Əsas Səhifə > Ana xəbər / Güney Press > “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır”

“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır”


Dünən, 16:40

“Fransanın son illərdə Ermənistanın Zəngəzur (Sünik) bölgəsində artan fəallığı təsadüfi proses deyil. Kənd təsərrüfatı, su təsərrüfatı, təhsil, səhiyyə və yerli idarəetmə kimi mülki sahələrə yönələn layihələr ilk baxışdan humanitar və inkişaf xarakteri daşısa da, onların geosiyasi kontekstdən kənar qiymətləndirilməsi doğru olmaz”.

Bu fikirləri Musavat.com-a siyasi ekspert Tural İsmayılov deyib.

Onun sözlərinə görə, beynəlxalq münasibətlər təcrübəsi göstərir ki, böyük dövlətlər strateji ərazilərdə təsir imkanlarını təkcə hərbi vasitələrlə deyil, iqtisadi, mədəni və institusional alətlər vasitəsilə də formalaşdırırlar:

“Fransa da Cənubi Qafqazda məhz belə çoxşaxəli təsir modelini tətbiq etməyə çalışır. Sünik Ermənistanın adi inzibati vahidi deyil. Bu bölgə həm Ermənistanın İranla yeganə quru bağlantısını təmin edir, həm də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyaların bərpası məsələsinin mərkəzində dayanır. Məhz buna görə burada həyata keçirilən istənilən beynəlxalq layihə təkcə iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik baxımından xüsusi məna daşıyır. Fransa bunu yaxşı anlayır və regionda uzunmüddətli mövcudluğunu təmin etmək üçün ardıcıl şəkildə institusional dayaqlar formalaşdırır”.

Tural İsmayılov rəsmi Parisin bölgədə maraqlarının planlı şəkildə həyata keçirilməsini təsdiqləyən detallara da diqqət çəkib:

“Qacaranda fransızdilli mərkəzin açılması, Gorusda fəxri konsulluğun fəaliyyətə başlaması, Fransanın İnkişaf Agentliyinin maliyyələşdirdiyi layihələrin genişlənməsi və Avropa İttifaqı platformaları üzərindən həyata keçirilən proqramlar bir-birindən ayrı təşəbbüslər deyil. Bunlar vahid strateji xəttin elementləridir. Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı siyasi, iqtisadi və humanitar təsir mühiti yaratmaqdır. Bu yanaşma klassik “yumşaq güc” siyasətinin nümunəsi kimi qiymətləndirilə bilər. Digər tərəfdən, Parisin Ermənistanla hərbi əməkdaşlığı da diqqətdən kənarda qalmır. Radar sistemləri, “Bastion” zirehli maşınları və digər müdafiə təyinatlı avadanlıqların tədarükü göstərir ki, Fransa yalnız humanitar tərəfdaş kimi çıxış etmir. Doğrudur, Sünikdə Fransa hərbi bazasının və ya daimi silahlı kontingentinin yerləşdirilməsinə dair təsdiqlənmiş məlumat yoxdur. Lakin müasir geosiyasətdə təsir imkanları yalnız hərbi bazalarla ölçülmür. Diplomatik nümayəndəliklər, inkişaf agentlikləri, təhsil proqramları və beynəlxalq fondlar da uzunmüddətli geosiyasi mövcudluğun vacib elementləridir”.

Ekspert hesab edir ki, Makron administrasiyasının siyasətinin əsas hədəflərindən biri Cənubi Qafqazda Fransanın nüfuzunu artırmaq və Avropa İttifaqı daxilində bu region üzrə aparıcı aktor kimi çıxış etməkdir:

“Lakin bu strategiyanın riskləri də az deyil. Cənubi Qafqaz hazırda nəqliyyat dəhlizlərinin, enerji marşrutlarının və yeni təhlükəsizlik arxitekturasının formalaşdığı həssas mərhələdən keçir. Belə bir şəraitdə kənar güclərin birtərəfli siyasi mövqe nümayiş etdirməsi etimadı azaltmaqla yanaşı, sülh danışıqlarının dinamikasına da mənfi təsir göstərə bilər. Əgər beynəlxalq aktorlar vasitəçi olmaq əvəzinə tərəflərdən birinin mövqeyini gücləndirməyə üstünlük verərlərsə, bu, regionda sabitlik deyil, yeni rəqabət mühiti yaradar. Fransanın Sünik siyasəti məhz bu prizmadan qiymətləndirilməlidir”.

Siyasi ekspert bu fikirdədir ki, Paris humanitar və inkişaf layihələri vasitəsilə Ermənistanın cənubunda öz geosiyasi dayaq nöqtələrini möhkəmləndirməyə çalışır:

“Bu isə Zəngəzur istiqamətində gedən siyasi proseslərin yalnız regional deyil, artıq qlobal güclərin maraqlarının toqquşduğu daha mürəkkəb geosiyasi müstəviyə keçdiyini göstərir. Bu reallıq fonunda Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün xarici güclərin rəqabətindən daha çox, regional əməkdaşlıq modelinə üstünlük verilməsi strateji baxımdan daha məqsədəuyğun görünür”.


Geri qayıt