Əsas Səhifə > Ana xəbər / Güney Press > Yasda ehsan tam ləğv edilir: Yoxsa vahid menyu gəlir?
Yasda ehsan tam ləğv edilir: Yoxsa vahid menyu gəlir?Bu gün, 08:38 |
|
Azərbaycanda yas mərasimlərində ehsan süfrələrinin təşkili illərdir cəmiyyətin müzakirə etdiyi mövzulardan biridir. Əslində mərhumun xatirəsinə ehtiram və yas sahibinə dəstək məqsədi daşıyan bu ənənə zaman keçdikcə mahiyyətindən uzaqlaşaraq sosial öhdəliyə çevrilib. Bu gün bir çox yas mərasimlərində ehsan süfrələrinin zənginliyi, təqdim olunan yeməklərin çeşidi və mərasimin təmtəraqlı təşkili artıq diqqət çəkən məqamlardan biridir. Qonaqlar üçün hazırlanmış menyu bəzən toy süfrələrini belə xatırladır. Halbuki bu süfrələrin arxasında əzizini yenicə itirmiş, ağır mənəvi sarsıntı yaşayan bir ailə dayanır. Yasın hüznünü yaşayan insanlar, eyni zamanda qonaqları qəbul etmək, süfrə açmaq və bunun xərclərini qarşılamaq qayğısı ilə üz-üzə qalırlar. Son dövrlər israfçılığın qarşısının alınması və yas sahibi olan ailələrin əlavə xərclərdən qorunması məqsədilə ölkənin müxtəlif bölgələrində ehsan süfrələrinin ləğvi və ya sadələşdirilməsi istiqamətində təşəbbüslər irəli sürülüb. Bəzi rayonlarda bu qərarlar tətbiq olunsa da, bir çox yerlərdə ənənə əvvəlki qaydada davam edir. Bu isə cəmiyyətdə ehsan süfrələrinin dini zərurət, yoxsa zamanla formalaşmış sosial vərdiş olması ilə bağlı müzakirələri daha da aktuallaşdırır. Yas mərasimləri sadələşdirilməli, yoxsa ləğv edilməlidir? Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, bu məsələ uzun illərdir müzakirə olunur: “Hesab edirəm ki, bu məsələnin həlli üçün iki əsas yol var. Birinci yol vətəndaşların bu prosesə şüurlu şəkildə yanaşmasıdır. Bu gün insanların əksəriyyəti yas mərasimlərinin ağır yükə çevrilməsindən şikayət edir, narahatlıqlarını dilə gətirir. Artıq bu məsələnin ciddi şəkildə düşünülməsinə və mərhələli şəkildə həllinə ehtiyac var. İlkin mərhələdə yas mərasimləri sadələşdirilməli, gələcəkdə isə insanların sosial vəziyyəti nəzərə alınaraq bu ənənənin tamamilə aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Çünki bunun dində heç bir əsası yoxdur. İslam dinində ölən şəxsin adına yas süfrəsi verilməsi ilə bağlı tələb yoxdur. Bu, dini deyil, əsrlər ərzində formalaşmış bir ənənədir”. O qeyd edib ki, bu ənənə hazırda cəmiyyətimizdə mövcuddur: “Bu ənənənin aradan qaldırılması və ya yüngülləşdirilməsi üçün cəmiyyətin özünün səfərbər olması, insanların bu prosesə şüurlu şəkildə qoşulması vacibdir. Düşünürəm ki, məsələnin inzibati qaydada həlli narazılıqla qarşılanacaq və istənilən nəticəni verməyəcək. İnzibati üsullar hər zaman effektiv olmur. Biz çalışmalıyıq ki, insanların bu məsələdən əziyyət çəkməsinin qarşısını alaq". İlahiyyatçı Tural İrfan isə qeyd edib ki, ölkədə müəyyən bir qrup bir çox adətləri formalaşdırır, yaxud zərərli ənənələrin qarşısının alınmasına imkan vermir: "Həmin molla təbəqəsi yas mərasimlərində yemək verilməsi ənənəsini də "ehsan" adı altında yayaraq adiləşdirib. Bu gün də həmin adətin davam etməsində maraqlı olduqları üçün onun aradan qaldırılmasına mane olurlar. Halbuki bu, İslamın tələblərinə uyğun deyil. Dində nə yas mərasimində, nə də dəfn zamanı yemək verilməsi ilə bağlı göstəriş mövcuddur. Əksinə, məzarlıqda və yas yerində yemək yeyilməsi məkruh hesab olunur. Dəbdəbəli yas məclisləri və israfçılıq isə İslamın prinsipləri ilə ziddiyyət təşkil edir. Bu ənənənin qarşısının alınması üçün din xadimləri düzgün maarifləndirmə işi aparmalı, aidiyyəti dövlət qurumları da bu prosesə dəstək verməlidirlər. Bir tərəfdən yas süfrələrinin əleyhinə çağırışlar edilir, digər tərəfdən isə bahalı menyular təqdim edən böyük mərasim evləri fəaliyyət göstərir. Belə ziddiyyətli yanaşma ilə istənilən nəticəyə nail olmaq mümkün deyil. Qafqaz Müsəlmanları İdarəsinin yasda yemək verməyin düzgün olmaması barədə fətvası yoxdur. Müvafiq fətva olmalıdır və din xadimləri də buna əməl edib camaatı başa salmalıdırlar ki, daha yasda yemək verməyi yığışdırın. Lakin nəyəsə görə bəziləri üzdə bu məsələyə razı kimi görünüb, altda isə yasda ehsanın təbliğatını aparırlar. Məhz Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olmalıdır ki, yasda ehsan vermək dinimizdə yoxdur. Xüsusən də israfçılıq, dəbdəbə dinimizdə qadağandır. Əksər inanclı adamlar dini məsələlərdə din xadimlərini eşidirlər, onları yaslarına dəvət edib dediklərinə əməl edirlər. Ona görə yaslara dəvət alan din xadimləri yas sahibinə yemək verilməməsini şərt qoya bilər. Yaxud yasda növbəti məclis üçün yeməyin olmaması üçün təşəbbüsdə buluna bilər. Amma çoxu bunu etmir. Xarici təsirdə olan, özlərini din bilgini kimi cəmiyyətə təqdim edən bəzi şəxslər də ümumilikdə bu kimi məsələlərin əksinə çıxış edir, ehsanı təbliğ edirlər. Çünki belə məclislərdə münbit şərait tapıb sətiraltı da olsa camaata öz niyyətlərini çatdırırlar" O qeyd edib ki xüsusi "ehsan mafiyası" mövcuddur: "Bu sahədə fəaliyyət göstərən mərasim evləri yüksək qiymətli menyular təqdim edir və bundan ciddi gəlir əldə edirlər. Bu gün Bakıda fəaliyyət göstərən əksər mərasim evlərində, şadlıq saraylarında olduğu kimi, müxtəlif qiymətlərdə menyular təklif olunur. Bu məsələnin aradan qaldırılması üçün ilk növbədə Qafqaz Müsəlmanları İdarəsi dini mövqeyini ortaya qoymalı və fətva verməlidir. Əgər dini məsələdirsə, bununla bağlı mövqeni də məhz dini qurum bildirməlidir. Digər dövlət qurumlarının səlahiyyətinə aid olmayan məsələlər onların üzərinə qoyulmamalıdır. Təəssüf ki, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti sanki yalnız Məhərrəm ayının başlanğıcı ilə bağlı fətva verməklə məhdudlaşır. Halbuki cəmiyyət üçün aktual olan belə mövzularda da aydın dini mövqe ortaya qoyulmalıdır. Əgər doğrudan da dində ölünün 7-si, 40-ı və ya cümə axşamları adı ilə yas mərasimlərinin keçirilməsi nəzərdə tutulmayıbsa, bunu Quran və hədislərə əsaslanaraq fətva ilə açıqlasınlar. Həmçinin yas mərasimlərində ehsan süfrələrinin təşkilinin dini baxımdan doğru olmadığını da rəsmi şəkildə bəyan etsinlər. Bundan sonra din xadimləri də həmin fətvaları əsas götürərək bu mövzuda ardıcıl təbliğat və maarifləndirmə işi aparmalı, cəmiyyətdə düzgün dini anlayışın formalaşmasına töhfə verməlidirlər”. İlahiyyatçı Elşad Miri də bildirib ki, yas mərasimində ehsan süfrəsinin verilməsinin İslamla əlaqəsi yoxdur: "İslam dininin əsas mənbəyi Qurandır və Quranda nə dəfn qaydaları ilə bağlı "sağ tərəfə basdırın", "sol tərəfə basdırın", "üzü qibləyə basdırın" kimi göstərişlər, nə də yas məclislərində ehsan süfrəsi verilməsinin vacibliyinə dair hökm yer almır. Bu məsələlər zamanla ənənə və adət kimi formalaşıb, sonradan dini ənənə kimi qəbul edilməyə başlayıb. Bəzi bölgələrdə yas mərasimlərində ehsan süfrələrinin ləğvi istiqamətində addımlar atılıb. Məsələn, Naxçıvanda bu təcrübə daha əvvəl tətbiq olunub və bir çoxları tərəfindən müsbət qarşılanıb. Hesab edirəm ki, rayonlarda ehsan süfrələrinin mərhələli şəkildə aradan qaldırılması müsbət addımdır. Ancaq bu yanaşma hər yerdə eyni şəkildə tətbiq olunmalıdır. Əgər məqsəd bu ənənəni aradan qaldırmaqdırsa, o zaman Təzəpir və Heydər məscidinin ehsan zallarında da bu praktika dayandırılmalıdır. Belə olarsa, bu addım cəmiyyət üçün vahid və ardıcıl nümunə olar”. Geri qayıt |