belə məlumatda Quşencə kəndinin bəzi hissələrində su qıtlığı yaşandığı təsdiq edilir: “Quşencə bələdiyyəsi tərəfindən İsmayıllı RİH-ə təqdim olunan arayışa əsasən bildiririk ki, kəndin dağlıq relyefdə və içməli su mənbələrinin zəif olduğu ərazidə yerləşməsi ilə əlaqədar kənddə, xüsusilə isti yay aylarında, içməli su çatışmazlığı müşahidə olunur. Bələdiyyə tərəfindən verilmiş məlumata görə, 2018-2019-cu illərdə dövlət proqramına uyğun olaraq Zoğallıq kəndində 50 tonluq su anbarı da inşa edilmiş, kəndin aşağı hissəsindən mühərriklər vasitəsilə həmin anbara gündəlik su vurularaq növbəli əsasda sakinlərin istifadəsinə verilmişdir. Lakin mövcud su ehtiyatının əhalinin tələbatını tam şəkildə ödəmədiyi qeyd olunmuşdur”.

Onu da xatırladaq ki, sakinlər kənd qəbirstanlığına çəkilmiş su kranından sakinlərdən birinin öz həyətinə şlanqla su çəkərək öz ehtiyacları üçün istifadə etdiyindən şikayətlənirdilər. Məlumatda bu məsələyə də aydınlıq gətirilir və qeyd olunur ki, Quşencə kənd qəbiristanlığında yerləşən bulaqdan ayrı-ayrı şəxslərin öz həyətlərinə su çəkdiyi barədə səsləndirilən məlumatla bağlı isə Quşencə bələdiyyəsi tərəfindən verilmiş məlumata əsasən, kənd sakini Ağayev Ramiz Alxan oğlu həmin bulağa elastik su borusu çəkərək həftədə bir dəfə sudan istifadə edir.

Beləliklə, Quşencə kəndində içməli su təminatı üzrə müvafiq infrastrukturun yaradılmasına baxmayaraq, suyun mənbələrdən əldə olunması və əhaliyə qrafik əsasında verilməsi ilə əlaqədar müəyyən çətinliklərin mövcud olduğu aidiyyəti qurumların məlumatlarından da görünür.

Məsələ İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən diqqətdə saxlanılır və kənd əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.


Geri qayıt