Əsas Səhifə > Ana xəbər / Güney Press > Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı

Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı


Bu gün, 11:28

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqirləndirilən Fərəc Nəbiyevin (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Fərəc Nəbiyev özünü geniş əlaqələrə malik, dövlət qurumlarında yüksək vəzifəli şəxslərlə münasibətləri olan biri kimi təqdim edərək müxtəlif şəxsləri aldadıb və onlardan pul alıb.

Cinayət işinin materiallarında göstərilir ki, ilk epizod 2022-ci ilin yay aylarında baş verib. Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Beynəlxalq Hüquq İnstitutunun Tula filialını qiyabi formada bitirmiş zərərçəkmiş D.D.-yə (adı, soyadı şərtidir) diplomunun Azərbaycan Respublikasında tanınmasına (nostrifikasiya) köməklik göstərə biləcəyini bildirib. O, Elm və Təhsil Nazirliyində yüksək vəzifəli şəxslərlə əlaqələrinin olduğunu, həmin şəxslər vasitəsilə diplomun tanınmasını təmin edəcəyini və bunun üçün 3 min manat "rüşvət" verilməsinin zəruri olduğunu deyərək zərərçəkmişi inandırıb.

Tərəflər arasında əldə olunan razılaşmadan sonra D.D. 2022-ci ilin yayında Fərəcə 3 000 manat pul verib. Lakin həmin vəsait diplomun tanınmasına yönəldilməyib, şəxsi ehtiyaclara sərf olunub və vəd edilən iş həyata keçirilməyib.

İttihamın ikinci epizodu isə 2024-cü ildə baş verib. Bildirilir ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi E.Əliyevin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının Şirvan Apellyasiya Məhkəməsində azaldılması məqsədilə onun atası təqsirləndirilən şəxsə müraciət edib.

İstintaqın qənaətinə görə, Fərəc Nəbiyev bu dəfə də hüquq-mühafizə və məhkəmə orqanlarında yüksək vəzifəli şəxslərlə əlaqələrinin olduğunu, həmin şəxslər vasitəsilə cəzanın azaldılmasını təmin edə biləcəyini bildirib. O, əvvəlcə bu məqsədlə 10 000 manatın, daha sonra isə əlavə tədbirlər görülməsi adı ilə daha 3 000 manatın "rüşvət" kimi verilməsinin vacib olduğunu deyərək zərərçəkmişləri aldadıb.

İş materiallarına əsasən, zərərçəkmişlər müxtəlif tarixlərdə internet bankçılığı və ödəniş terminalları vasitəsilə təqsirləndirilən şəxsə məxsus bank kartlarına hissə-hissə ümumilikdə 13 000 manat köçürüblər. Fərəc Nəbiyev isə həmin vəsaitləri sonradan bankomatlardan nağdlaşdıraraq şəxsi ehtiyaclarına sərf edib. Nəticədə zərərçəkmişə xeyli miqdarda maddi ziyan dəyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Fərəc Nəbiyev təqsirli bilinərək 2 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək 69 yaşında olduğunu, yalnız bir zərərçəkmişin olmasını və digər yüngülləşdirici halları nəzərə alıb barəsində amnistiya aktının tətbiq edilməsini, cəzasının azaldılmasını və qalan hissəsinin alternativ cəza növü ilə əvəz olunmasını xahiş edib.

Zərərçəkmiş isə apellyasiya şikayətində məhkəmənin təyin etdiyi cəzanı yüngül hesab edib. O, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cəzanın yuxarı həddinin tətbiq edilməsini və daha ağır cəza verilməsini məhkəmədən xahiş edib.


Geri qayıt