Əsas Səhifə > Ana xəbər / Güney Press > "Atlant"a həbs qoyuldu: 171 ailənin milyonlarının taleyi gündəmdə

"Atlant"a həbs qoyuldu: 171 ailənin milyonlarının taleyi gündəmdə


Dünən, 17:05

171 ailənin 14 milyon manatdan artıq vəsaitinin taleyi ilə bağlı illərdir davam edən qalmaqalda yeni və gözlənilməz inkişaf yaşanıb.

"Real Azərbaycan" xəbər verir ki, "Atlant işi" üzrə keçirilməsi planlaşdırılan məhkəmə prosesi təxirə salınıb. Buna səbəb zərərçəkmişlərin Baş Prokurorluğa ünvanladıqları müraciət olub. Onlar istintaqın yenilənməsini, "Atlant" Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun məsuliyyətə cəlb edilməsini və araşdırmanın genişləndirilməsini tələb edirlər. İş materiallarına görə, istintaq dövründə "Atlant" Ailəvi İstirahət Mərkəzinin üzərinə həbs qoyulub.

Təqsirləndirilən Nofəl Hacıyev isə ifadəsində vətəndaşlardan toplanan vəsaitin əhəmiyyətli hissəsinin həmin istirahət mərkəzinin tikintisi və genişləndirilməsinə yönəldildiyini bildirib. Zərərçəkənlər hesab edirlər ki, milyonlarla manatın taleyinə məhz bu obyekt üzərindən aydınlıq gətirilməlidir.

Onların əsas tələbi həbs qoyulmuş əmlakın qanunvericiliyə uyğun şəkildə hərraca çıxarılması və əldə olunacaq vəsait hesabına zərərin ödənilməsidir. Hazırda cinayət işi üzrə məhkəmə qarşısında Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev dayanır.

İttihama əsasən, 171 vətəndaşa 14 milyon manatdan artıq ziyan vurulub və mənzillər alıcılara təqdim edilməyib. İş üzrə yekun məhkəmə qərarı hələ verilməyib və səsləndirilən iddialar məhkəmə tərəfindən yekun hüquqi qiymətini almayıb


Geri qayıt