Əsas Səhifə > Ana xəbər / Güney Press > 10,99 yazılır, 11 manat tutulur: 1 qəpiklə varlananlar

10,99 yazılır, 11 manat tutulur: 1 qəpiklə varlananlar


Bu gün, 12:42

Şəbəkə marketlərdə etiketdə 10,99 AZN göstərilən məhsulların kassada 11 AZN hesablanması alıcıların narazılığına səbəb olur.
 
Kassirlər bunu əksər hallarda “xırda pul yoxdur” səbəbi ilə izah edirlər.
Mövzu ilə bağlı “BakuPost”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu, marketlərin istehlakçılardan daha çox gəlir əldə etmək üçün istifadə etdiyi üsullardan biridir.
Onun sözlərinə görə, marketoloqlar satışları artırmaq məqsədilə müxtəlif psixoloji üsullardan istifadə edirlər və qiymətlərin ”…99” formatında göstərilməsi də həmin üsullardan biridir.
“10 manat 99 qəpik yazılıbsa, məhsul da məhz həmin qiymətə satılmalı və çekdə də eyni məbləğ göstərilməlidir. Kassada qiymətin 11 manata yuvarlaqlaşdırılması istehlakçının aldadılması və hüquqlarının pozulmasıdır”, – deyə E.Hüseynov bildirib.
Ekspert qeyd edib ki, oxşar satış üsullarından dünyanın müxtəlif ölkələrində də istifadə olunur. Onun sözlərinə görə, Avropada bəzi mağazalarda qiymətin sonundakı 99 rəqəmləri o qədər kiçik şriftlə yazılır ki, alıcı ilk baxışda bunu görmür və məhsulun qiymətini daha aşağı hesab edir.
Eyyub Hüseynovun fikrincə, kassada qaytarılmayan 1-2 qəpik ayrı-ayrılıqda kiçik məbləğ kimi görünsə də, gün ərzində minlərlə satış zamanı böyük məbləğə çevrilə bilər.
Bununla belə, ekspert bildirib ki, belə hallarda söhbət çox kiçik məbləğlərdən getdiyi üçün məsələ əksər hallarda inzibati məsuliyyət həddinə çatmır. Məhz buna görə də bu üsuldan geniş istifadə olunur.
O əlavə edib ki, rəhbərlik etdiyi quruma bu məsələ ilə bağlı vətəndaşlardan mütəmadi şikayətlər daxil olur.

Geri qayıt