Əsas Səhifə > Ana xəbər / Güney Press > Bank sistemini bu iki adam idarə edirdi…

Bank sistemini bu iki adam idarə edirdi…


Bu gün, 10:08

“Aqrarkredit” QSC-də 100 milyon manatdan artıq kredit vəsaitinin mənimsənilməsi iddiası ilə bağlı keçirilən əməliyyatla bağlı yayılan sensasion məlumat ciddi müzakirələrə səbəb olub.
Bakupost xəbər verir ki, iqtisadçı Əkrəm Həsənov sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə uzun illər “Aqrarkredit”ə rəhbərlik etmiş Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin fəaliyyətini sərt tənqid edib.
Ə.Həsənov bildirib ki, uzun illərdir Məmməd Musayevin fəaliyyəti ilə bağlı yazılar yazır:
“İllərdir ki, Elman Rüstəmovun dostu olan bu adamın mənfi fəaliyyəti haqda yazıram. Bank sistemimizin ağası elə bu iki nəfər idi. Rüstəmov 4 il əvvəl getdi, amma “Bank Məmməd” daha dayanıqlı idi.”
İqtisadçının sözlərinə görə, Məmməd Musayev təkcə dövlətə məxsus “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatının rəhbəri və Sahibkarlar Konfederasiyasının prezidenti olmayıb, həm də “Turanbank”ın faktiki sahibi kimi tanınıb.
Ə.Həsənov qeyd edib ki, bir ildən artıqdır hüquqlarını müdafiə etdiyi şəxsin “Turanbank”dakı əmanətini geri ala bilmirlər.
“Bank deyir ki, guya əmanəti qaytarıb, amma heç bir təsdiqedici sənədi yoxdur. Belə də bank olar?” – deyə o bildirib.
İqtisadçı hesab edir ki, “Turanbank”da da geniş yoxlamalar aparılmalıdır.
“Təklif edirəm ki, bu bankda da yoxlamalar aparılsın. Ekspert kimi pulsuz dəstək olmağa hazıram. Əmanəti qaytardığını sübut edə bilməyən bankda yəqin ki, bundan da böyük pozuntular var. “Aqrarkredit”lə də münasibətləri təftiş etmək lazımdır”, – deyə Ə.Həsənov vurğulayıb.
Qeyd edək ki, dünən mediada “Aqrarkredit” QSC-də dövlət vəsaitlərinin mənimsənilməsi iddiası ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat barədə məlumat yayılıb. Bildirilib ki, kənd təsərrüfatının maliyyələşdirilməsi adı ilə “Aqrarkredit”dən 100 milyon manatdan artıq kredit götürərək təyinatı üzrə istifadə etməməkdə təqsirləndirilən bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Məlumatda uzun illər “Aqrarkredit”ə rəhbərlik etmiş Məmməd Musayev barəsində də cinayət təqibi aparıldığı qeyd olunub.
Əkrəm Həsənovun bugünkü açıqlaması da həmin məlumatların fonunda səsləndirilib. İndiyədək Məmməd Musayev, eləcə də adları çəkilən digər şəxslər və aidiyyəti qurumlar yayılan iddialarla bağlı rəsmi açıqlama verməyiblər.

Geri qayıt