Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanda “əsrin məhkəməsi” başlayır
Ermənistanda “əsrin məhkəməsi” başlayırBu gün, 12:00 |
|
Ermənistanın Baş Prokurorluğu Katolikos II Qaregin və daha altı yüksək rütbəli din xadimi barəsində cinayət işini məhkəməyə göndərib. Musavat.com erməni KİV-lərinə istinadla xəbər verir ki, prosesin nəticəsi Ermənistan-Apostol Kilsəsi ilə hakimiyyət arasındakı qarşıdurmanın gələcək istiqamətini müəyyənləşdirə bilər. İş üzrə təqsirləndirilən şəxslər arasında II Qareginlə yanaşı, arxiyepiskop Natan Ovanesyan, arxiyepiskoplar Ayqazun Najaryan və Vaan Ovanesyan, yepiskoplar Makar Akopyan, Müşeq Babayan və Ovnан Akopyan yer alır. Cinayət işinin əsasını Masiasotn yeparxiyasının keçmiş rəhbəri Arman Saroyanın kilsə daxilində statusu ilə bağlı yaranmış mübahisə təşkil edir. Kilsənin qərarına əsasən, Saroyan əvvəlcə yeparxiyanın rəhbərliyindən uzaqlaşdırılıb, daha sonra isə ruhani rütbəsindən məhrum edilib. İstintaq isə bu addımları məhkəmənin təminat tədbirinin icrasına mane olmaq kimi qiymətləndirir. Məhz bu yanaşma II Qaregin və digər yüksək rütbəli din xadimləri barəsində cinayət təqibinin əsasını təşkil edib. Müdafiə tərəfi isə ittihamlarla razılaşmır. Vəkillərin mövqeyinə görə, dövlət orqanlarının kilsənin daxili kanonik məsələlərinə müdaxilə etmək, o cümlədən Katolikosa dini şəxslərin statusu ilə bağlı göstəriş vermək səlahiyyəti yoxdur. Prosesin əsas nəticəsi yalnız II Qareginin hüquqi taleyi ilə məhdudlaşmaya bilər. Məhkəmənin qərarı Ermənistan hakimiyyəti ilə EAK arasında uzun müddətdir davam edən qarşıdurmanın gələcək xarakterinə də təsir göstərə bilər. Əgər məhkəmə ittihamları təsdiqləsə, bu, Ermənistan tarixində dövlətin kilsənin yüksək rəhbərliyinə qarşı cinayət-hüquqi mexanizmlərdən istifadə etdiyi ən ciddi presedentlərdən biri olacaq. O da bildirilir ki, I Qaregin və digər din xadimlərinin bəraət alması müdafiə tərəfinin arqumentlərini gücləndirə və cinayət işinin kilsənin daxili məsələlərinə müdaxilə kimi qiymətləndirilməsinə səbəb ola bilər. Müdafiə tərəfi artıq bir sıra din xadimləri barəsində cinayət təqibinin dayandırılması ilə bağlı məhkəmə qərarlarının olduğunu bildirir. Vəkillər bu qərarların iş üzrə digər təqsirləndirilən şəxslərə də tətbiq edilməli olduğunu hesab edirlər. II Qareginə qarşı cinayət işi Ermənistan Baş naziri Nikol Paşinyanla EAK arasında son aylarda dərinləşən qarşıdurma fonunda baş verir. Paşinyan hakimiyyəti kilsənin idarəetmə modelində dəyişikliklərin aparılmasının vacibliyini irəli sürür. EAK rəhbərliyi isə bu yanaşmanı kilsənin daxili işlərinə siyasi müdaxilə kimi qiymətləndirir. Məhkəmə prosesinin necə nəticələnəcəyi bu qarşıdurmanın növbəti mərhələsini müəyyən edə bilər. Hazırda prosesin ilk açıq məhkəmə iclasının tarixi açıqlanmayıb. Müdafiə tərəfi II Qareginin məhkəmədə şəxsən iştirak etməmək hüququnun olduğunu da bildirir. Beləliklə, qarşıdakı məhkəmə yalnız bir cinayət işinə hüquqi qiymət verməyəcək. Proses həm də Ermənistan dövlətinin kilsənin daxili qərarlarına müdaxilə sərhədlərinin harada bitdiyini və EAK-ın ölkənin siyasi sistemində bundan sonra hansı mövqedə dayanacağını müəyyənləşdirə bilər. Geri qayıt |