Əsas Səhifə > Ana xəbər / Güney Press > Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır?
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır?Bu gün, 14:59 |
|
Qafanda Ermənistan institutlarından biri və İranın İrəvandakı səfirliyinin birgə təşkilatçılığı ilə "Cənubi Qafqazın geosiyasi və geoiqtisadi transformasiyası fonunda İran və Ermənistan arasında strateji tərəfdaşlıq" mövzusunda görüş keçirilib.
Bakupost.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Tədbirdə çıxış edənlər Cənubi Qafqazda baş verən geosiyasi proseslər fonunda İran və Ermənistan arasında strateji tərəfdaşlığın yeni şəraitə uyğun inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Daha sonra bölgənin hər iki ölkə üçün strateji əhəmiyyət daşıdığı qeyd olunub, vilayətin inkişafı və dayanıqlığının artırılması məqsədilə ikitərəfli əməkdaşlığın genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Bu tədbir nəyə hesablanıb, nə məqsəd daşıyır?
Siyasi şərhçi Abutalıb Səmədov Bakupost.az-a bildirib ki, Tehran Ermənistanla daha da yaxınlaşmağın yollarını arayır:
“Ermənistan İranla sərhəddə yerləşən dövlətlər içərisində onun ən yaxın saydığı dövlətdir. Baxmayaraq ki, rəsmi İrəvan Tehranın qətiyyən qəbul etmədiyi Qərbə yaxınlaşmaq yolunu tutub və ABŞ-ni onun sərhədlərinə qədər gətirib çıxarıb. Bu səbəbdən İran Ermənistanla daha da yaxınlaşmağın yollarını axtarır. Qafanda baş tutan həmin tədbir də məhz bu məqsədə yönəlib.
İran ən çətin məqamlarda Ermənistanın axrasında dayanıb, onun üçün nəfəslik rolunu oynayıb. Habelə Ermənistanın ərazi bütövlüyünü özünün “qırmızı xətti” elan edib”.
Müsahibimiz İrəvanla strateji tərəfdaşlığı inkişaf etdirməklə İranın nail ola biləcəyi hansısa bir ciddi məsələlərin olduğunu düşünmür:
“Yəqin ki, yaxınlarda TRİPP layihəsi üzrə işlərə start veriləcək. Amerika şirkətləri Ermənistandakı fəaliyyətlərini gücləndirəcəklər. Hətta ABŞ-nin Ermənistanın Atom Elektrik Stansiyası ilə bağlı da müəyyən layihələri var. Belə şəraitdə İranın Ermənistandan qazanacağı elə də ciddi bir şey olmayacaq. Tehranın bu çabaları sadəcə olaraq, münasibətləri heç olmasa indiki səviyyədə saxlamaq və Ermənistanı Qərbə daha çox yaxınlaşmaqdan çəkindirmək məqsədi daşıyır.
Həmçinin, İran belə tədbirlərlə dünyaya qonşularla normal münasibətlərdə olduğunu da göstərmək istəyir. Amma əslində hamı bilir ki, İranın bölgə dövlətlərilə münasibətləri həddən artıq pisdir”.
Geri qayıt |