Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan yenə Başkənd dedi
Paşinyan yenə Başkənd dediBu gün, 09:36 |
|
“1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, Ermənistan Respublikasının ərazisi 29 743 kvadrat kilometr müəyyən edilib. Bütün anklav və eksklav məsələləri yalnız delimitasiya prosesi və sülh yolu ilə nizamlanma çərçivəsində həll edilməlidir”. Bunu ötən həftəsonu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib. Anklav ərazilərinin, xüsusilə Kərki kəndinin taleyi və həmin ərazilərin yenidən məskunlaşdırılması riskləri ilə bağlı suala cavab verən Paşinyan belə deyib: “Sovet dövründə mövcud olmuş xəritələrdə hüquqi baxımdan təsbit edilmiş reallıq var. Alma-Ata Bəyannaməsinin qəbul edildiyi vaxt mövcud olan xəritələrdə Artsvaşen Ermənistan ərazisidir, Kərki, Bağanis-Ayrım, Bərxudarlı və Yuxarı Əskipara isə Ermənistan ərazisi deyil. Bu, qarşılaşdığımız faktdır. Ermənistanın 29 743 kvadrat kilometr təşkil edən ərazisinin hesablanmasına bizim eksklavımız olan Başkənd daxildir, bizim ərazimizdə yerləşən eksklavlar isə bura daxil edilmir”. Baş nazir əlavə edib ki, hazırda İrəvan və Bakı arasında ərazilərin mübadiləsinin aparılıb-aparılmayacağı və ya onların geri qaytarılıb-qaytarılmayacağı ilə bağlı konkret razılaşma yoxdur. Lakin əsas prinsip delimitasiya üzrə komissiyaların birgə fəaliyyət qaydalarında təsbit olunub: “Yekun nəticədə sərhədyanı ərazilərin sakinlərinin dinc şəraitdə yaşamasını təmin edilməli və Ermənistanın 29 743 kvadrat kilometrlik tanınmış ərazisi tam şəkildə qoruyub saxlamalıdır”. O zaman nəyi gözləyirik, niyə anklav kəndlər məsələsi həllini tapmır? Paşinyan yenə Başkənd deyir, bu problem necə həllini tapacaq? Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com bildirib ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesinin ən mürəkkəb məsələlərindən biri sovet dövründən qalan anklav və eksklavların taleyi ilə bağlıdır: “Belə ki, SSRİ dağıldıqdan sonra həm Azərbaycan, həm də Ermənistan beynəlxalq səviyyədə keçmiş ittifaq respublikalarının inzibati sərhədləri çərçivəsində müstəqil dövlətlər kimi tanınıb BMT-nin üzvü olublar. Müasir beynəlxalq hüququn "uti possidetis juris" prinsipinə görə, müstəqillik əldə edilən anda mövcud olan inzibati sərhədlər yeni dövlətlərin beynəlxalq sərhədləri kimi tanınınır. Bu prinsip həm Azərbaycanın və həm də Ermənistanın imzaladığı 1991-ci il Alma-Ata Bəynnaməsində də təsbit olunub”. Onun sözlərinə görə, hər iki dövlətin delimitasiya prosesində qəbul etdiyi əsas yanaşma da sovet dövrünün respublikalararası inzibati sərhədlərinin müstəqil dövlətlər arasında beynəlxalq sərhədlərin əsası kimi götürülməsidir. Q.Əlibəyli xatırladıb ki, 2024-cü ildə hər 2 dövlətin delimitasiya komissiyaları prosesin 1991-ci il Alma-Bəyannaməsi əsasında aparılmasına razılaşıb, 2025-ci ildə avqustun 8-də isə Vaşinqtonda paraflanmış sülh sazişinin I maddəsində keçmiş SSRİ respublikaları arasındakı sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyi bir daha qeyd olunub. Analitik xüsusi vurğulayıb ki, bu yanaşmanın məntiqindən çıxış etsək, delimitasiya yeni ərazi bölgüsü yaratmaqdan daha çox mövcud hüquqi sərhədin xəritə, geodeziya və yerində ölçmələr əsasında dəqiqləşdirilməsi prosesidir: “Bu gün Azərbaycanla Ermənistan arasındakı sərhədin 13 km-lik seqmenti də bu əsasda delimitasiya və demarkasiya olunub. Bu yanaşma baxımından hər 2 dövlət arasında sovet dövründə mövcud olmuş anklav və eksklavların hüquqi statusu prinsip etibarilə dəyişməyib. Lakin onların taleyinin qəti şəkildə həll olunmasına münasibətdə sərhəd məsələlərinə dair ümumi prinsipin tətbiqində müəyyən çətinliiklərl yaranır. Hazırda Azərbaycanın Ermənistan ərazisində yerləşən dörd eksklavı-Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlı Ermənistanın faktiki nəzarətindədir. Eyni zamanda, Ermənistanın Azərbaycan ərazisində yerləşən Başkənd eksklavı Azərbaycanın faktiki nəzarətindədir. Bu məsələlərin delimitasiya prosesinin sonrakı mərhələlərində həll olunması tərəflərin əvvəlki razılaşmalarında da nəzərdə tutulub. Burada mühüm məqam ondan ibarətdir ki, bu ərazilərin əvvəlki hüquqi statusu ilə hazırkı faktiki vəziyyəti arasında ciddi fərq yaranıb. SSRİ dövründə həmin yaşayış məntəqələri vahid dövlət daxilində başqa inzibati sərhədlərlə ayrılmış ərazilər idi. Həmin vaxt əhalinin yerdəyişməsi, iqtisadi əlaqələr, kommunikasiyalar və inzibati idarəetmə bugünkü dövlət sərhədləri rejimindən tamamilə fərqli idi. SSRİ dağıldıqdan sonra isə bu inzibati sərhədlər beynəlxalq sərhədlərin əsasına çevrildiyindən əvvəllər vahid inzibati sistem daxilində mövcud olmuş ərazilər beynəlxalq sərhədlərlə əhatələnmiş eksklavlara çevrildilər”. Qulamhüseyn Əlibəyli deyib ki, sonrakı onilliklərdə isə vəziyyət daha da dəyişib: “Həmin ərazilər mənsub olduqları dövlətlərin faktiki nəzarətindən çıxdı, onlarda yaşayan əhalinin tərkibi dəyişdi, bəzi yaşayış məntəqələri dağıdıldı, kommunikasiyalar və infrastruktur dəyişdi və hər iki tərəfin təhlükəsizlik arxitekturası tamamilə yenidən formalaşdı. Bu gün Ermənistanda eksklav kimi yerləşən Azərbaycan kəndlərində Azərbaycanın heç bir mülki və ya hərbi strukturu yoxdur və azərbaycanlı əhali yaşamır. Yuxarı Əksipara isə tamamilə dağıdılıb və yaşayış üçün yararsızdır. Digər 3 kənddə (Kərki, Sofulu və Barxudarlı) isə erməni əhalisi məskunlaşdırılıb. Eləcə də Azərbaycan ərazisində Ermənistanın eksklavı hesab olunan Başkənd faktiki olaraq erməni əhalisi deyil, Azərbaycan əhalisi yaşayır. Problemi mürəkkəbləşdirən başqa bir amil ondan ibarətdir ki, Azərbaycanın eksklav kəndləri Ermənistan üçün, Başkənd isə Azərbaycan üçün strateji əhəmiyyətli ərazilər hesab olunur. Əlbəttə, beynəlxalq təcrübədə anklav-eksklav məsələsinin həllinin müxtəlif variantları mövcuddur. Bir variant hüquqi sərhədlər əsas götürülməklə hər bir eksklav de-yure aid olduğu dövlətin ərazisi kimi saxlanılır və ya həmin dövlətə qaytarılır. Beynəlxalq hüquq baxımından bu yanaşmanın ciddi əsasları var. Əgər tərəflər Alma-Atı Bəyannaməsinə və paraflanmış sülh sazişi layihəsinə uyğun olaraq keçmiş SSRİ respublikaları arasındakı sərhədləri qarşılıqlı olaraq beynəlxalq sərhəd kimi tanıyırlarsa, həmin sərhədlərdən yaranan eksklavların məsələsini də prinsip etibarilə bu çərçivədən kənarda saxlamaq çətindir. Lakin bu hüquqi arqumentin problemin praktiki həllinin də asan olacağı anlamına gəlmir. Burada əsas çətinlik eksklavların de-yure aid olduqları dövlətlər tərəfindən faktiki idarə olunmasının təşkili ilə bağlıdır. Bunun üçün nəqliyyat əlaqələri, yol və digər infrastrukturlar, təhlükəsizlik təminatı, sərhəd keçid rejimi, kommunikasiyaların qorunması və idarəetmə strukturları və mexanizmləri yaradılmalıdır”. Bundan başqa, ekspert qeyd edib ki, həmin ərazilərə gedən yollar və digər kommunikasiyalar qonşu dövlətin ərazisindən keçməlidir: “Bu isə hər iki tərəf arasında gələcəkdə əlavə asılılıq və potensial gərginlik mənbəyi yarada bilər. Həmçinin, onilliklər ərzində həmin ərazilər üzərində faktiki nəzarətinin dəyişməsi və əhalinin tərkibinin yenilənməsi əlavə humanitar və siyasi problemlər yaradır. Buna görə hüquqi statusun mexaniki şəkildə bərpası əslində yeni və kifayət qədər mürəkkəb keçid mexanizmlərinin yaradılmasını tələb edə bilər”. Siyasi şərhçi onu da qeyd edib ki, problemin həllinin digər bir variantı isə qarşılıqlı kompromis əsasında sərhədlərin dəqiqləşdirilməsidir: “Nəzəri baxımdan bunun ən sadə forması qarşılıqlı ərazi mübadiləsidir. Azərbaycanın Ermənistan daxilindəki eksklavlarının statusu Ermənistanın Azərbaycan ərazisindəki eksklavının statusu ilə birlikdə həll olunur və nəticədə daha kompakt və idarəolunan dövlət sərhədi formalaşdırılır. Belə bir modelin əsas üstünlüyü ondan ibarətdir ki, tərəflər sovet dövrünün inzibati xəritəsini olduğu kimi bərpa etmək əvəzinə, 30 ildən artıq müddətdə formalaşmış yeni reallığı nəzərə alan sərhəd arxitekturası yarada bilərlər. Ərazi kompromisi mümkün problemlərin əsas hissəsini birdəfəlik aradan qaldıra bilər, sərhəd xətti sadələşər, dövlətlərin ərazi bütövlüyü ilə faktiki idarəetmə arasında uyğunsuzluq azala və gələcəkdə yeni təhlükəsizlik böhranlarının yaranması ehtimalı aşağı düşə bilər. Ərazi mübadiləsinin qarşısında ən ciddi maneə hüquqi deyil siyasi və psixoloji xarakter daşıyır. Çünki hər iki dövlətin cəmiyyətinə belə bir kompromisi izah etmək lazım gələcək. Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlı məsələləri Azərbaycan üçün yalnız xəritə üzərindəki ərazilər deyil, tarixi və siyasi yaddaşla bağlı mövzulardır. Bundan başqa, dövlət uzun illər ərzində müəyyən ərazinin özünə məxsus olduğunu bəyan etdikdən sonra həmin ərazidən qarşılıqlı razılaşma əsasında imtina edilməsi daxili siyasi müstəvidə “ərazi güzəşti” kimi təqdim oluna bilər. Bu səbəbdən ərazi mübadiləsi barədə siyasi razılaşmanın əldə edilməsi belə məsələnin avtomatik həll edilməsi demək deyil. Razılaşmanın qüvvəyə minməsi üçün hər iki ölkənin daxili hüququnda tələb olunan prosedurlar həyata keçirilməlidir”. Qulamhüseyn Əlibəylinin fikrincə, ərazi mübadiləsinin ən optimal nəticəsi elə bir sərhəd modelinin yaradılması olardı ki, burada nə Azərbaycan, nə də Ermənistan digər dövlətin ərazisi daxilində idarə edilməsi son dərəcə çətin olan kiçik və strateji eksklavlarla üz-üzə qalsın: “Bu yanaşma yalnız anklav-eksklav problemini deyil, bütövlükdə Azərbaycan-Ermənistan sərhədinin təhlükəsizlik baxımından sabitləşdirilməsini təmin edə və sülh prosesinin institusional baxımdan tamamlanmasına mühüm töhfə verə bilər”. Geri qayıt |