Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakı nefti 100 dolları keçdi, amma bazar aşağı baxır
Bakı nefti 100 dolları keçdi, amma bazar aşağı baxırBu gün, 10:16 |
|
Yaxın Şərqdə geosiyasi gərginliyin nisbətən zəifləməsi dünya neft bazarında yeni tendensiya formalaşdırıb. Musavat.com bildirir ki, ABŞ prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan hərbi əməliyyatı dayandıraraq danışıqlara üstünlük verməsi bazarlarda risk iştahasını artırıb. Nəticədə Brent markalı neft bir gün ərzində 5 faizdən çox ucuzlaşaraq 83–84 dollar intervalına enib, WTI markalı neft isə 80 dollar ətrafında qərarlaşıb. Bununla belə, Azərbaycanın əsas ixrac markası olan “Azeri Light” hələ də yüksək qiymət səviyyəsini qoruyur. Son rəsmi kotirovkaya görə, İtaliyanın Auqusta limanında CIF şərtləri ilə “Azeri Light”ın bir bareli 101,87 ABŞ dolları, Türkiyənin Ceyhan limanında FOB bazasında isə 98,25 ABŞ dolları təşkil edir. Bu göstəricilər Azərbaycan neftinin dünya bazarında hələ də yüksək mükafatla satıldığını göstərir. Maraqlıdır ki, Brent ucuzlaşdığı halda “Azeri Light” 100 dollar həddinin üzərində qalır. Bunun əsas səbəbi Azərbaycan neftinin yüksək keyfiyyəti, Aralıq dənizi bazarında sabit tələbat və qiymət hesablamalarında müəyyən zaman fərqinin olmasıdır. Adətən “Azeri Light”ın kotirovkaları Brent-dəki dəyişiklikləri bir neçə gün gecikmə ilə izləyir. Hazırda bazarın əsas diqqəti ABŞ–İran danışıqlarına yönəlib. Vaşinqton və Tehran arasında diplomatik prosesin başlanacağı xəbərləri investorlarda Hörmüz boğazının yenidən tam fəaliyyət göstərə biləcəyi barədə gözləntilər yaradıb. Dünya üzrə daşınan neftin təxminən beşdəbirinin keçdiyi bu strateji marşrutun təhlükəsizliyinin təmin olunması bazarda ən böyük risk amilini aradan qaldıra bilər. Digər tərəfdən, OPEC+ ölkələrinin sentyabr ayından gündəlik neft hasilatını artırmaq qərarı da qiymətlərə aşağı istiqamətli təzyiq göstərir. Hasilatın artması ilə yanaşı, ABŞ–İran münasibətlərində yumşalma baş verərsə, bazara əlavə neft təklifi daxil olacaq və qiymətlərin daha da sabitləşməsi mümkündür. Lakin bazar hələlik tam nikbin deyil. Analitiklər hesab edirlər ki, danışıqların uğursuzluqla nəticələnməsi və ya Hörmüz boğazında yenidən təhlükəsizlik problemlərinin yaranması qiymətlərin qısa müddətdə yenidən yüksəlməsinə səbəb ola bilər. Son ayların təcrübəsi göstərir ki, ABŞ–İran münasibətlərində verilən hər bir siyasi bəyanat dünya neft bazarında kəskin qiymət dəyişiklikləri yaradır. Azərbaycan üçün hazırkı vəziyyət ikili xarakter daşıyır. Bir tərəfdən, “Azeri Light”ın 100 dolları keçməsi dövlət büdcəsi və Dövlət Neft Fondunun gəlirlərini artırır. Digər tərəfdən, əgər ABŞ və İran arasında uzunmüddətli razılaşma əldə olunarsa, Hörmüz boğazı tam açılarsa və bölgədə gərginlik azalarsa, neftin qiymətində geosiyasi risk əlavəsi də tədricən aradan qalxacaq. Bu halda “Azeri Light”ın da 90–95 dollar intervalına enməsi mümkündür. Bununla belə, qiymətlərin kəskin ucuzlaşacağı hələlik gözlənilmir. Çünki Yaxın Şərqdə vəziyyət tam sabitləşməyib, Ukrayna-Rusiya müharibəsi davam edir, qlobal enerji bazarında geosiyasi risklər isə yüksək olaraq qalır. Bu səbəbdən yaxın həftələrdə neft bazarının istiqamətini iqtisadi göstəricilərdən daha çox Vaşinqton və Tehran arasında aparılacaq danışıqların nəticəsi müəyyən edəcək. Mövcud şəraitdə ən real ssenari neft qiymətlərinin yüksək, lakin dəyişkən qalmasıdır. Diplomatik proses uğur qazanarsa, qiymətlər tədricən aşağı enəcək. Əgər danışıqlar pozularsa və tərəflər yenidən hərbi qarşıdurmaya qayıdarsa, neft bazarında yeni bahalaşma dalğası qaçılmaz olacaq. Geri qayıt |