Əsas Səhifə > Ana xəbər / Güney Press > Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir?

Nümayəndələr Palatası Azərbaycanla düşmənçilik yolu seçir?


Bu gün, 15:56

Xəbər verdiyimiz kimi, Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin 2026-cı il iyulun 22-də qəbul etdiyi H.R. 9087 saylı qanun layihəsi ilə bağlı kəskin etiraz bildirib.

Həmin sənəddə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamlar qətiyyətlə rədd edilir, Bakıda cəza çəkən erməni canilərin və terrorçuların “hərbi əsir”, “siyasi dustaq” adlandırılması sərt şəkildə pislənilir.

Diqqət çəkən məqamlardan biri isə qanun layihəsinin komitədə müzakirəsi zamanı respublikaçı konqresmen Brayan Mastın da sənədə dəstək verməsi olub.

Bu isə ABŞ Prezidenti Donald Tramp administrasiyası dövründə Azərbaycan-ABŞ münasibətlərinin müsbət dinamika nümayiş etdirdiyi bir vaxtda müxtəlif suallar doğurub.

Respublikaçı konqresmenin bu mövqeyi nədən qaynaqlanır, bu addım Vaşinqtonun rəsmi siyasətini əks etdirirmi və erməni lobbisinin ABŞ Konqresində təsir imkanları hansı səviyyədədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli bildirib ki, ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qəbul etdiyi qanun layihəsi təəssüf doğurur.

O qeyd edib ki, bu, Azərbaycana qarşı aparılan haqsız və ədalətsiz kampaniyanın bariz nümunəsi kimi qiymətləndirilir:

“İlk növbədə, qanun layihəsində Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilir, əsassız ittihamlar irəli sürülür. Bu isə son dövrlərdə ABŞ ilə Azərbaycan arasında formalaşan yüksək əməkdaşlıq perspektivlərinə mənfi təsir göstərə bilər.

Şübhəsiz ki, bu sənəd qəbuledilməzdir. Çünki hazırda Bakıda cəza çəkən erməni hərbi cinayətkarları, hansı ki, onlar artıq Azərbaycan məhkəmələrində təkzibolunmaz faktlar, dəlillər, sübutlar və şahid ifadələri əsasında onlara qarşı irəli sürülmüş ittihamlar tam təsdiq edilib.

Məhkəmə araşdırmaları nəticəsində onların işğal dövründə Azərbaycan xalqına qarşı ağır müharibə cinayətləri, soyqırımı, etnik təmizləmə, separatizm, terrorçuluq və digər ağır cinayətlər törətdikləri sübuta yetirilib.

Məhz buna görə də həmin şəxslər Azərbaycan məhkəmələrinin qanuni və ədalətli qərarları ilə cəzalandırılıblar, qanun qarşısında məsuliyyət daşıyırlar və öz cəzalarını çəkmək məcburiyyətindədirlər”.

Onun sözlərinə görə, bu cür əsassız ittihamların irəli sürülməsi və onlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunması nə konstruktiv yanaşmadır, nə də ikitərəfli münasibətlərin inkişafına xidmət edir:

“Bu kimi əsassız və qərəzli ittihamlar irəli sürərək bununla Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək qəbuledilməzdir. Belə yanaşma həm Azərbaycan dövləti, həm də Azərbaycan cəmiyyəti tərəfindən haqlı narazılıq və ciddi hiddətlə qarşılanır. Çünki Azərbaycan xalqına və dövlətinə qarşı ağır cinayətlər törətmiş şəxslər qanun qarşısında cavab verməli idilər və bu gün də cavab verirlər.

Əlbəttə ki, bu cür mövqe Vaşinqton ilə Bakı arasında münasibətlərə təsir edə bilər. Hazırda ABŞ və Azərbaycan müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək, onu daha da dərinləşdirmək və şaxələndirmək istiqamətində ciddi səylə öz siyasətini həyata keçirir.Bu cür ittihamlar qəbuledilməzdir və Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilə bilməz”.


Geri qayıt