Əsas Səhifə > Ana xəbər / Güney Press > Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır?

Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır?


Bu gün, 05:50

Təhsil eksperti Ramin Nurəliyev təklif edir ki, universitet müəllimləri də mütləq sertifikasiyaya cəlb olunmalıdır.

Redaktor.az-a açıqlamasında Azərbaycan Dillər Universitettinin (ADU) professoru, filologiya elmləri doktoru Vüsalə Ağabəyli səsləndirdi ki, prinsip etibarilə ali təhsildə keyfiyyətin qiymətləndirilməsinin tərəfdarıdır:

"Lakin hesab edirəm ki, universitet müəllimlərinin fəaliyyətini ümumi məktəblərdə tətbiq olunan sertifikasiya modeli ilə qiymətləndirmək doğru yanaşma olmaz.

Ali məktəb müəlliminin fəaliyyəti yalnız auditoriyada dərs deməklə məhdudlaşmır. O, eyni zamanda elmi tədqiqat aparır, beynəlxalq və yerli elmi jurnallarda məqalələr dərc etdirir, layihələrdə iştirak edir, magistr və doktorantlara rəhbərlik edir, konfranslarda ölkəsini təmsil edir, yeni tədris proqramları hazırlayır, universitetin akademik nüfuzunun formalaşmasına töhfə verir. Bu qədər çoxşaxəli fəaliyyəti bir və ya iki imtahanla ölçmək mümkün deyil".

Onun sözlərinə görə, bu gün dünyanın aparıcı universitetlərində müəllimlərin qiymətləndirilməsi daha çox kompleks meyarlar əsasında həyata keçirilir:

"Buraya elmi məhsuldarlıq, tədrisin keyfiyyəti, tələbə məmnuniyyəti, beynəlxalq əməkdaşlıq, qrant fəaliyyəti, innovativ tədris metodlarından istifadə, akademik etikaya riayət və universitetin inkişafına töhfə kimi göstəricilər daxildir. Məncə, Azərbaycan ali təhsilində də məhz bu istiqamətə üstünlük verilməlidir. Zatən ölkəmizdə fəaliyyət göstərən əksər universitetlərdə artıq müəllimlərin fəaliyyətinə uyğun differensial əməkhaqqı sistemi tətbiq olunur ki, bu proses özü-özlüyündə müəllimi təhlil edir və qiymətləndirir.
Digər tərəfdən, universitet müəllimlərinin əksəriyyəti artıq müəyyən mərhələlərdən keçərək akademik vəzifələrə qəbul olunurlar. Onlar magistratura, doktorantura təhsili alır, dissertasiya müdafiə edir, elmi dərəcə və elmi ad qazanırlar. Bundan əlavə, onların fəaliyyəti mütəmadi olaraq attestasiya, müsabiqə, elmi göstəricilər və akkreditasiya prosesləri çərçivəsində qiymətləndirilir. Əgər bu mexanizmlər səmərəli işləyirsə, əlavə sertifikasiya modelinin tətbiqi təkrarlanan qiymətləndirməyə çevrilə bilər".

Müsahibimiz ali təhsildə keyfiyyətin artırılması üçün müəyyən qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu da inkar etmir:

"Xüsusilə müasir texnologiyalardan istifadə, rəqəmsal pedaqogika, süni intellekt alətlərinin tədris prosesinə inteqrasiyası, akademik dürüstlük, tələbəyönümlü tədris metodları və xarici dil bacarıqları kimi istiqamətlərdə müəllimlərin davamlı peşəkar inkişaf proqramlarına cəlb olunması olduqca vacibdir. Lakin bu proses cəzalandırıcı yox, inkişafetdirici xarakter daşımalıdır".

Vüsalə Ağabəyli hesab edir ki, əgər universitet müəllimləri üçün hər hansı sertifikasiya modeli tətbiq olunacaqsa, bu, sadəcə test imtahanından ibarət olmamalıdır:

"Qiymətləndirmə müəllimin elmi portfeli, beynəlxalq nəşrləri, sitat göstəriciləri, dərs yükü, hazırladığı sillabuslar, tətbiq etdiyi innovativ metodlar, tələbələrin rəyləri və peşəkar inkişaf fəaliyyəti nəzərə alınmaqla aparılmalıdır. Hər ixtisas üzrə fərqli qiymətləndirmə meyarlarının hazırlanması da vacibdir. Məsələn, tibb, mühəndislik, filologiya və incəsənət sahələrində çalışan müəllimlərin eyni meyarlarla qiymətləndirilməsi doğru nəticə verməz.

Digər mühüm məsələ isə odur ki, qiymətləndirmə ilə müəllim üçün yaradılan şərait arasında balans olmalıdır. Universitet müəllimindən yüksək elmi nəticələr gözlənilirsə, onun müasir laboratoriyalara, elektron kitabxanalara, beynəlxalq elmi bazalara, qrant imkanlarına və layiqli əməkhaqqına çıxışı da təmin edilməlidir. Yalnız tələb irəli sürmək deyil, həmin tələbləri yerinə yetirmək üçün mühit yaratmaq da dövlətin və ali təhsil müəssisələrinin əsas vəzifələrindən biridir. Ümumiyyətlə düşünürəm ki, ali təhsildə keyfiyyətin artırılması üçün əsas məqsəd universitet müəllimlərinin peşəkar inkişafını, elmi fəaliyyətini və tədris keyfiyyətini davamlı şəkildə yüksəltmək olmalıdır".


Geri qayıt