Əsas Səhifə > Ana xəbər / Güney Press > Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?Bu gün, 08:01 |
|
Tehranın Bakıya qarşı gözlənilmədən bu addımı atması bir daha bu mühüm sualı gündəmə gətirir: İranın şimal qonşusu ilə bağlı xarici siyasəti hansı beyin mərkəzindən idarə olunur? Bu sözləri Axar.az-a açıqlamasında güneyli fəal, siyasi müşahidəçi Əlirza Zamani deyib. Onun sözlərinə görə, İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) tərəfindən Azərbaycanın dövlət televiziyasının (AzTV) "düşmən media" siyahısına salınması İranın hakimiyyət strukturundakı iki fərqli baxışın qarşıdurmasını göstərir: “Həqiqət budur ki, İranın qərarverici strukturunda qonşu ölkələrlə münasibətlərə yalnız təhdid, güc və geosiyasi qırmızı xətlər prizmasından baxan bir qrup var. Bu qrup üçün Cənubi Qafqaz bir tranzit imkanı deyil, hər an partlaya biləcək kəşfiyyat minası sahəsidir. Onlar AzTV-nin İrandakı azərbaycanlıların milli məsələləri ilə bağlı proqramlarını birbaşa milli təhlükəsizliyə təhdid kimi qiymətləndirirlər. Rəsmi dövlət mediasını qara siyahıya salmaq kimi kəskin qərarlar məhz bu dairələrdə hazırlanır. Bu cür addımlar bəlkə qısa müddətdə qarşı tərəfə mesaj vermək məqsədi daşıyır, lakin uzunmüddətli perspektivdə ölkənin milli maraqlarına ağır zərbə vurur”. Ə.Zamani hesab edir ki, bu qruplaşmaya əks tərəfdə hökumətin diplomatik və iqtisadi korpusu dayanır: “Onlar ölkənin strateji maraqlarını və siyasi mövcudluğunu tranzit yolların açılmasında və sərhədlərdə sabitliyin qorunmasında görürlər. Bu qrup üçün "Şimal-Cənub" dəhlizi vasitəsilə hər il milyonlarla ton yükün daşınması, Araz çayı üzərindəki müştərək su bəndləri layihələri və Bakı ilə rabitə kanallarının açıq saxlanılması kəşfiyyat qurumlarının emosional qərarlarına qurban verilməməli olan həyati prioritetlərdir. Bu iki paralel yanaşmanın toqquşması Tehran-Bakı münasibətlərini çətin dövrəyə salıb. Nə vaxt diplomatik korpus böyük səylərlə səfirliklərin fəaliyyətini bərpa edir və sərhəd layihələrini hərəkətə gətirirsə, Tehrandakı təhlükəsizlik yönümlü qurumların qəfil bir qərarı (AzTV-nin qara siyahıya salınması kimi) diplomatiyanın uğurlarını yenidən sıfırlayır. Tehranda qonşu ölkələrlə bağlı vahid strateji mövqe formalaşmayana və təhlükəsizlik orqanlarının kölgəsi iqtisadi və tranzit layihələrin üzərindən çəkilməyənə qədər Bakı ilə münasibətlər “gərginlik, müvəqqəti yumşalma və yenidən gərginlik” dairəsində qalacaq. Bu gün İranın milli maraqları ölkəni daha da təcrid edən təhlükəsizlik yanaşmalarına deyil, diplomatik rasionallığa və iqtisadi inteqrasiyaya daha çox ehtiyac duyur”. Geri qayıt |